Qızıl alverçisinin qətli: qohumlar nələr dedi? - Foto
7-01-2016, 14:53
Bakıda qızıl alverçisi Məryəm Namidzadənin dəhşətli qətli ilə bağlı üç nəfər həbs olunub.
Bunu Axar.az-ın hadisə yerində olan əməkdaşına mərhumənin oğlu Kamran Hüseynov bildirib. Onun sözlərinə görə, bacısı Günel Hüseynova və iki qohumu faktla bağlı saxlanılıb. Amma saxlanılan digər qohumların adları hələ ki, açıqlanmır. K.Hüseynov qeyd edib ki, Məryəm onun ögey anası, Günel isə ögey bacısıdır:
“Atam Mehman bu yaxınlarda dünyasını dəyişib. Anamla ayrıldıqdan sonra Məryəmlə ailə qurmuşdu və ondan Günel dünyaya gəlib. Günel anası ilə bir yerdə Mərkəzi Univermaqda qızıl alveri ilə məşğul olurdular.
Günelin bir qızı var, həyat yoldaşından isə ayrılıb. Onun keçmiş əri indi həbsdədir, dələduzluq ittihamı ilə 9 il iş verilib (keçmiş kürəkən qayınanasına – Məryəm Namidzadəyə qarşı dələduzluqda ittiham olunub). Məryəmlə Günel bir yerdə yaşayırdılar. Belə bir hadisə olacağı heç kəsin ağlına gəlməzdi”.
M.Namidzadənin adını açıqlamayan qonşusunun sözlərinə görə, o, dekabrın 31-də bayramlaşmağa gedib: “Bayram günü Məryəmin bacısı və əri, uşağı, qızı orda idilər. Mən də bayramını təbrik etməyə getmişdim.
Ordan-burdan söhbət elədik. Məryəm qayıtdı ki, “qızıl alveri zəifləyib, iş getmir, ona görə də neçə vaxtdır qızılları özümlə aparıb gətirirəm”. Ona dedim ki, ehtiyatlı ol, səni yolda izləyən olar, təhlükəlidir, özünə bir mühafizəçi ayır. Bu söhbətimiz də onların yanında olub. İndi nə bilmək olar, bəlkə də bundan sonra qızının ağlına belə bir iş tutmaq gəlib”.
Qonşusu bildirib ki, mərhumənin qızı ərindən ayrılandan sonra münasibət qurduğu bir nəfər olub. O, cinayəti törədənlərin Günelə psixoloji təsir göstərdiyini də ehtimal edir.
M.Namidzadənin bacısının əri Sənanın sözlərinə görə, bayram günü evdə külli miqdarda qızılın daşınması və buna görə mühafizəçi tutulması ilə bağlı söhbət olmayıb:
“Faciə baş verib və kimin təqsiri varsa, cəzasını alacaq, əlavə heç nə deyə bilmərəm. Ana-bala arasında nə söhbət olubsa, istintaq aydınlaşdıracaq”.
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında baş verib. M.Namidzadə “Jevelleri” zinət əşyaları mağazasının sahibi olub. Ona 43 bıçaq zərbəsi vurulub.
M.Namidzadənin qızı həbsindən qabaq izahatında evdən ona məxsus 30 000 dollar dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.
Hazırda hadisə törədilən mənzil istintaq orqanı tərəfindən möhürlənib.