Taxıl asılılığımız artır: Çörək tələbatı, yoxsa? - TƏHLİL

24-05-2019, 09:22           
Taxıl asılılığımız artır: Çörək tələbatı, yoxsa? - TƏHLİL
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 117 milyon ABŞ dolları dəyərində 518 min 704 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 46 milyon 109 min dollar (65 faiz), həcm baxımından isə 111 min 862 ton (27,5 faiz) çoxdur. Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6 faizini təşkil edib.

İqtisadçı-ekspert Vüsalə Əhmədova buğda idxalında artımın səbəblərini “Cümhuriyət” qəzetinə şərh edib. O hesab edir ki, idxal istehlakın hesabına arta bilməz:

“Dövlət Gömrük Komitəsinin məlumatlarına əsaslansaq, ilin birinci rübündə ölkəyə 117 milyon 79,98 min ABŞ dolları dəyərində buğda idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70 milyon 971,29 min ABŞ dolları (65 faiz) çoxdur. İdxalın həcminə nəzər yetirsək, 4 ayda ölkəyə 518 min 704,31 ton buğda gətirilib ki, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 406 min 842,41 ton (27,5 faiz) çoxdur. Kənd Təsərrüfatı Nazirliyi hər il taxıla olan tələbatın yerli istehsal hesabına ödəniləcəyini vəd etsə də, reallıq tam əksini göstərir. Taxıl idxalında ildən-ilə artım müşahidə edirik. Azərbaycan əhalisinin illik ərzaq buğdasına olan tələbatı, təxminən 1,7 milyon tondur. Hesab edirəm ki, istehlakın artmasından söhbət gedə bilməz. Əsas məsələ buğdanın keyfiyyətindədir. Azərbaycanda becərilən taxıl çörək istehsalı üçün nə dərəcədə yararlıdır? Məlumdur ki, ölkənin iri un istehsalçıları, dəyirmanlar daha çox idxal taxılına üstünlük verirlər. Dövlət Taxıl Fondu da əsasən idxal məhsuluna üstünlük verir. Belə ki, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsinə görə, Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda alınır. Bu da dolayısıyla yerli istehsalın keyfiyyət göstəricilərinin aşağı olmasından xəbər verir. Görünən o ki, fermerlərimizin əkdiyi taxıl yalnız heyvan yeminə yararlıdır. Əsasən də, şoranlaşmış ərazilərdə yetişdirilən buğdanın keyfiyyət göstəriciləri normativlərə uyğun gəlmir. Bundan əlavə, xəstəlik və zərərvericilər, toxumluq buğdanın keyfiyyətinin aşağı olması, gübrə, texnika və anbar çatışmazlığı, suvarma suyu təminatında yaranan problemlər istehsalın aşağı düşməsinə səbəb olur. Primitiv istehsal forması ilə isə uzağa getmək mümkün deyil. Ölkəmizin taxıl istehsalını iqtisadi cəhətdən də effektli hesab etmək olmaz. Üzvi gübrə çatışmazlığı səbəbindən torpaqlar ilbəil öz münbitliyini itirir. Buna görə də ölkədə istehsal olunan məhsulun maya dəyəri yüksək, rentabelliyi isə aşağı olur. O cümlədən, dünya bazarlarında taxılın qiyməti ucuzlaşdıqda da bəzi un istehsalçıları idxal taxılı ilə işləməyi komersiya baxımından daha sərfəli hesab edirlər”.

Ekspert onu da qeyd edib ki, ərzaq təhlükəsizliyi baxımından taxılçılıq ən strateji sahə hesab olunur: ““The Economist Intelligence Unit” beynəlxalq təşkilatının ərzaq təhlükəsizliyinə dair illik hesabatında Azərbaycan dünyanın 109 ölkəsi arasında 62-ci yeri tutur.

Ölkənin ərzaq buğdasına olan tələbatı tam olaraq yerli istehsal hesabına ödənməlidir. Amma ölkəmiz ərzaq buğdasına olan tələbatı Qazaxıstan və Rusiya hesabına ödəyir. 2015-ci ilin dünya üzrə taxıl ixrac rəqəmlərinə nəzər salsaq, Türkiyənin dünya rekorduna imza atdığını görərik. Əlavə dəyəri yüksək olduğu üçün 2003-cü ildən etibarən, bu ölkənin un ixracatının da inanılmaz şəkildə yüksəldiyini görmək olar. Tədqiqatlar nəticəsində istehsalına başlanılan diabetik unun ixracında da ölkə böyük irəliləyiş əldə edib. Düşünürəm ki, yeni buğda növləri təkmilləşdirilməli, yetişdirmə metodlarındakı yeniliklər tətbiq olunmalı, əkin zamanı rotasiya prinsiplərinə əməl edilməli, istehsalçılara güzəştli qiymətlərlə gübrə və mazut verilməli, buğda keyfiyyət parametrlərinə görə alınaraq qaydalara müvafiq saxlanmalı, istehsalçı kooperativləri yaradılmalı, idxala yönəlmək əvəzinə istehsalla məşğul olan kiçikmiqyaslı ailə müəssisələri dəstəklənməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.