Əmanətlərin Sığortalanması Fondunda nə baş verir?
16-12-2017, 09:35
Hüquqşünas qanun pozuntularını göstərdi
Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi qanun pozuntuları aşkarlayıb. Bu barədə məlumat verən Palatanın sədri Vüqar Gülməmmədov deyib ki, “Əmanətlərin Sığortalanması Fondunda audit tədbiri başa çatmayıb, proses davam edir”.
Onun sözlərinə görə, hələlik yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb: “Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası bu materialların hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib”.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətindən narazılıqlar Milli Məclis səviyyəsində müzakirələrə səbəb olmuşdu. Bu ilin avqustunda Əmanətlərin Sığortalanması Fondunun əvvəlki icraçı direktoru Azad Cavadov növbəti 5 illik səlahiyyət müddəti bitdiyi üçün vəzifəsindən azad olunub. Direktor səlahiyyətlərinin icrası Vüqar Abdullayevə həvalə olunub. Həmin vaxt Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata verdiyi açıqlamada Fondun ciddi problemlərinin olduğunu deyib: “Dövlət büdcəsindən 350 milyon manat vəsait ayrılanda biz bu məsələyə toxunduq ki, niyə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi yoxlanılmır. Mən təklif etdim ki, Hesablama Palatası həmin vəsaitlərin xərclənməsi ilə bağlı yoxlamalar aparsın. Mili Məclisin payız sessiyası başlayanda bu məsələyə yenidən baxılacaq. Çünki Əmanətlərin Sığortalanması Fondu ciddi bir orqandır. Bu orqanı əmanətlərin sığortalanması və əhalinin əziyyət çəkməməsi üçün yaratdılar. Amma təəssüf ki, keçən müddət ərzində bağlanan banklarla əlaqədar çox ciddi problemlər yaranıb və qalmaqdadır. Mən hesab edirəm ki, Fondu ciddi şəkildə yoxlamaq lazımdır”.
Palata sədri hansı bankları nəzərdə tutub?
Əmanətlərin Sığortalanması Fondu bağlanan banklar üzrə fəaliyyətində hansı qanun pozuntularına yol verə bilər? Palatanın haqqında bəhs etdiyi hansı banklardır? Bu kimi suallarımızı cavablandıran hüquqşünas, “Bank Standard” Kreditorlar Şurasının rəhbəri Əkrəm Həsənov hesab edir ki, haqqında bəhs edilən 2 bank mövcud kredit və əmlakından xeyli çox həcmdə borca malik banklar ola bilər: “Biz dəfələrlə məsələ qaldırmışdıq ki, Hesablama Palatası Fondun fəaliyyətini yoxlasın. Bu yoxlamanın başlanması xeyli sevindiricidir. Palatanın yoxlamış olduğu 2 banka gəlincə, bağlanan 11 bank arasında yalnız 2 bankın kredit və əmlakının dəyəri verilməli olan borcundan qat-qat azdır. Əmanətlərin Sığortalanması Fondunun keçmiş rəhbəri Azad Cavadov bu ilin mayında açıqlamışdı ki, bunlar ”Bank Standard" və “Texnikabank”dır. Böyük ehtimalla, söhbət bu 2 bankdan gedir. Ən azından birinin “Bank Standard” olduğuna əminəm".
Ə.Həsənov deyir ki, Fondun yol vermiş olduğu ən böyük qanun pozuntusu növbədənkənar qaydada bəzi kreditorların pulunun qaytarılmasıdır: “Məsələn, "Bank Standard"da biz bunu dəqiq bilirik, yəqin ki, digər banklarda da var. “Bank Standard”da növbədənkənar qaydada Mərkəzi Bankın 20 milyon manatını, İpoteka Fondunun 41 milyon manatını qaytarıblar. Sahibkarlığa Kömək Milli Fondunun da 20,3 milyon manat pulunu qaytarmaq istəyirdilər, biz imkan vermədik. Bu Fondun digər banklarda da pulu vardı, yəqin ki, onlarda qaytarıblar".
“Banklar haqqında” qanuna əsasən ƏSF bağlanan banklarda ilk növbədə özünün vəsaitlərini, sonra xərclərini götürməlidir. Bu sırada üçüncü növbədə bankların işçilərinin əmək və sair borclarının, dördüncü olaraq dövlətə olan vergi borcunun ödənməsi gəlir. Beşinci yerdə isə digərləri gəlir: “Bu digərlərinə fiziki və hüquqi şəxslər, tutalım, Mərkəzi Bank, şirkətlər, fərdi şəxslər daxildir. Hansı ki, onların vəsaitləri də proporsional qaydada borcun məbləğinə uyğun qaytarılmalıdır. Bunlar isə götürüb dövlət qurumlarının borclarını bütünlüklə bağlayıblar, digərləri qalıb kənarda. Niyə?”
On milyonlarla manatlıq kreditlərin iddia müddəti ötürülüb
Ə.Həsənov digər qanun pozuntusu kimi borclarla əmanətlərin əvəzləşdirilməsindəki nöqsanları qeyd edir: “Bəzi adamlar var ki, bankdan kredit götürüb, həm də orada əmanətləri var. Bu halda borcla əmanəti əvəzləşdirmək olar. Lakin bizə çatan məlumata görə, belə hallar da olub ki, borcu olan bir şəxsin borcunu digər şəxsin əmanəti ilə əvəzləşdiriblər. Hansı ki, qanunvericilik buna yol vermir. Digər qanun pozuntusu kreditlərlə bağlıdır. Məsələn, ”Bank Standard" üzrə 20 milyon manatdan çox kreditin iddia müddəti keçirilib. Yəni artıq bu kreditlər üzrə məhkəmədə iş qaldırmaq mümkün deyil. Burada isə məsuliyyəti birbaşa Fond daşıyır. Banka borcu olanlarla bağlı iddiaları vaxtında qaldırmalıydılar. Yenə də bizə çatan məlumatlara görə, burada korrupsiya əməlləri mühüm rol oynayıb: məsələn, 1 milyon krediti olan biri gəlib Fonda 100 min verir ki, iddia müddəti ötürülsün. Biz Fonddan tələb edirik ki, məsuliyyətsizlik edənlərin adlarını açıqlasınlar. Bu qədər pulu necə keçmək olar".
Hüquqşünasın sözlərinə görə, pozuntu imkanlarının geniş olduğu bir sahə də bağlanan bankların əmlakının satışı ilə bağlıdır: “Bankın borclarını qaytarmaq üçün onun əmlakı hərrac yolu ilə satılmalıdır. Görünən odur ki, burada ciddi qapalılıq hökm sürür. Hansı bankın hansı əmlakının nə zaman hərraca çıxarılmasından, necə satılmasından heç kimin xəbəri olmur. Bu isə sui-istifadə imkanlarını genişləndirir. Biz məsələ qaldırmışıq ki, ”Standard Bank"ın əmlakı açıq hərracla satılsın, Fondun yeni rəhbəri buna söz verib".
Ə.Həsənov onu da qeyd edir ki, bağlanan digər bankların kreditorlarından ona çoxsaylı müraciətlər daxil olur: “Onların heç birinə Fond tərəfindən hər hansı məlumat təqdim olunmur. Halbuki hər rüb onlara bankın maliyyə hesabatı verilməlidir. Heç bankın ləğvi barədə belə kreditorlara məlumat verilməyib. Belə qapalılıq isə bütün növ korrupsiyalara, qanun pozuntularına yol aça bilər”.