AXCP-nin möhürünü kim alacaq?
20-10-2015, 11:42
Bir müddət öncə AXCP-dəki avtoritar rejimin təzyiqlərinə məruz qalaraq partiyadan qovulan və AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaradan Razi Nurullayev və komandası planlaşdırdığı qurultayı keçirməyə nail oldu. Belə ki, təşkilat oktyabrın 18-də qurultayı təşkil etdi və R.Nurullayev 165 səslə sədr seçildi. Maraq üçün qeyd edək ki, qurultayda 212 nümayəndə iştirak edib. Onların əksəriyyətinin ya Əli Kərimlinin sədrliyinə qarşı olan, ya da onun tərəfindən partiyadan qovulan şəxslər olduğu şübhəsizdir. Tədbir zamanı üzünü həmin iştirakçılara tutan R.Nurullayev deyib ki, AXCP üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Bunun birbaşa günahkarı isə Ə.Kərimlidir: “Əgər bir lider söz verirsə, nəticə göstərməklə bağlı öhdəlik götürürsə, nəticə göstərməlidir. Əgər nəticə yoxdursa, kənara çəkilməlidir. Biz istədik ki, Elçibəyin yaratdığı AXC-ni bərpa edək. Əbülfəz Elçibəyin, Məmməd Əmin Rəsulzadənin ideyaları əsasında yenidən formalaşdıraq. Xalqla bir olaq, xalqdan həyatımızı fərqləndirməyək. Biz bunu istəyirik, bunun üçün yarandıq. Bizi günahlandırırlar ki, hakimiyyət yönlüyük. Deyirlər ki, hakimiyyəti sərt tənqid etmirik, üzərinə çox getmirik və s. Biz müxalifətik. Sadəcə, söyüş söymürük və mübarizəni qanun çərçivəsində aparacağıq. Azərbaycana normal mədəni siyasət gətirmək iqtidarında olan müxalifət bizik”.
R.Nurullayevin fikrincə, özünə müxalifət deyən liderlər zamanında buna nail ola bilərdilər: “Amma onlar öz kreslolarını düşündülər, heç bir danışığa getmədilər və nüfuzlarını məhv etdilər. Əli Kərimlinin xalqa vəd etdiyi qəhrəmanlıq formulu bilirsinizmi nədir? Hökuməti, bizi, onu tənqid edənləri təhqir etmək. Biz onu təhqir etmədik, onun siyasətini tənqid etdik, onlar isə bizə söyüş söydülər, hətta analarımıza belə söyüş söyməkdən çəkinmədilər. Onların bir çoxu Əli Kərimli ilə çiyin-çiyinə dayanan insanlardır. Bu gün də bu siyasət davam edir. Belə sistem yaradılıb ki, hər cümlənin başında iqtidarın adını çəkmək qəhrəmanlıq sayılır. Amma bu, qəhrəmanlıq deyil. Belə hal insanlarda ikrah hissi yaradır. Mən bu cür yalançı qəhrəmanlıq istəmirəm. Onlar zorla insanları polislə qarşıdurmaya göndərir. Gənclər ömrünün 7-8 ilini həbsdə çürüdür, valideynlər həbsxana qarşısında boynu bükük dayanırlar. Budurmu sizin siyasət? Biz buna getməyəcəyik”.
AXCP EQTK-nın üzvü Rafail Becanov isə çıxışında vurğulayıb ki, Ə.Kərimli AXCP-nin legitim sədri deyil və fikirlərini faktlarla əsaslandırıb: “2001-ci ildə Əli Kərimli etiraf etdi ki, mən “Yurd”am, artıq AXCP-ni idarə etmirdi. İndi bu məsələ yenə davam edir. 2000-ci ildə AXCP parçalandı, 70 faiz onun yanında qalmadı. Daha sonra qurultay keçirdi, 40-dan çox rayon şöbəsindən ancaq 27 təşkilat onun yanında qaldı. Sonra məlum oldu ki, bu məsələdə də təzyiqlər göstərib”.
Daha sonra gizli səsvermə yolu ilə sədr seçilən R.Nurullayev onları böyük çətinliklərin gözlədiyini açıqlayıb: “Elçibəyin istədiyi AXCP budur. Biz bunu qurduq və bərpa etdik. Bunun sonunda AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: əsl AXCP burdadır. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar. Biz bu gün demokratik seçki keçirməklə yeni tarix yazdıq. Hər biriniz, zaman gələcək bu şərəfli tarixi yazdığınıza görə fəxr, qürur duyacaqsınız. Bu andan etibarən bununla fəxr etməyinizi istəyirəm”.
Xatırladaq ki, Ə.Kərimli də bir müddət öncə AXCP-nin qurultayını keçirmiş və demək olar ki, yekdilliklə sədr seçilmişdi – özü də açıq səsvermə ilə. Bəzi ekspertlərin fikrincə, Ə.Kərimlinin belə addım atmasının əsas səbəbi partiya üzvlərinin onu tərk edəcəyindən qorxmasıdır. Cəbhəçilərin onu kütləvi şəkildə tərk etmədiyi, hətta yekdilliklə dəstəklədiyi görüntüsü yaratmaq üçün tənqidləri belə göz ardına alaraq səsverməni açıq keçirdi. Ona alternativ namizəd olan Sahib Kərimli də çıxışı zamanı onun açıq-aşkar diktator olduğunu söylədi. Bildirdi ki, partiya üzvləri qorxudan və söz aparıb-gətirənlərdən ehtiyat edərək ona səs verirlər. Ə.Kərimliyə qarşı çıxanların aqibəti, onların dərhal satqın, xain adlandırılaraq partiyadan qovulduğu, biabırçı təhqirlərə məruz qaldığı isə hamıya məlumdur. Gözlənilənlərin əksi baş vermədi və açıq səsvermə keçirilməsi qurultayın diktatura şousu hesab olunmasına, biabırçılıq adlandırılmasına səbəb oldu. R.Nurullayev bu məqamın da qaydalara zidd olduğunu əsas gətirərək onların qeyri-legitim fəaliyyət göstərdiklərini açıqlamışdı. Onun fikrincə, qurultayın təşkil olunması belə, qanunazidd formada edilib.
Hazırda AXCP adı ilə fəaliyyət göstərən hər iki qanad bu partiyanın adına iddialıdır. Üstəgəl, hər iki təşkilat bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edib və qanadların ikisi də partiya möhürünün onlara verilməsini istəyir. Bu məqamla bağlı isə son qərarı nazirlik verəcək və o zaman kimin əsil AXCP olduğu məlum olacaq. İndilik isə onu deyə bilərik ki, özlərini ana müxalifət kimi təqdim etməyə çalışan Ə. Kərimli AXCP-si faktiki olaraq normal fəaliyyət qura bilmədi və əsas “gördüyü iş” bir-biri ilə didişmək oldu. Hazırda partiya rəsmən 2 yerə bölünüb. Bir qanada yenə də Əli Kərimli nəzarət etsə də, onun şansları elə də yüksək qiymətləndirilmir. Onun rəhbərliyinin üzvləri bezdirdiyi, ona görə də əksəriyyətin ondan uzaqlaşdığı göz önündədir. Faktiki olaraq, digər təşkilatda toplaşan Ə.Kərimlidən narazı qalanlar və onun qovduğu şəxslər daha iddialı çıxışlar edərək AXCP möhürünün onlara veriləcəyinə əminlik ifadə edirlər. Bunun üçün isə kifayət qədər əsasları var və qarşı tərəfin qeyri-legitim fəaliyyətini ifşa edə bilirlər. Belə vəziyyətin getdikcə daha da pisləşəcəyi şübhə doğurmur. Onların bir-birini gözdən salmaq və partiya adına yiyələnmək üçün müxtəlif üsullara əl atacaqları da istisna edilmir. Bizə isə yekunda kimin AXCP elan olunacağını gözləmək qalır.