Zatulin nə dedi və erməni mediası bizi necə tora saldı?

30-03-2018, 09:21           

Rusiyalı deputat Konstantin Zatulinin martın 26-da İrəvanda verdiyi açıqlama bəzi media qurumlarında geniş əks-sədaya səbəb oldu. Doğrudur, Zatulin çıxışı zamanı Rusiyanın tam olaraq Ermənistanın yanında olduğunu dedi. Erməniyönlü deputat olan Zatulin həmçinin Rusiyanın Aprel savaşı zamanı “buraxdığı səhvlərdən” dərs çıxardığını da söylədi.

Lakin ən önəmli məqam Zatulinin Azərbaycana satılan silahlarla bağlı söylədikləri idi ki, bu da Ermənistan media tərəfindən sözün bütün mənalarında informasiya manipulyasiyasına çevrildi.

Zatulin əslində, İrəvanda nə demişdi?

Zatulinin ən çox istifadə edilən fikri belədir:

«Поставки вооружений действительно осуществлялись, но по ранее подписанным между сторонами контрактам. Речь идет об обычных и оборонительных средствах вооружения, а не о современных видах вооружения, которые, кстати, были поставлены Армении, причем на совершенно других условиях». (“Silah tədarükü (Azərbaycana – red.) həqiqətən gerçəkləşdirilib, lakin bu əvvəllər tərəflər arasında imzalanmış kontraktlar əsasında baş tutub. Söhbət müasir növ silahlardan yox, adi və müdafiə xarakterli silahlardan gedir ki, yeri gəlmişkən bunlar Ermənistana tamam başqa şərtlərlə tədarük edilib”).

Zatulin erməni mediasının “Aprel savaşından sonra da Rusiya Azərbaycana silah tədarük edirsə, Rusiya Ermənistanın necə müttəfiqi olur” tipli suallarına cavab olaraq bu açıqlamanı verir. Rus deputatın dedikləri “müasir silahlarla” bağlı olan məqam da “İsgəndər” raketlərinə işarədir. Ki, Zatulin “İsgəndər”lərin İrəvana “başqa şərtlərlə” – yəni əslində bağışlandığını bildirməklə, erməni mediasının ittihamlarına cavab verir.

“Müsir silah” ifadəsinin məhz “İsgəndər”ə aid olduğunu Zatulin açıqlamasının başqa bir yerində - İrəvandakı paradda onların nümayiş etdirildiyini deməklə bir daha təsdiqləyir.

Zatulinin yuxarıda göstərilən sitatı erməni saytları tərəfindən “Azərbaycana yeni olmayan silahlar verilir” şəklində konsteksdən çıxarılaraq təqdim edildi. Məsələn, “Lragir.am” saytı Zatulinin açıqlamasını öz şərhi ilə təqdim etməyə çalışdı və burada Zatulinin sitatı yerinə informasiyanı öz fikri ilə çatdırdı:

“По его словам, да, после Апрельской войны также поставлялось оружие Азербайджану, но только в рамках заключенных прежде соглашений. Речь об обычных вооружениях и оборонительных средствах, вовсе не о новейших вооружениях, которые были поставлены Армении на льготных условиях”. (“Onun sözlərinə görə, bəli, Aprel müharibəsindən sonra da Azərbaycana silah tədarük edilib, amma bu, əvvəllər imzalanan müqavilələlər əsasında baş tutub. Söhbət Ermənistana güzəştli şərtlərlə tədarük edilən yeni silahlardan yox, adi silahlar və müdafiə vasitələrindən gedir”).

Zatulinin müasir ifadəsinin “yeni” (təzə mənasında) sözü ilə əvəz olunması 26 mart tarixində, yəni açıqlamanın verildiyi gündən başladı. Səhəri gündən etibarən isə erməni mətbuatı Zatulinin ifadəsini daha da yozaraq, bunu “köhnəlmiş” sözü ilə əvəz etdi.

“Он даже сделал почти сенсационное заявление о том, что Азербайджану поставляют «устаревшее» оружие”. (“O hətta Azərbaycana “köhnəlmiş” silahların tədarükü ilə bağlı sensasion bəyanat da verdi”).

Göründüyü kimi, Ermənistanda və Azərbaycan media camiəsində kifayət qədər məşhur olan sayt Zatulinin ifadəsini bir gün ərazində özünün maraqlarına uyğun olaraq 180 dərəcə dəyişdi. Bunun ardınca bütün Ermənistan mətbuatı “Azərbaycana yeni silahlar verilməyib” sözünü “Azərbaycana köhnə silahlar verilib” kimi təqdim etməyə başladı. Ötən gün isə bir az da irəli gedərək, guya Zatulinin Azərbaycana “köhnə və xarab” silahlar verildiyi barədə növbəti informasiya manipulyasiyası başladı.

İstənilən halda bu Ermənistanın apardığı informasiya müharibəsidir və bu informasiya müharibəsində hazırlanan tora Azərbaycanın bəzi media qurumları düşdü. Üstəlik, sosial şəbəkələrdə bəzi “özümüzünkülər” bundan ya bilərəkdən, ya da bilməyərəkdən dövlətimizə qarşı kampaniyada istifadə etməyə girişdilər.

İş o yerə çatdı ki, Azərbaycan Müdafiə Nazirliyi açıqlama verməklə olaya aydınlıq gətirmək məcburiyyətində qaldı.

Zatulinin erməniyönlü olduğu onun deputat olduğu gündən hər kəsə bəllidir. Həm Aprel döyüşləri, həm də Türkiyənin Rusiya təyyarəsini vurduğu zaman Rusiyada Azərbaycana qarşı kəskin mövqeyin formalaşmasında Zatulinin "xüsusi xidmətləri" olub. Bu istisnasızdır və burada qəribə heç nə yoxdur. Məsələ ondadır ki, məhz Zatulinin ifadələrindən erməni mediası informasiya savaşında sui-istifadə etdi, çünki Ermənistan dövlətindən “Şərəf” ordeni alan Zatulin heç bir təkzib verməyəcəkdi.

İrad isə əlbəttə ki, sosial şəbəkə istifadəçiləri və bəzi media qurumlarınadır. Ermənilərin nə qədər yalan istehsalçısı olduğunu bilə-bilə bəzi media qurumlarının bu informasiya manipulyasiyasının toruna düşməsi təəssüfləndiricidir.axar/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.