Seysmoloqdan şok zəlzələ iddiası - "Rusiyada, Amerikada elə silahlar var ki..."
17-10-2016, 12:21
Oktyabrın 15-də Türkiyədə, ötən gün isə Azərbaycanda, İmişli rayonunda baş verən zəlzələ insanlarda narahatlıq yaradıb. Yeraltı təkanların hiss olunacaq dərəcədə baş verməsi əhalidə bu təkanların davamlı ola biləcəyi ilə bağlı suallar yaradıb.
İmişlidəki zəlzələ yerli vaxtla saat 11:52-də, Saatlıdan 30 km cənub-qərbdə, İmişli rayonu ərazisində qeydə alınıb. Zəlzələ İmişlidə 4.0, episentrə yaxın digər ətraf rayonlarda isə 3.0 bala qədər hiss olunub. Dağıntı barədə məlumat yoxdur. Daha əvvəl də qonşu Türkiyədə Qara dənizdə 5 bal gücündə zəlzələ baş vermiş və İstanbulda hiss edilmişdi.
Seysmoloqlar bunu normal hal kimi qiymətləndirsələr də, bəzi ekspertlər bu zəlzələlərin düşmən təxribatı ola biləcəyini istisna etmirlər. “Yeni Müsavat”a açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirdi ki, Azərbaycanda, ümumiyyətlə, Böyük Qafqaz, Kiçik Qafqaz ərazilərində ildə 2000-ə qədər xırda təkanlar olur və onlardan qorxmağa ehtiyac yoxdur: “Yeganə qorxulu cəhət odur ki, Rusiyada, Amerikada, Qərb dövlətlərində elə silahlar var ki, bu təkanları süni surətdə gücləndirə bilir. Bu və ya digər dövlətləri qorxutmaq, onların apardığı siyasəti məhdudlaşdırmaq, hədə-qorxu gəlmək üçün bu silahlardan istifadə olunur.
Son dövrlərdə baş verən zəlzələlərin, vulkan püskürmələrinin, daşqınların əsas səbəbi odur. Məsələn, son olaraq Rusiyanın Suriyaya yardım etməsi, həm də Azərbaycanın, Qazaxıstanın Suriyaya iqtisadi yardım etməsi, Amerika və Qərb dövlətlərinin ondan imtina etməsi son günlər diqqət çəkən məsələdir. Bu baxımdan Amerikadan nə desən gözləmək olar. Ola bilər ki, qorxu yaratmaq üçün zəlzələ təkanlarını süni surətdə gücləndirsinlər. Xırda təkanlara gəlincə, bu hər il olur. Lakin təbii təkanlarla süni təkanlar arasında fərq var. Təbii yeraltı təkanları əksər canlılar, evdə yaşayan itlər, pişiklər də dərhal hiss edirlər, çalışırlar oranı tərk eləsinlər. Süni surətdə yaradılan təkanları isə həmin canlılar hiss eləmir”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bildirdi ki, İmişlidə hiss olunan yeraltı təkanları güclü zəlzələ adlandırmaq olmaz. Seysmoloqun sözlərinə görə, hər gün bu cür yeraltı təkanlar qeydə alınır, lakin çox zəif olduğu üçün cəmiyyətə açıqlanmır: “3 bala qədər olan təkanları biz vermirik, 3 baldan yuxarı olan təkanlar da güclü olmur. Yalnız 4 ballıq zəlzələlər insanlar tərəfindən hiss olunur. Bu dağıntı yarada bilməz. Türkiyədə baş verən zəlzələnin bizə aidiyyəti yoxdur, bizdə lokal xarakterli zəlzələdir. Bir ölkədəki zəlzələ digər ölkəyə o zaman təsir edə bilər ki, o dərinlik qırılma boyu güclü, dağıdıcı təkanlarla baş verirsə, məsafə etibarilə həmin dalğalar qırılma boyunda hazırlıqda olan zəlzələ ocağını oyada bilər. Belə bir ehtimal var, zəlzələ tezləşdirilə bilər. Praktikada bu cür hadisələr olub. Ancaq belə zəif təkanların heç bir təsiri ola bilməz və ona görə qorxmağa dəyməz”.
Zəlzələnin xarici dövlətlərin təxribatı ola biləcəyi ehtimalına gəlincə, Qurban Yetirmişli bunun, sadəcə, nəzəriyyə olduğunu bildirdi: “Nəzəri cəhətdən belə iddialar var. Ancaq bu nüvə partlayışı törədilərkən yaranan təkanlar kimi hiss oluna bilər. Bunlar tamam başqadır. Təcrübəli seysmoloq bu fərqi hiss edir. Əgər bu mümkün olsaydı, müharibə nəyə lazım idi, elə burada otur, istədiyin yeri dağıt”.