Azərbaycan Ermənistanın ballistik raketlərini tam neytrallaşdırıb - Erməni analitik
21-10-2015, 13:34
Ermənistan gizlicə Dağlıq Qarabağda “Skad B” ballistik raketlərini yerləşdirərək Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə Azərbaycanın neft infrastrukturunu hədəf almağı planlaşdırırdı.
Lakin hazırda Azərbaycanın malik olduğu S-300 PMU “Favorit” zenit-raket sistemləri ölkənin əsas neft infrastrukturunu istənilən hava və raket hücumundan tam müdafiə edərək Ermənistanın ballistik raket təhdidlərini neytrallaşdırır.
Virtualaz.org saytı xəbər verir ki, bu qənaətlə Avstraliyada mənzillənmiş erməni analitik, Holokostu və “Soyqırımı” Araşdırma İnstitutunun təhqiqatçısı Masis İngilisyan bellingcat.com bloqunda çıxış edib.
Erməni ekspert hərbi və təhlükəsizlik tematikası üzrə ixtisaslaşmış İMİNT Analysis mərkəzinin rəhbəri, həmin bloqun aparıcı Şon Konnerin təqdim etdiyi məlumatlara əsasən bildirir ki, Azərbaycanın S-300 raketləri strateji obyektlərin hava-raket hücumundan etibarlı şəkildə müdafiəsini təmin etmək üçün döyüş mövqeyində dayanıblar.
İMİNT Analysis 2012-ci ilin sonlarında Google Earth proqramının köməyi ilə Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi “Skad B” ballistik raketlərinin fotolarını çəkərək yaymışdı. Həmin raketlərin 300 kilometr uçuş radiusu var və Ermənistan bu raketləri gizlicə Qarabağda yerləşdirməklə Bakının neft infrastrukturunu hədəf almağa çalışırdı.
Mərkəz açıq mənbələrdən toplanan məlumatlara əsasən bildirir ki, Ermənistanın 8 atış qurğusu və 24 belə raketi var. Lakin bu atış qurğularından eyni vaxtda 8 raketin buraxılması belə Azərbaycanın S-300 PMU “Favorit” zenit-raket sistemlərinin müdafiəsini yarıb keçməyə imkan vermir. Çünki bu zenit-raket sistemləri eyni vaxtda 12 raket buraxmaq imkanındadır və Ermənistanın istənilən ballistik təhdidini neytrallaşdırmağa imkan verir.
“Azərbaycan Ermənistana və cənub qonşusu İrana qarşı mürəkkəb Hava Hücumundan Müdafiə sistemi qurub, bu sistem istənilən potensial təhdidin qarşısını almağa imkan verir. Ermənistan Azərbaycanın daha böyük hərbi təhdidinə qarşı ona ani üstünlük verə biləcək kartı oynamaq istəyirdi.
Lakin Azərbaycan hazırda regionun əsas oyunçusu kimi kifayət qədər möhkəmlənib, həm də təkcə hərbi planda deyil, geosiyasi planda mövqelərini möhkəmləndirib. Bu, Azərbaycanın müxtəlif tipli istənilən mürəkkəb hava hədəflərini vurmağa imkan verən havadan müdafiə sistemi sayəsində baş verib”- deyə Cənubi Qafqaz, İran və Rusiya araşdırmaları üzrə ixtisaslaşmış Masis İngilisyan bildirir.