Türkiyə ilə Rusiyanın münasibətlərinin indiki vəziyyəti gözlənilən idi

8-01-2016, 17:09           
Türkiyə ilə Rusiyanın münasibətlərinin indiki vəziyyəti gözlənilən idi
Türkiyə ilə Rusiyanın münasibətlərinin indiki vəziyyəti gözlənilən idi. Türkiyənin daxilində baş verənlər bundan başqa ortalığa nəticə qoya bilməzdi: Türkiyə hökuməti son altı ayda formalaşa bilmirdi. İki parlament seçkisi keçirildi. Gedən geosiyasi proseslər Rusiyanı ən azı “Türk axını” layihəsi ilə bağlı tez qərar qəbul etməyə vadar edirdi.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, Ərdoğanın komandası Rusiyanın tələsdiyini bilirdi: "Ehtimal ki, Ərdoğan hökuməti bəzi şərtləri qəbul etdirmək üçün Rusiyanın tələskənliyindən sui-istifadə edirdi. Altı ay ərzində Türkiyə rəsmilərinin dilindən “Türk axını” ilə bağlı yalnız Rusiyanı narahat edən məlumatlar səslənmişdi: “Türk axını” ümumi gücü 63 milyard kub metr olan dörd kəmərdən ibarətdir. Bunun biri 16,5 milyard kub metri Türkiyənin daxili bazarı üçün nəzərdə tutulmuşdu. Qalan üçü isə Türkiyə ərazisindən keçməklə Avropaya çatdırılmalı idi. Aİ siyasi səbəblərə görə “Türk axını” layihəsinin əleyhinə idi".

M.Əhmədoğlu qeyd edib ki, Türkiyə dörd kəmərin tikilməyəcəyini bildirdi: "Sonradan sayı ikiyə qədər azaltdı. Ən sonda isə bir kəmərin çəkiləcəyini bildirdi. Bu kəmər də yalnız Türkiyənin özünü qazla təmin edəcəkdir. Bu bəyanatlar Rusiyanı narahat etməli idi və narahat da edirdi. Sonradan prezident Ərdoğanın verdiyi açıqlama da Türkiyənin “Türk axını”na qarşı addımlarının düşünülmüş olduğunu sübut etdi. R.T.Ərdoğan “Türk axını” layihəsini Su-24 təyyarəsinin vurulmasından öncə dayandırdığını bildirdi".

M.Əhmədoğlu deyib ki, Misirdən uçan sərnişin təyyarəsinə qarşı terror hadisəsi RF FTX-in V.Putinlə təmasını xeyli artırdı: "RF FTX-inin məlumatları içərisində Türkiyə ilə mövzular olmamış deyil. Putin sonrakı açıqlamalarında bu dəfələrlə özünü göstərdi. Belə neqativ fonda Türkiyə Rusiyanın Su-24 qırıcı təyyarəsini vurdu. Rusiyanın özü başa düşdüyü kimi nəticə çıxarması üçün əsası Türkiyənin atdığı addımlar vermişdi.

Türkiyənin siyasəti başa düşülməz oldu:

Türkiyə Rusiyanın geosiyasi hücumlarına qarşı dayanmaq, bəlkə də mübarizə aparmaq məqsədi ilə İsraillə əməkdaşlığı bərpa etdi. Az sonra İsraillə Türkiyə münasibətlərində Türkiyə tərəfindən qeyri-müəyyənliklərin sayı xeyli artdı. Türkiyə yenidən Fələstinə yardım aparan gəminin bombalanması nəticəsində 10 şəhidlə bağlı əvvəlki şərtləri tələb etməyə başladı".

Politoloq qeyd edib ki, amma ən anlaşılmaz qüsur Türkiyənin İraq ərazisinə qoşun yeritməsi və İraq ərazisində kürdlərə hərbi təlim keçməsidir: "Türkiyənin bu addımında iki parametr anlaşılmazdır. Rusiyanı öz ərazi bütövlüyünü pozmaqda ittiham edən Türkiyə başqa dövlətin, indiki halda İraqın ərazi bütövlüyünə hörmət etməklə nümunə göstərə bilərdi. İraqla sərhədində yaşayan kürdlərin, o cümlədən qoca və qadınların evdən bayıra çıxmasına icazə verməyən Türkiyə dağın o biri üzündə İraq ərazisində gənc kürd kişilərinə hərbi təlim keçirir. Guya bu kürdlər İŞİD-ə qarşı mübarizə aparacaqlar. Lakin sonradan təlim görmüş kürdlərin Türkiyənin əleyhinə mübarizə aparıb-aparmayacağı Ərdoğan hökumətini zərrə qədər maraqlandırmır. Ani siyasi ambisiyanın ödənilməsi indiki hakimiyyət üçün yaxın keçmişdə yarana biləcək təhlükədən qat-qat vacibdir".

M.Əhmədoğlu qeyd edib ki, Türkiyənin kürd məsələsinə münasibətində strateji çatışmazlıq var: "ABŞ İraq ərazisində kürdlərə dövlət yaratmaq istəyirdi. ABŞ-ın bu addımı məhz Türkiyənin xeyrinə yönəlmişdi. Lakin Türkiyə kürd faktorunu çox şişirtdiyinə görə, ABŞ-ın İraq ərazisində kürd dövləti planını iflasa uğratdı. Diqqət çəkən məqam: O zaman əldə olunmuş razılaşmaya görə, kürd yaraqlıları Türkiyə ərazisini tərk edib, İraq ərazisinə keçməli idi. Türkiyə o zaman kürd yaraqlılarını İraqa silahsız buraxdı. İndi isə İraq ərazisindəki kürdləri təlimləndirir, silahlandırır".

Mərkəz rəhbərinin sözlərinə görə, Türkiyənin İraq ərazisinə hərbi qüvvə yeritməsi İraq tərəfindən ərazi bütövlüyünə qəsd kimi dəyərləndi: "İraq hökuməti BMT-yə müraciət etdi. Rusiyanın mövqeyinin güclənməsi, İŞİD-ə qarşı effektli mübarizə apara bilməsi İraqı Rusiyaya doğru həvəsləndirib. ABŞ Türkiyədən qoşunlarını İraqdan çıxarmasını istədi. İran, Misir və Ərəb Dövlətləri Liqası Türkiyənin bu addımına görə, onun əleyhinə çox kəskin bəyanatlar səsləndirdilər. R.T.Ərdoğan İraqın BMT-yə müraciətini şərəfsiz addım adlandırdı. Türkiyə əvvəlcə qoşunlarını İraq ərazisindən çıxarmayacağını bildirsə də, sonradan bu mövqeyindən geri çəkildi. İraq Türkiyə qoşunlarını çıxarmayacağı təqdirdə hərbi tədbirlərə əl atacağını bildirdi".

M.Əhmədoğlu deyib ki, Türkiyə Suriya ilə də sərhədlərini bağlamaq məcburiyyətindədir: "Bunu da Rusiya aktuallaşdırıb. ABŞ da bu təklifi dəstəkləyir. Bu da Türkiyə üçün ən azı imic itkisidir. Su-24 qırıcısı vurulduqdan sonra Türkiyə hərbi aviasiyası antiterror koalisiyası çərçivəsində bir dəfə də olsun Suriyada uçuş reallaşdırmayıb. Türkiyə Bosfor boğazını Rusiya gəmilərinin üzünə bağlamaq gücündə deyil. Montre müqaviləsi qüvvədədir. Digər tərəfdən Türkiyə Bosfor boğazını bağlasa, Rusiya Türkiyəyə qaz verməyi dayandıracaq".

Politoloq bildirib ki, Türkiyənin ən böyük qorxusu Rusiyanın qazı kəsməsidir: "Bu məqsədlə Türkiyə Qatarla müqavilə imzaladı. Qatardan ildə 2 milyard kub metr sıxılmış qaz almaq niyyətindədir. Eləcə də Qatarla hərbi əməkdaşlığı genişləndirmək, Qatar ərazisində hərbi baza yaratmaq niyyətindədir. Türkiyə prezidenti R.T.Ərdoğan Səudiyyə Ərəbistanda səfərdə oldu. Əsas məqsəd Rusiya ilə münasibətlərində yaranmış vəziyyətə dəstək əldə etməkdir. ABŞ Türkiyə və Rusiya arasında gərginliyin azalmasına çalışır. RF prezidenti V.Putinin fikrincə, Türkiyə Rusiya qırıcısını özbaşına vurmayıb. Bunu ABŞ-ın diktəsi ilə edib. Hətta V.Putin bu fikrini ənənəvi mətbuat konfransında Türkiyə rəhbərliyi üçün çox təhqirli formada təqdim etdi. R.T.Ərdoğanın “onun İŞİD-dən neft almaq təsdiqini taparsa, istefa verəcəyi” bəyanatı indi Rusiya siyasilərinin əlində Ərdoğana qarşı istifadə olunur".

M.Əhmədoğlu bildirib ki, Ərdoğan hökuməti ilə Rusiya arasındakı gərginlik Türkiyənin daxili müxalifətini də ruhlandırıb: "Kürdlərə məxsus Xalq Demokratik Partiyasının lideri S.Dəmirtaş Moskvaya gələrək RF xarici işlər naziri S.Lavrovla görüşdü. Türkiyənin prezidenti və Baş Naziri onun bu addımını pislədilər. Prokurorluq təhqiqata başladı.Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu Rusiya rəsmiləri ilə görüş fürsətini əldən buraxmır. ATƏT-in Belqrad ministerialında RF xarici işlər naziri S.Lavrovla görüşdən sonra nikbin açıqlamalar versə də, S.Lavrov Cavuşoğlunun yaranmış vəziyyətlə əlaqədar yeni fikir bildirmədiyini dedi. Türkmənistanda o, RF Federasiya Şurasının sədri V.Matvienko ilə görüşdü".

M.Çavuşoğlu Türkiyədəki rus icması ilə əlaqələri də intensivləşdirib

Mərkəz rəhbəri bildirib ki, Prezident və baş nazir də tez-tez Rusiya ilə əlaqələrin normallaşmasına dair optimist bəyanatlar səsləndirirlər: "Rusiya Türkiyə ilə münasibətlərinin indiki vəziyyəti onun özü üçün də problem yaratdığını başa düşür. Amma V.Putin vaxtaşırı Türkiyəyə qarşı sanksiyaları genişləndirməklə bağlı sərəncamlar verir. Türkiyə baş naziri Ə.Davudoğlu Serbiyada olarkən prezident T.Nikoliçdən Rusiya ilə münasibətlərin normallaşması üçün vasitəçilik etməyi xahiş etdi. T.Nikoliç vasitəçilik etməyəcəyini bildirdi. O, sadəcə, Türkiyə baş nazirinin sözlərini Rusiyaya çatdırdığını bildirdi. Baş nazir Ə.Davudoğlu Rusiya təyyarəsinin vurulması əmrini vermədiyini bildirdi. Əvvəl isə belə əmr verdiyini bildirmişdi".

Rusiya Türkiyədən Rusiya təyyarəçisini güllələmiş döyüşçünü tutub Rusiyaya təhvil verməyi tələb edir

M.Əhmədoğlu qeyd edib ki, hər-halda Türkiyənin xarici siyasət kursunun çox dəqiq parametrlərlə müəyyənləşməsi və bunun aydın şəkildə təqdim edilməsi indi Türkiyə üçün ən zəruridir: "Həm Rusiya ilə əməkdaşlığın genişlənməsi barədə optimist bəyanat verməklə, həm ona ambisiya nümayiş etdirmək və ya antiRusiya bəyanatlar səsləndirmək Türkiyə üçün uğur gətirməyəcək. Ərdoğan hökuməti bu paradoksal ziddiyyətli vəziyyəti aradan qaldırmaq, Rusiya ilə münasibətləri normallaşdırmaq və Türkiyənin inkişafında yeni inkişaf mərhələsi yaratmaq potensialına malikdir. RF-in bu potensiala inanması hamı, ilk növbədə özü üçün faydalıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.