“Eldar Mahmudovun işdən çıxarılmasını İsrail kəşfiyyatına bağlamaq...” - Açıqlama
19-10-2015, 20:33
Hazırda Azərbaycan mətbuatı və cəmiyyətinin əsas gündəmində olan məsələlərindən biri milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasıdır. Onun qəflətən işdən çıxarılması ilə bağlı kifayət qədər iddia, ittiham və mülahizələr var.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədovun E.Mahmudovun nazir postundan azad olunması ilə bağlı sosial şəbəkələrdə paylaşdığı statusda kifayət qədər diqqətçəkən məqamlar var.
“Üsyançı səfir” MTN-nin sabiq rəhbərinin İsrailin xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğunu iddia edib: “Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və qurumsal (təşkilatı vasitəsi ilə) münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi. Məhz Moskvadan prezidentə Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər”.
Arif Məmmədov iddia edir ki, belə bir fiqurunu itirmək İsrail xüsusi xidmət orqanlarını narahat edəcək və onlar buna görə çox sərt cavab verəcəklər. A.Məmmədov cavabın nələrdən ibarət ola biləcəyini açıqlamayıb.
Keçmiş səfirin bu açıqlamaları ciddi narahatlıq doğurub. Azərbaycan xüsusi xidmət orqanlarının İsrail xüsusi xidmət orqanlarının təsiri altında olması ilə bağlı səslənən iddialar artıb.
A.Məmmədovun statusunda əsas diqqətçəkən məqamlardan biri də E.Mahmudovun azad edilməsini İsraillə əlaqələrinin olması ilə bağlamasıdır.
Politoloq Qabil Hüseynli Azərbaycan və İsrail xüsusi xidmət orqanları arasında əməkdaşlığın olması barədə fikirləri təsdiqlədi: “Azərbaycan MTN-ni ilə İsrailin xüsusi kəşfiyyat orqanları arasında birgə əməkdaşlıq, xüsusilə, terrorizmə qarşı mübarizədə işbirliyi var idi. Hətta Azərbaycanda “Eurovision” yarışması zamanı “Hizibullah”ın üç nəfər terror törətmək istəyən üzvünün üzə çıxarılmasında lazım olan məlumatları məhz İsrail kəşfiyyatı Milli Təhlükəsizlik Nazirliyinə ötürmüşdü. Azərbaycan-İsrail münasibətləri normal səviyyədədir. İsrailin müəyyən nazirlikləri ilə Azərbaycanın nazirlikləri arasında əlaqələr var. Amma Azərbaycan və İsrail xüsusi xidmət orqanları arasındakı əlaqələr elə də böyük sahəni əhatə etmir. Sırf terrorizmə qarşı mübarizə cəhdləri ilə məhdudlaşır. Bir-birinə hər iki ölkənin dövlətçiliyi üçün əhəmiyyətli olan məlumatların ötürülməsi ilə məhdudlaşır”.
Politoloq E.Mahmudovun işdən çıxarılmasının İsraillə olan əlaqələrlə bağlı olmadığı qənaətindədir: “Eldar Mahmudovun işdən çıxarılmasını İsrail xüsusi xidmət orqanlarına bağlamaq, məncə, həqiqəti çaşdırmaqdır. İstinsa etmirəm ki, bu əməkdaşlıq Rusiyanın xoşuna gəlməyə bilər. Amma bu, nazirin işdən çıxarılması üçün əsas ola bilməz. Bu gün də Ermənistanla bağlı məlumatların bizə ötürülməsində İsraillə əməkdaşlığımız davam edir. Məsələnin kökü tamam başqa məsələlərlə bağlıdır. Ölkə prezidentinin götürdüyü yeni siyasi kursla bağlıdır. Bu kurs idarəetmənin təkmilləşdirilməsi ilə əlaqəlidir. Bunun mərkəzində dayanan əsas məqsəd rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələsidir. Bir ölkənin xüsusi kəşfiyyat orqanları, bu orqanın içərisindəki şəxslər bank əməliyyatlarında qeyri-qanuni yollarla iştirak edirlərsə, həmin nazirliyin yüksək çinli məmurları torpaq alveri, yaxud bina tikib-satmaq, böyük obyektləri tikib, icarəyə vermək, bəlli orqanlardan rüşvət götürmək işi ilə məşğuldurlarsa, o zaman bu qurumun işçilərinin peşəkarlığına, onların apardıqları işə etibar etmək olmaz. Eldar Mahmudovun işdən çıxarılmasının əsas səbəbi prezidentin planlaşdırdığı işlərlə qırılmaz sürətdə bağlıdır”.