Səhiyyədə anlaşılmaz durum: “Yeni dəyişiklik ciddi problemlər yaradacaq”
26-10-2016, 22:53
"Səhiyyə Nazirliyinin məlumatı ilə Nazirlər Kabinetinin verdiyi qərar arasında uyğunsuzluq var”. Bunu BakıPost-a tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, xəstəxanaların hüquqi şəxsə çevrilməsi əslində, daha çox özəl xidmətin yaradılması anlamına gəlir: "Əgər bu baş verərsə, əhalinin indiki durumunda problemlər yarada bilər. Hər halda biz məsələyə tam aydınlıq gətirmək üçün məsələnin gedişinə baxmalıyıq. Amma əgər ödənişli xidmət olacaqsa, dövlət xəstəxanalarında bu, arzuolunan məsələ deyil. Biz bunu əvvəlki nazirin dövründə yaşamışıq. Yəni özəl təsərrüfat hesablı xidmətin olmasınin heç də yaxşı nəticələri olmayıb”.
Ekspert hesab edir ki, hazırki vəziyyətdə əhalinin sosial müdafiəsini artırmaq üçün inzibati tibb sığorta paketini təcili həll etmək lazımdır: "İngiltərə kimi bir ölkədə dövlət xəstəxanaları 95 faiz təşkil edir. Hesab edirəm ki, Azərbaycanda da indiki durumda dövlət xəstəxanalarını maksimum şəkildə hökumətin hesabında saxlamaq lazımdır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişikliyə əsasən, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
Səhiyyə Nazirliyindən isə bildirib ki, tibb müəssisələri edilən dəyişiklər əsasında nizamnamə əsasında fəaliyyət göstərəcək: "Xəstəxanalar əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdi. Amma bundan sonra nizamnamə əsasında fəaliyyət göstərəcək. Başqa heç bir dəyişiklik olmayacaq”. Nazirlik həmçinin dövlət xəstəxanalarının pullu olmayacağını bildirib:"Hazırda bu məsələ gündəmdə deyil. Dəyişiklərə görə, bələdiyyələr də istəsə xəstəxana yarada bilərlər. O zaman həmin xəstəxanalar pullu olacaq”.