2 namizəd Adil Əliyevin xeyrinə geri çəkildi
19-10-2015, 20:37
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən deputatlığa namizəd Adil Əliyevin xeyrinə iki nəfər namizədliyini geri götürüb. Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, bunlar Nuriyev Arif Mazan oğlu və Allahverdiyev Rauf İlyas oğludur.
Arif Nuriyev açıqlamasında bildirib ki, 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən öz namizədliyini Adil Əliyevin xeyrinə geri götürüb: “Düşünürəm ki, millət vəkilliyinə daha güclü olan və seçicilərin istəklərinə cavab verə biləcək biri layiq görülməlidir. O namizəd ki, istər siyasi arenada, istərsə də beynəlxalq arenada bizləri layiqincə təmsil edə bilsin. Bu sahədə böyük təcrübəyə malik insan isə məhz Adil Əliyevdir. O, illərdir bu dairənin depuatatıdır və daim seçiciləri ilə sıx təmasdadır. Mən özüm dəfələrlə şahidi olmuşam ki, onun qərargahının qapısı günün 24 saatı vətəndaşların üzünə açıq olub. Bu və ya digər məsələləri düşünürək bu gün öz istəyimlə namizədliyimi Adil Əliyevin xeyrinə götürürəm. Bütün seçicilərdən də tək istəyim odur ki, Adil Əliyevə səs versinlər. Allah Adil Əliyevin yolunu açıq etsin”.
Rauf Allahverdiyev isə öz növbəsində bildirib ki, Adil Əliyevlə illərdir tanışdır: “Hesab edirəm ki, Adil Əliyev millət vəkili adına layiqdir. O, hər zaman seçicilərinin dərdinə şərik olur, onların problemlərinin həllinə çalışır. Ona görə də namizədliyimi Adil Əliyevin xeyrinə geri götürürəm. Seçiciləri, o cümlədən də tərəfdarlarımı Adil Əliyevə səs verməyə çağırıram”.