Spirtli içkilərin kartla satışı effektlidirmi? - TƏHLİL
6-01-2016, 11:48
Ölkədə əhali tərəfindən alış-verişin qeyri-nağd vasitələrlə həyata keçirilməsi vərdişinin yaranması və genişləndirilməsi üçün hökumətin hələ neçə illər öncədən təbliğat apardığı, eyni zamanda bu sahədə müvafiq zəruri infrastrukturun təşkili məqsədilə mühüm addımlar atıldığı məlum məsələdir.
Dövlət başçısı da müxtəlif vaxtlarda çıxışlarında bu məsələyə toxunaraq, büdcə təşkilatlarında maaşların əksəriyyətinin və pensiyaların plastik kartlarla verildiyini qeyd etmiş, buna rəğmən isə məsələn, pensiyaçıların pensiyalarını dərhal gedib terminaldan çıxartmalarının mənfi hal olduğunu vurğulamışdı. “Nəyə görə? Çünki bu, birinci növbədə psixoloji bir məsələdir. Buna bir növ öyrəşmək lazımdır”,– deyə dövlət başçısı hələ 3-4 il öncə əlavə etmişdi.
Bu mənada, 1 yanvar 2016-cı il tarixdən spirtli içki satışında tətbiqinə başlanılan yeniliyin də nə məqsəd daşıdığı aydındır. Ancaq bunun kifayət qədər düşünülməmiş addım olduğunu qeyd edənlər var. Belə ki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişikliyə əsasən alkoqollu içkilərin plastik kart olmadan satışına görə, cərimə və cinayət məsuliyyətinin nəzərdə tutulması vergidən yayınma hallarının qarşını almaq məqsədilə strateji baxımdan müsbət addım xarakteri daşısa da, bunu dəyəri bilavasitə 50 manatdan aşağı deyil, yuxarı olan mallar üçün tədbiq etməyin daha məqsədəuyğun ola biləcəyi söylənilir.
Çünki yanvarın 1-i səhər saatlarından bütün ərzaq mağazalarında alkoqollu içkilərin rəflərdən yığışdırıldığı, bəzi yerlərdə isə onların yerinə başqa malların yerləşdirildiyi kimi hallar baş verib. Xırda ərzaq dükanlarında isə alkoqollu içkilərin satışı adi qaydada aparılsa da, onların da bir çoxu sonradan yığışdırılmağa başlanıb. Belə ki, spirtli içkilərin xeyli hissəsinin topdansatış məntəqələrinə və distribütor firmalarına geri qaytarılacağı qeyd edilib ki, xırda mağazalarda Pos-terminalların olmadığı və plastik kartla alış-veriş aparılmadığı deyilib.
Bəs, əslində vəziyyət necədir?
Vergilər nazirinin nümayəndəsi aksiz markalı malların – spirtli içkilərin plastik kartlar vasitəsilə satılması məsələsi hələ gündəliyə gətirilərkən izah etmişdi ki, məqsəd vergi yükünü artırmaq deyil, insanlarda nağdsız ödəmə vasitələrindən istifadə mədəniyyəti formalaşdırmaqdır. Vergilər naziri isə öz növbəsində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsinin hər bir ölkədə dövlətin xüsusi nəzarətində olduğunu və həmin malların alqı-satqısı zamanı hesablaşmaların qeyri-nağd aparılmasının zamanın tələbi olduğunu bildirmişdi.
Doğrudur, ölkədə aksizli malların plastik kartlarla satışı üçün demək olar, hər cür şərait var. Ümumiyyətlə, vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində Pos-terminalların quraşdırılması, onlardan istifadəyə nəzarət olunması, əhali ilə hesablaşmalar sahəsində qanunlara əməl olunması diqqət mərkəzində saxlanılır.
Hazırda ölkə ərazisində 84 min Pos-terminal quraşdırıldığı deyilir ki, bunun da 62%-i Bakı şəhərinin payına düşür. Yuxarıda da qeyd etdik ki, Azərbaycanda son illər elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq standartlara uyğun ödəniş sistemi yaradılıb. Ölkədə 6 milyona nəfər yaxın şəxsdə isə plastik kart var. Ancaq bu, alkoqollu içkilərin nağdsız satışı üçün tam imkan yaradırmı?
Yeri gəlmişkən, o da bildirilmişdi ki, tələb olunan halda obyektlərdə Pos-terminalın quraşdırılması zamanı vergi ödəyiciləri hər hansı ödəniş etməyəcək. “Düşünürəm ki, spirtli içkilər həyat əhəmiyyətli məhsul deyil, buna görə də, 3 gün gec də satıla bilər”, - deyə Vergilər Nazirliyinin nümayəndəsi demişdi.
Bununla belə, fikrimizcə, vəziyyət heç də tələb olunan səviyyədə deyil. Əvvəla, birincisi, plastik kartla alış-verişə əhalinin ilk növbədə yüksək gəlir əldə edən hissəsini cəlb etmək lazım idi ki, az təminatlı təbəqə məqsədə çatmaq üçün az əlverişlidir. Düzdür, aksizli malların nağdsız qaydada satışı bütövlükdə bu sahədə uçotun şəffaflaşmasına, nağdsız ödənişlərin stimullaşmasına müsbət təsir göstərək. Ancaq bu istiqamətdə tədbirlər kompleks şəkildə həyata keçirilməlidir.
İkincisi, qeyd olunur ki, alkoqollu içkilər və siqaretlərin satışı ən çox vergidən yayınan satış sahəsi sayılır. Bu, daha çox topdansatış məntəqələrində müşahidə edilir. Belə ki, mağaza sahiblərinin böyük hissəsi topdansatış məntəqələrində aldıqları araq və siqaret məhsullarına görə qaimə-faktura əldə edə bilmirlər. Bu isə nəinki həm topdansatış, həm də pərakəndə satış məntəqələrinin vergidən yayınmasına imkan verir və onların işində problemlərə səbəb olurdu. Bu kimi halları aradan qaldırmağın yolu isə heç də təkcə nağdsız ödəniş sisteminin tədbiqindən ibarət deyil.
Yeri gəlmişkən, hələ 3-4 il öncə yazdığımız şərhdə qeyd etmişdik ki, nağdsız ödənişlərdən istifadənin genişlənməsi zərurəti özünü ölkədə getdikcə, daha sərt şəkildə göstərir. Odur ki, bu istiqamətdə görülən işlər sürətləndirilməlidir. Hökumət qurumları məsələ ilə əlaqədar təkliflər hazırlamalı və əlaqəli şəkildə hərəkət etməlidirlər.
Və nəhayət, üçüncüsü, bir neçə il öncə Mərkəzi Bankın bu sahədə təkliflər paketi hazırladığı deyilmişdi. Belə ki, təkliflərin konkret nədən ibarət olduğu bəlli olmasa da söhbətin əsasən, qeyri-nağd ödənişləri stimullaşdırmaqdan getdiyi və bu məqsədlə vergi güzəştlərinin tətbiq ediləcəyi, nağd əməliyyatlara məhdudiyyətlər qoyulacağı gözlənilirdi.
Düzdür, görüləcək işlər təkcə, stimullaşdırıcı tədbirlərdən ibarət olmamalıdır. Bunun üçün müvafiq infrastruktur yaradılmalı, maarifləndirmə işi aparılmalı, inzibati yollardan da istifadə edilməlidir. Ancaq plastik kartla satışa ticarət obyektlərinin özlərində də maraq yaradılmalıdır ki, bu isə müvafiq güzəştlər tədbiq etməyi tələb edir.