“Ermənistan TIR-ları Türkiyəyə yük daşıyır” iddiasının müəllifi “Yeni Müsavat”a danışdı
24-11-2018, 08:37
Göksül Gülbey: “Söhbət sərhədlərin açılmasından getmir”
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksül Gülbeyin Ermənistan TIR-larına Trabzon Limanının açıldığı barədə dediklərinə bu dəfə liman rəhbəri cavab verib. Virtualaz.org “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, Trabzon Liman müdiri Müzaffer Ermiş Gülbeyin iddialarının onu “məyus etdiyini” bildirib. O, deyib ki, Trabzon Limanının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir.
Xatırladaq ki, ASİMDER başqanı Türkiyənin ildə 600 Ermənistan TIR maşınına Trabzon Limanından keçməyə icazə verdiyini açıqlamışdı. Bildirmişdi ki, həmin TIR-ların sürücüləri Türkiyənin Tiflisdəki səfirliyindən işçi vizası alırlar. Çünki sürücülərin turist kimi Türkiyəyə daxil olmasına icazə yoxdur. Gülbeyə görə, Ermənistan TIR-ları Gürcüstanın Poti Limanından 600 dollar daha ucuz başa gəldiyi üçün Trabzon Limanından istifadə edirlər və bu icazə bir neçə ildir verilib. Sayt Türkiyə KİV-lərinə istinadən Gülbeyin bu sensasion iddiasına yer vermişdi və çox keçmədən qardaş ölkənin Bakıdakı səfirliyi redaksiyamızla əlaqə saxlayaraq məlumatı qəti təkzib etmişdi.
İndi isə Trabzon Limanı müdiri Muzaffer Ermiş Gülbeyin “əsassız iddialarını” qəti təkzib edib. “Bu dərnək Ermənistanla bağlı iddiaları gündəmə gətirir, məqsədləri çox açıqdır. Ancaq həmin dərnəyin bizdən, sadəcə, bir telefon zəngi qədər uzaqda olmasına baxmayaraq bu iddiaları gündəmə gətirməsi bizləri çox məyus etdi. Ermənilərin dünyaya açılan qapısı Trabzondur. Amma bu qapının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir” - Ermiş deyib.
Trabzon Limanının və limanı idarə edən “Albayrak Group” holdinqinin erməni məsələsinə olduqca həssas yanaşdığını vurğulayan Ermiş bildirib: “Xüsusən də söhbət Trabzondan gedirsə həssaslığımız daha da artır. Asiya və Avropanın kəsişdiyi transqafqaz dəhlizində Ermənistan önəmli nöqtədə yerləşir. Əgər ağıllı davransalar, Azərbaycan torpaqlarından çəkilsələr ticarətdə çox önəmli gəlir əldə edirlər”.
Bəs iddianı gündəmə gətirən ASİMDER başqanı nə deyir? “Yeni Şafak” Gülbeylə əlaqə saxlayıb və ASİMDER başqanı etiraf edib ki, Ermənistan TIR-larının Trabzon Limanından istifadə etməsi haqda əlində sübut, fakt yoxdur. “Mən bu haqda eşitmişəm, bölgədən bəzi insanlar bu məlumatı mənimlə paylaşdı. Mən də iddiaları gündəmə gətirdim”-Göksel Gülbey deyib.
“Yeni Müsavat” olaraq Göksəl Gülbeylə biz də əlaqə yaratdıq. İki qardaş ölkədə narahatlıq yaradan sözügedən məlumatın haradan qaynaqlandığını öyərnmək istədik. Ola bilərmi ki, 2009-cu ildə Sürix protokollarını masaya qoymaqla iki qardaşın arasına girmək istəyənlər indi yenidən hərəkətə keçiblər, yoxsa bunlar, sadəcə, suları bulandırmaq, aranı vurmaq üçün ortaya atılan dezinformasiyalardır?
G.Gülbey “Yeni Müsavat”a bunları bildirdi: “Biz qəzetçi deyilik, dərnək başqanıyıq. Biz təşkilat olaraq aldığımız məlumatları dəyərləndirmək məcburiyyətindəyik. Araşdırmaq jurnalistlərin işləridir. Bu mövzuda keçmişdə yayılan açıqlama var idi. O zaman erməni tərəfindən TIR-larla bağlı yayılan məlumat olub, həmçinin 3-4 il öncə "Aqos" qəzetində dərc olunan yazı var idi. Biz araşdırmaq istədik ki, bu vəziyyət davam edirmi? Yenə də belə faktlar varmı? Trabzondakı dostlarımız dedilər ki, burada erməni TIR-ları var. Yəni gəlib-gedənlər var. Bəzən də Gürcüstan nömrəsi taxıb gəlirlər. Çünki bu keçid-məntəqəsi daha ucuzdur. Poti limanı bahalı olduğu üçün Trabzondan istifadə edirlər. Trabzon limanı Poti limanından 600 dollar ucuz başa gəlir. Ermənilərin özlərinin 2012-2013-cü illərdə açıqlamaları olub. Sahibkarlar və İş Adamları Birliyinin açıqlaması olub. Həmçinin Türkiyədəki “Aqos” qəzetinin yazıları var. Bundan əlavə, İrəvanda türk tərəfi ilə Ermənistanın iş adamlarının, həmçinin rəsmilərinin qatıldığı bir toplantı olub. Biz də bununla maraqlandıq. Düşündük ki, o zaman FETÖ məsələsi var idi, Türkiyəni çətinə salmaq üçün nələrisə edə bilərlər. Amma indi bu anlaşmalar, əlaqələr davam edirmi deyə, maraqlandıq. Bu mənada Trabzondakı dostlarla maraqlandıq. Soruşduq ki, heç Ermənistan TIR-ları gözünüzə dəyirmi? Dedilər erməni TIR-ları tək-tük gəlir. Trabzondakı türkiyəli TIR-çılarla erməni və gürcü TIR sürücüləri dava edirlər. Çünki yük daşımaqda bir-birinə rəqibdirlər. Həmin hadisədən sonra çox gəlmirlər, amma gözə dəyənlər var".
G.Gülbəy daha sonra qeyd etdi ki, söhbət Türkiyə-Ermənistan sərhədinin açılmasından getmir: “Erməni maşınları gəlir. Çünki onlar Gürcüstan və ya İrana keçib Türkiyəyə gəlməkdə sərbəstdirlər. Amma bu TIR-lar ticarət məqsədilə gəldikləri üçün turist kimi gələ bilmirlər. Ona görə də çalışma iznləri almaları lazımdır. Dostlar erməni nömrəli maşınları gördüklərini dediyi üçün biz açıqlama yaydıq. Söhbət sərhədlərin açıq, ya qapalı olmasından getmir. Bunlar zatən sərhədləri keçirlər. Erməni nömrə nişanlı maşınlar, Ermənistan vətəndaşları Gürcüstan və İran üzərindən onsuz da Türkiyəyə daxil ola bilirlər. Yəni turist olaraq gələ bilirlər. Amma TIR-lar ticarət məqsədilə gəldikləri üçün sürücülərinin keçidi qadağandır, yəni müvəqqəti çalışma izni almaları lazımdır. Bizi də maraqlandıran budur ki, 2012-2013-də əldə olunan anlaşmalar davam edir, ya yox? Bizim əldə etdiyimiz məlumat bundan ibarətdir ki, buraya tək-tük gələnlər var”.
G.Gülbəy onu da dedi ki, araşdırmalarını davam etdirir: “Trabzondakı dostlara demişik ki, bizə foto, yaxud video dəlillər yollasınlar. Onlar da məsələni araşdırırlar. Ondan sonra təkrar açıqlamamız olacaq. Ermənistan indi Gürcüstan nömrəli TIR-lardan istifadə edir”. Həmsöhbətimiz dedi ki, onu və digər dostlarını həmin əraziyə buraxmadıqları üçün məsələni ictimailəşdirməyə qərar verib: “Bunu deyirik ki, mətbuat gedib araşdırsın”.
Virtualaz.org-un yazdığı kimi, bu iddiaları gündəmə gətirən təkcə ASİMDER başqanı deyil. Ermənistanın Sahibkarlar və İş Adamları Birliyinin nümayəndəsi Artur Kazaryan 2012-ci ilin iyulunda “Novosti Armenia” agentliyinə açıqlamasında deyib ki, Türkiyə ildə 200 Ermənistan TIR avtomobilinə Trabzon limanından dünyaya açılma icazəsi verib. Kazaryan bu razılaşmanın Ukraynanın vasitəçiliyi ilə əldə olunduğunu deyib və gələcəkdə Trabzondan keçən TIR-ların sayının 400-600-a çatacağını bildirib...
Qeyd edək ki, Türkiyənin aparıcı xəbər portallarından biri olan “Habertürk” Göksel Gülbeyə istinadla bu barədə sensasion xəbər yayıb. Bildirilib ki, Türkiyə Ermənistandan gələn TIR yük maşınları üçün sərhədlərini açıb. Onun sözlərinə görə, Ankara illik 400 yük maşınına Trabzon limanından yük daşınmasına icazə verib. Bu cür icazə Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən verilibmiş. Yazının dərc edilməsindən dərhal sonra Türkiyə səfirliyinin mətbuat katibi Hamit Karadeniz Erkan Özoralın təkzibini çatdırıb. H.Karadenizin sözlərinə görə, yaxın saatlarda bu məlumat “Habertürk” portalından da xaric ediləcək.
“Bir sıra KİV-lərin Türkiyənin sərhədlərini Ermənistandan gələn yük maşınları üçün açması barədə dərc etdiyi xəbər həqiqəti əks etdirmir. Ermənistan vətəndaşları üçün Türkiyənin Gürcüstandakı səfirliyində işçi vizalarının verilməsi və sonradan onların iri tonnajlı avtomobillərinin Trabzon limanına istiqamət almasından söhbət gedə bilməz”.
G.Gulbey dünən feysbuk statusunda da bu barədə yazıb. “Bu, necə embarqodur? Ermənistanla Türkiyə arasında hər gün təyyarə reysi var, Türkiyə və Ermənistan turist şirkətləri qarşılıqlı olaraq türk və erməni vətəndaşların turist səfərlərini təşkil edirlər, Türkiyədə 70 min qaçaq erməni işçi var və s. Görəsən Türkiyənin səfiri nə deməli idi? Təbii ki, üstü açılan bu sirri malalamağa çalışmalıdır. Daha durub deməyəcək ki, sizin neft və qazınızı sizin xalqdan da ucuz aldığımıza baxmayaraq, ermənilərlə də pərdə arxasında ticarətimizə davam edirik” - ASİMDER başqanı bildirib.
Bu arada Ankara yenidən işğalçı ölkəyə çağırış edib. “Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir”. Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq. İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır. Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: “İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir”.
Ermənistanın Türkiyə ilə 1993-cü ildən, Kəlbəcərin işğalından sonra qapadılan sərhədlərin açılmasında çox maraqlı olduğunu elə İrəvandan eşidilən bəyanatlar da təsdiqləyir. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, Türkiyəylə ilkin şərtlər olmadan diplomatik əlaqələr qurmağa hazır olduqlarını bildirmişdi. “Ermənistan ilə sərhədləri bağlayan Türkiyədir. Bizim tərəfdən sərhəd hər zaman açıqdır. Türkiyə, sərhədləri açma qərarı verməlidir. Ermənistan Türkiyəylə ilkin şərtsiz diplomatik əlaqələr qurmağa hazırdır” deyə, Paşinyan vurğulamışdı.
İran ətrafında gərgin vəziyyətin hökm sürməsi Ermənistanı alternativlərə əl atmağa vadar edib. Üstəlik, Paşinyanın “yaranmış vəziyyətə görə Ermənistan-İran sərhədi istənilən vaxt de-fakto bağlana bilər” deməsi erməniləri vahiməyə salıb. Belə olan halda Ermənistan üçün bircə Gürcüstandan quru yol qalır ki, o da etibarlı deyil. Elə bu həftə 600 yük maşını Lars qapısında qar səbəbndən qalmışdı. Belə bir vəziyyətdə Ermənistan çox istərdi ki, Türkiyə ilə qapılarını açsın. Amma ortada işğal faktı var və Türkiyə heç zaman qardaşına xəyanət etməz, buna əminik. Üstəlik, elə bu ilin əvvəlində Türkiyənin Ermənistanla sərhəddə nəzarəti gücləndirdiyi xəbəri yayılmışdı. Səbəb budur ki, Ermənistan PKK-ya da qucaq açır. Bir müddət əvvəl Ermənistan mətbuatı terrorçu PKK üzvlərinin Türkiyə sərhədini pozaraq bu ölkə ərazisinə keçdikləri barədə məlumat yaymışdı. Belə olan halda Ermənistana “yaşıl işıq” yandırılması real görünmür.
“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər gerçəkdən artıq o yerə gəlib çatıb ki, demək olar bütün məsələlər koordinasiya olunur. Xüsusən də xarici siyasət və təhlükəsizlik məsələləri”. Deputat Fərəc Quliyev bu fikriləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd etdi ki, Türkiyənin Ermənistanla bağlı qərarları təkcə Azərbaycanla əlaqədar deyil: “Ermənistan Azərbaycan ərazilərini işğal etməklə yanaşı, Türkiyənin özünə qarşı da ərazi iddiasındadır, gerbində Türkiyə ərazisi göstərilib, qondarma ”erməni soyqırımı" ilə bağlı iddiaları davam edir və s. Ona görə də Türkiyə hətta Azərbaycan məsələsi olmasa belə, Ermənistanla o qədər yumşaq münasibət saxlamaz".
Amma F.Quliyev burada razılaşmadığı məqamların olduğunu da vurğuladı: “Xüsusilə Ermənistandan gələnlərə vizanın verilməsi, Türkiyə məhsullarının Ermənistanda, yaxud Ermənistan məhsullarının Türkiyədə satılması, ermənilərin idarə etdiyi mətbu orqanlarda Türkiyə və Azərbaycan əleyhinə yazıların yazılması halları olur. Amma mən düşünürəm ki, bunlar dövlət siyasətinə aid olmayan məsələlərdir. Bu epizodlardan sadəcə olaraq, şişirdilmiş şəkildə istifadə olunur. Əgər Ermənistanla Türkiyə arasında sərhədlər açıq olsaydı, Ermənistan bu gün fərqli atmosferdə yaşayardı. Bəzi epizodlara görə dövləti qınamaq və bunu dövlətlərarası münasibətlərə kölgə salan hadisə kimi təqdim etmək olmaz. Tutaq ki, hansısa ticarət maşınının tranzit yolu ilə ölkədən keçməsi, yaxud hansısa məhsulun üçüncü ölkədən Türkiyə vasitəsilə Ermənistana çatdırılması ölkələrarası münasibət sayıla bilməz. Ona görə də mən düşünürəm ki, belə məsələləri şişirdib iki dövlət arasında münasibətlərə kölgə salmaq olmaz”.
E.PAŞASOY,