İslam dünyası məscid dağıdan Ermənistanla əlaqələrə yenidən baxacaqmı?

15-12-2017, 11:33           
İslam dünyası məscid dağıdan Ermənistanla əlaqələrə yenidən baxacaqmı?
Azərbaycan prezidentinin Qüds toplantısındakı çıxışından sonra yeni situasiya yarana bilər; Tofiq Zülfüqarov: “Prezidentin çıxışı Azərbaycan tərəfdən çağırışdır ki, real prinsipləri maraqlara qurban vermək olmaz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı çağırdığı konfransda, gözlənildiyi kimi, Qarabağ çağırışı da oldu.

Azərbaycan prezidenti öz çıxışında ABŞ-ı Qüdslə bağlı mövqeyinə yenidən baxmağa çağırmaqla yanaşı, İslam ölkələrinə Qarabağ mesajı verərək onları işğal məsələsində vahid mövqedən çıxış etməyə çağırdı.

Prezidenti İlham Əliyev fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürünü ifadə edib. Ardınca bildirib ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla, 20 faiz torpaqlarını 2O ildən artıqdır işğal altında saxlayır. “Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”-Azərbaycan prezidenti İslam dünyasına növbəti dəfə xəbərdarlıq edib. Dövlət başçısı deyib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: “Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Göründüyü kimi, Azərbaycan rəhbərliyi prinsiplərinə sadiq qalaraq, ABŞ və İsraillə yaxın müttəfiqlik əlaqələrinə rəğmən, beynəlxalq hüquqa istinad etdi və Fələstin xalqının yanında dayandı. Hətta bəzi ekspertlər bu qərarı Azərbaycan üçün riskli sayır. Ancaq Bakı öz ərazi bütövlüyünün təmin olunmasında beynəlxalq hüquqa istinad etdiyi kimi, digər ölkələrdən də bunu tələb edir. Lakin mövcud situasiyada ortaya sual çıxır: Azərbaycanın bu mövqeyinin qarşılığında İslam dünyası işğalçı Ermənistanla münasibətlərdə ortaya ədalətli mövqe qoyacaqlarmı? Məsələn, Türkiyə və Pakistanın timsalında biz illərdir bu mövqeyi görürük. Ancaq işğalçının nəfəsliyi rolunda çıxış edən qonşu İran hələ ki Ermənistanın ayaqda qalmasında əsas dayaq rolunu oynayır. Bakının Qüds mövqeyindən sonra Tehran başda olmaqla, digər İslam ölkələrinin də “məscidləri dağıdan” ölkə ilə əlaqələrə yenidən baxması arzuolunan olmaqla yanaşı, ədalətli olardı.

Image result for Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, İslam həmrəyliyi problematik məsələdir: “Amma Azərbaycan həmişə çalışıb ki, İslam həmrəyliyi çərçivəsində mövqeyinin, prinsiplərinin üstündə duran İƏT üzvü kimi tanınsın. Azərbaycanın mövqeyi ilk növbədə Azərbaycanın maraqları ilə bağlıdır. Azərbaycan öz siyasətini prinsiplər üzərində quraraq addımlarını atır. Eyni zamanda Azərbaycan hər bir məsələnin beynəlxalq prinsiplər əsasında həllini istəyir”.

Sabiq nazir Azərbaycanın mövqeyinin Bakı-Təl-Əviv münasibətlərinə təsir edə biləcəyi barədə fikirləri bölüşmədi: “Bəzən deyirlər İsraillə əlaqələrə ziyan dəyə bilər. Amma Azərbaycan-İsrail əlaqələrinin yaxşı olmasında tarixi, geopolitik əsaslar var. Bu əlaqələr o dərəcədə güclüdür ki, onu heç nə sarsıda bilməz. Trampın addımı ilk növbədə İsrailin özünə dərhal problem yaradır”. T.Zülfüqarov qeyd etdi ki, Azərbaycan həmişə İsrail üçün etibarlı müttəfiq olaraq qalacaq: “İsrail də çalışır ki, konfliktin din əsasında yaranmadığını sübut etsin. Odur ki, Azərbaycanla əlaqələr misalı bunlar üçün çox vacibdir. Yəhudilər Azərbaycanda daim təhlükəsiz şəraitdə yaşayıb. Üstəlik, bu əlaqələrin tarixi əsaslarını da unutmamalıyıq”.

Diplomat qeyd etdi ki, Qarabağla bağlı İƏT ölkələrinə prezidentin çağırışı mühüm məsələdir: “Bu çağırışla İslam dünyasına siqnal verilir ki, bütün münaqişələr prinsiplər üzərində həll olunmalıdır, həmçinin prinsipiallıq hər yerdə olmalıdır. Bu məsələlərdə Fələstinin bəzi liderlərinin vaxtilə Ermənistanı dəstəkləyən mövqeləri də unudulmamalıdır. Prezidentin çıxışı Azərbaycan tərəfdən çağırışdır ki, real prinsipləri maraqlara qurban vermək olmaz”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.