“Rasim Əliyev işində heç bir günahı olmayan adama 9 il iş veriblər”
15-10-2016, 18:46
Futbolçu Cavid Hüseynovun həbsdən azad edilməsi birmənalı qarşılanmadı. Onun həbsdən azad edilməsini pisləyənlərlə yanaşı, alqışlayanlar da oldu. Mövzu sosial şəbəkələrdə geniş müzakirə edildi. Qeyd edək ki, jurnalist Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.
Bir neçə gün öncə isə Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun şikayəti təmin edilib. Cavid Hüseynov məhkəmə zalından azadlığa buraxılıb. Onun cəzası 4 ildən 1 il 2 ay endirilib və azadlığa çıxıb.
Moderator.az mövzu ilə bağlı “Azadlıq” qəzetinin əməkdaşı, Cavid Hüseynovun hər iki məhkəmə prosesinin bütün iclaslarını izləmiş Aytən Məmmədovanın fikirlərini öyrənib.
Aytən Məmmədov deyib ki, Cavid Hüseynovun məhkəməsində onun təqsiri sübuta yetirilməyib: “Günah başqa şeydir, təqsir baş şey. Günah mənəvi məsuliyyətdir, təqsir konkret bir əməldir. Bir vacib məsələni qeyd edim ki, Rasim Əliyevi döyməyə gedənlər 4 nəfər olub. Bu işə görə azadlıqdan məhrum edilən Samir Mustafayev digər 4 nəfəri tanımır. Şərti olaraq dəstənin başçısı adlandıra biləcəyimiz Elşən İsmayılov bildiyiniz kimi, Cavidin bibisioğludur. Elşənin özünün də bibisioğlu var, o, Bayılda yaşayır.
Elşənlə Rasim Əliyev arasında söyüşmə olandan sonra Elşən zəng edib Pərviz adlı bibisioğlundan “Bayıl” marketinin yanını soruşur, deyir, ora dava etməyə gələcəm. Deyilənə görə, Pərviz qonşusu olan Samirə zəng edir, deyir ki, mənim dayımoğlu ora gəlir, bir nəfərlə söhbəti düşüb, əlində də bıçaq var, get, qoyma. Samirin yeganə günahı o olub ki, Rasim Əliyevin üstünə gələnlərə “Bayıl” marketin yerini göstərib. Üç nəfər Rasimin üstünə düşüb, amma Samir Rasimi yerdən qaldırıb və Rasim qaçıb. Rasimi yerdən qaldıran Samirə məhkəmədə 9 il iş verdilər. Bilirsiniz, biz haqqdan, ədalətdən danışırıqsa, fərqi yoxdur zərərçəkmiş tərəf kimdir. Jurnalist hansısa cinayət törədəndə dərhal hay-küy salırıq. Jurnalistə qarşı da hər hansı hərəkət ediləndə biz qarışqanı fil etməməliyik, o baxımdan mən Facebookda da yazmışdım ki, məhkəmədə Cavid Hüseynovun təqsiri sübuta yetirilməyib, bunu nəzərə alaq”.
Aytən Məmmədova bildirib ki, Cavid Hüseynovun məhkəməsi ilə bağlı ancaq bəlkələrlə danışmaq olar: “Bəlkə də, Cavid bu cinayətin təşkilatçısı idi. Bəlkə, bu işdə heç bir günahı yox idi. Biz ancaq bəlkələrlə danışa bilərik. Cavid Hüseynova konkret o cinayətlə bağlı ittiham verilməmişdi. Cavidə ittiham verilmişdi ki, cinayətin əvvəlcədən hazırlandığını bilib və xəbər verməyib. Və cinayət baş verəndən sonra hüquq-mühafizə orqanlarını xəbərdar etməyib. Məhz bu ittihamlar üzrə Cavidin günahı məhkəmədə sübuta yetirilmədi. Bilmirəm, bəlkə bilərəkdən o sübutları toplayıb ortaya qoymayıblar, yaxud da həqiqətən o sübutlar olmayıb. Bu, artıq başqa söhbətin mövzusudur. Mənim isə deməyim odur ki, Cavidin günahı sübuta yetirilmədi. Başqa bir məsələ: hadisə baş verəndən sonra bütün media orqanları bu barədə yazmışdı. Cavid baş verənlər haqda oxuyub xəstəxanaya Rasimin yanına gəlmişdi. O xəstanada olanda polislər də orada Rasimdən ifadə alırdılar. Əgər polislər bu haqda məlumatlı idilərsə, Cavid daha hara məlumat verməli idi ki? Başqa bir maraqlı məqam: son anlarına qədər Rasimin yanında olan dostu məhkəmədə ifadə verdi. Onun ifadəsi Rasimin xeyrinə idi. Mənim dediklərim mənim gördüklərim, bildiklərimdir”.
Aytən Məmmədova sonda əlavə edib ki, bu məsələdə Cavid Hüseynovun mənəvi məsuliyyəti öz yerində qalır: “Hətta Cavidin bibisioğlunun Rasimlə davası ana söyüşünə görə düşübsə belə, hər halda söz-söhbət Cavidə görə, onun əl hərəkətinə görə yaranıb. Buna görə nə olursa-olsun Cavidi mənəvi məsuliyyətdən azad etmək mümkün deyil”.