Şeyxi xaricdən vuran əllər kimdir?
30-03-2018, 09:17
QMİ sədrinin tikanlı açıqlamasının arxasındakı gerçəklər...
“Mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır, təxribat məqsədilə yayılır”. Bu sözləri bir gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Cənab Şeyx QMİ-də keçirilən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə bildirib onun haqqında, mülklərinin olması ilə bağlı yazılanlar təxribatdır.
Hətta Şeyxülislamın sözlərindən belə məlum olub ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: “Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burada çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz?
Xaricdən həm prezidentimizə, həm də mənə - Şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri ”prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyx haqqında deyilənlər düzdür", - deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?"
Ancaq QMİ sədrinin bir abzaslıq açıqlamasında bir xeyli mətləblər yatıb. Məsələn, Şeyx əvvəlcə bu məlumatları təxribat adlandırsa da, sonradan müsəlmanları onun varlı olmasına sevinməli olduğunu deməklə, bir mənada xəbərlərin haqlı olduğuna işarə edir. Daha bir maraqlı məqam isə Şeyxin nəzir qutularına nəzarət etmədiyini bildirməsidir. Məlum olduğu kimi, artıq uzun illərdir ki, mediada nəzir qutuları mövzusu müzakirə olunur. Daha əvvəl də QMİ-yə yönəlmiş ittihamlar olsa da, dini idarənin rəhbəri heç zaman nəzir qutuları ilə əlaqəsinin olmadığını deməmişdi. İndi belə çıxır ki, daha əvvəl belə bir bağlılığı olsa da, artıq Şeyxülislamın nəzir qutularına heç bir təsir imkanları qalmayıb, yəni başqa sözlə bu sahə onun nəzarətindən çıxarılıb.
Ancaq ən diqqət çəkən detal Şeyxin onu vurmağa çalışanlarla bağlı fikirləri olub. Şeyxülislam bildirib ki, ölkə xaricindən və daxildə ona qarşı da çirkin təxribatlar törədilir. QMİ sədri bəzilərinin “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür” deməsini qeyd etməklə, əslində bir mənada hakimiyyət içərisində ona qarşı hücumlar olduğunu demək istəyib.
Əlbəttə, hər kəsə məlumdur ki, ümumiyyətlə, son illərdə siyasi müxalifət qanadından Şeyxə qarşı hər hansı bir hücum yoxdur. Ancaq bunun əvəzinə Şeyxülislamın hakimiyyət daxilindəki rəqibləri və ya, necə deyərlər, sevməyənləri onu zaman-zaman müxtəlif formalarda hədəfə alırlar. Bir zamanlar müsəlman dini icmaların fəaliyyətinə rəhbərlik faktiki olaraq Şeyxin idarəsinə verilsə də, son illərdə vəziyyət dəyişib, səlahiyyətlərin QMİ-dən alınaraq dövlətin müvafiq qurumlarının əlində cəmləndiyini görürük.
Hətta bir qədər əvvəl mətbuat QMİ-nin növbəti qurultayının nə zaman olacağı ilə bağlı sualı Şeyxə ünvanlayanda sərt reaksiya vermişdi. Şeyxülislam açıq şəkildə dedi ki, qurultay və yeni sədr seçkisi olmayacaq. Çünki 15 il əvvəl QMİ-nin qurultayında ruhanilər Şeyxülislamı ömürlük olaraq seçiblər. Ancaq görünür ki, bu sualın təkrarən gündəmə daşınması hörmətli QMİ sədrini çilədən çıxarıb və ona qarşı hazırlanmış provokasiya olduğunu düşünüb.
O da maraqlıdır ki, QMİ sədri həm də xaricə işarə edib, deyib ki, xaricdən onsuz da dini liderə qarşı iftira var. Ancaq maraqlıdır ki, Şeyx iftiranın ünvanını deməyib. Əlbəttə, ilk baxışda xaricdəki iftiralar dedikdə QMİ sədrinin onun Çexiyadakı əmlakları ilə bağlı məlumatlar yayan mühacir azərbaycanlı aktivistləri qəsd etdiyini demək olar. Amma məsələ ondadır ki, QMİ sədri xaricdən olan ittihamları netləşdirməyə çalışmayıb. Daha çox ümumi danışıb və necə deyərlər, sualı açıq saxlayıb. Bu da Şeyxülislama qarşı daha geniş bir düşmənçilik cəbhəsinin olduğunu və ya ən azından Şeyxin buna işarə etdiyini deməyə əsas verir. Belə anlaşılır ki, Şeyx ölkə xaricində onun gözdən salınmasına çalışan “müxaliflərinin” olduğunu düşünür. Şeyxülislam hər nə qədər dünyada tanınan nüfuzlu din xadimi olsa da, eyni zamanda həm ölkə daxilində, həm də xaricdə onun ciddi rəqibləri var. QMİ-dəki tədbirdə məhz xaricdəki düşmənlərinə işarə etməklə Şeyxülislam ona qarşı olanların arxasında xarici düşmənlərinin olduğunu demək istəyir.