KOÇARYAN PAŞİNYANIN TƏLƏSİNDƏN QURTULUR –Onun yenidən həbsə atılması mümkünsüz hala gəlir - TƏHLİL
25-05-2019, 00:20
Sarqis Artsruni
“1in.am”, Ermənistan, 23 may 2019-cu il
Ermənistanın ikinci prezidentinin vəkili Aram Orbelyan “Azadlıq” radiosuna verdiyi müsahibədə “Baş Prokurorluq Robert Koçaryanın işinin dayandırılması və onun Konstitusiya Məhkəməsinə göndərilməsi haqqında məhkəmənin verdiyi qərardan apelyasiya qaydasında şikayət edə bilər, lakin Apelyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin işi Konstitusiya Məhkəməsinə göndərməsi haqqındakı qərarının həqiqətən əsaslı olub-olmamasını qiymətləndirmək səlahiyyəti yoxdur” deyərək, şikayət ediləcəyi təqdirdə, Apelyasiya Məhkəməsinin işi icraata qəbul etməyəcəyini və ya qəbul ediləcəyi halda, imtina edəcəyini ifadə edib.
Bu halda, Apelyasiya Məhkəməsi, məntiqə əsasən, yalnız onu aydınlaşdırmalıdır ki, birinci instansiya məhkəməsi işi həqiqətən Konstitusiya Məhkəməsinə göndərib, ya yox.
Yeri gəlmişkən, eyni şərh Robert Koçaryanın barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında verilən qərardan mümkün apelyasiya şikayətinə də aiddir. Bu şikayətə, faktiki olaraq, baxılmayacaq.
Orbelyanın şərhi hüquqi müstəvidə, ola bilsin ki, həqiqətən doğrudur, lakin vəkil qeyri-ixtiyari olaraq birinci instansiya məhkəməsinin işi dayandırmasının və təcili Konstitusiya Məhkəməsinə göndərməsinin səbəbini – sxemini açıb. İş ondadır ki, məhkəmə işə baxışı qeyri-müəyyən müddətə dayandırmaqla Robert Koçaryan və digərlərinin işini, mahiyyətcə, dalana dirəyib.
İzin verin, məsələnin hüquqi tərəfi ilə bu sahənin mütəxəssisləri məşğul olsunlar, bizi daha çox siyasi kontekst maraqlandırır.
Robert Koçaryanın cinayət məsuliyyətinə cəlb edilməsilə bağlı geniş ictimai konsensus mövcuddur. Bu halda, məhkəmə özünü, – təbii, öz təşəbbüsü ilə deyil, – məhz ictimai rəyə qarşı qoydu. Təsadüfi deyil ki, mən əvvəlki məqalələrimdə məhkəmə sistemi vasitəsilə təşkil edilmiş, hətta xarici faydalananları olan sui-qəsd proqramına malik çevrilişlə qarşı-qarşıya olduğumuzu təkid edirdim. Başqa sözlə, qansız 27 Oktyabr ssenarisi (27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində həyata keçirilən terror aktı nəzərdə tutulur – tərc.) işə salınıb.
Maskalanmış çevriliş ssenarisinin məqsədi başlanmış işi sona çatdırmaqdır. Müəllifləri ssenariyə qibtəediləcək ardıcıllıqla sadiqdirlər.
Cəmiyyətin gözləntilərinin əksinə, Koçaryanın azadlıqda olması, – hətta Baş nazir məhkəmə binalarının blokadası əməliyyatı vasitəsilə duruma görə real məsuliyyət daşıyanların kim olduğunu göstərməyə cəhd etsə də, – Nikol Paşinyanın reytinqinə birbaşa təsir edir.
Nikol Paşinyanın bu emosional addımı ona və siyasi hakimiyyətə heç bir dividend gətirmədi. Çünki nəticədə cəmiyyətdə o fikir daha da möhkəmlənir ki, Ermənistanda möhkəm hakimiyyət yoxdur, başqa sözlə, köhnə sistemin bərpa olunması ehtimalı yüksəkdir. İstənilən halda, bazar ertəsi keçirilən küçə aksiyası yalnız hakimiyyətin gücsüzlüyünü nümayiş etdirdi və demək olar ki, Koçaryanın işini legitimsizləşdirdi. Bu da məhz ikinci prezidentin maraqlarına uyğundur.
Təəssüf ki, rəhbərlik bu həqiqəti dərk etmədi və hakimiyyətin bütün leqal resurslarının reallaşdırılması və böhranın siyasi və hüquqi qərarlarla dəf edilməsi və ya çevrilişin sui-qəsd proqramının ləğv edilməsi məqsədilə, necə deyərlər, “barrikada məntiqi” ilə addımlar atmağa davam edir. Məsələn, Paşinyanın komandası, necə deyərlər, “vətəndaş toqquşmaları” risklərini ciddi hesaba qatmayıb. Xarici mərkəzdə işlənib hazırlanmış “toqquşma” ssenarilərinin fəaliyyətdə olan iştirakçısı, əslində isə, hədəf olmağa deyil, “ruhla” sistem islahatlarının həyata keçirilməsinə, rəqabətli siyasi sistemin yaradılmasına getmək lazımdır. Dövlət institutlarını nüfuzdan salan daxili siyasi qarşıdurmalar, antaqonizm yalnız Koçaryanı yenidən həbs edilməkdən sığortalaya biləcək deyil, həm də onu ikinci qütbün faktiki lideri edə biləcək yeganə mümkün vasitələrdir. Hakimiyyət komandası bu həqiqəti dərk etmədikcə, yalnız məhkəmə-hüquq islahatlarının effektivliyi deyil, ölkənin siyasi sabitliyi də şübhə altına alınmış olacaqdır.
Yeri gəlmişkən, Koçaryan komandasının aktiv üzvü olan vəkil Aram Orbelyanın, sözün birbaşa mənasında, “xaç atası” Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyandır. O, mümkün çevriliş proqramının məntiqinə uyğun olaraq, növbəti mərhələdə Koçaryanın “siyasi reanimasiya”sı ilə bağlı “müqəddəs missiya”nı öz üzərinə götürəcək. Əlbəttə, böyük mənada sui-qəsdin “xaç atası” Tovmasyan, hətta Koçaryan deyil, onlar məlum xarici mərkəzin erməni inqilabının zəif və dəyişkən sisteminə hücum etmək üçün istifadə etdiyi alətlərdir.
Tərcümə Strateq.az-ındır