“Bilirsiz ki, Hadı müəllim heç vaxt belə sözlər deməz. " - Hadı Rəcəbli bir daha dediyindən imtina etdi...
30-03-2018, 09:36
Osman Gündüz: “Yəqin ali rəhbərlik tərəfindən deputatın sözlərinə təpkilər oldu ki, sözünü geri götürdü”
Deputat Hadı Rəcəblinin Azərbaycanda sosial şəbəkələrin bağlanması ilə bağlı çağırışı mətbuatda geniş müzakirə mövzusuna çevrilib. Bu haqda məlumat yazan ölkə.az saytı bildirib ki, deputat son vaxtlar sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə aparılan kampaniyadan danışaraq bu təklifi səsləndirib.
“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.
Deputatın fikrincə, bu məsələdə bir addım belə geri çəkilmək olmaz. Çünki Azərbaycan prezident seçkiləri ərəfəsindədir, təxribatçıların da əsas məqsədi ölkədə sabitliyi pozmaqdır: “Dünyada gedən proseslərə baxsaq görərik ki, sosial şəbəkələr vasitəsilə Misir, Yəmən və digər ölkələri hansı vəziyyətə salıblar. Həmin ölkələri sadaladığım təxribatçı saytlar və sosial şəbəkələr vasitəsilə kütlə psixologiyasına uymaq yolu ilə xaos vəziyyətinə gətiriblər. Bütün bunlara görə də Azərbaycan xalqı həmin təxribatçı qrupların iç üzünü açmalıdır, mənəviyyatsızlığını ortaya qoymalıdır”.
Lakin deputat yenidən açıqlama verərək mətbuatda sözlərinin təhrif olunduğunu, vacib və aktual siyasi bəyanatının mənasının dəyişikliyə uğradığını bildirdi.
Hadı Rəcəbli bu haqda “Yeni Müsavat”a da açıqlama verib: “Bilirsiz ki, Hadı müəllim heç vaxt belə sözlər deməz. Bir şeyi yadda saxlamaq lazımdır ki, yalan ayaq tutar, amma yeriməz. Həqiqəti yazmaq, kütlə psixologiyasına uymamaq lazımdır.
Məgər mən müsahibəmdə demişəm ki, sosial şəbəkələr, o cümlədən facebook bağlanılsın? Amma başqa cür yazıblar. Təxminən 3 il bundan əvvəl də mənə qarşı bu cür hərəkət etmişdilər. Yazmışdılar ki, “Hadı Rəcəbli interneti bağlayacaq”. Yalandır! Müxalif fikir ola bilər, amma bir qədər ədalətli olmaq lazımdır".
Qeyd edək ki, bundan əvvəl də dəfələrlə hakimiyyət nümayəndələri arasında sosial şəbəkələrlə bağlı tənqidi fikirlər səsləndirilib. Elə bu günlərdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sosial şəbəkələrin idarəolunmaz amilə çevrildiyini açıqlamışdı: “Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq”.
Ümumiyyətlə, son illərdə dünyanın bir çox ölkələrində hakimiyyət baş verən olaylara bu və ya digər şəkildə müdaxilələr olunmaması üçün sosial şəbəkələri bağlayıb və yaxud bu barədə təkliflər irəli sürüb. Məsələn, 2016-cı ildə Türkiyədə baş verən terror olayları zamanı bir müddət Facebook, WatsApp, Twitter və YouTube sosial şəbəkələri bağlanmışdı.
Rusiya prezidenti Vladimir Putin isə Kemerovo şəhərindəki “Zimnıy Vişnya” ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı kimlərinsə sosial şəbəkələr vasitəsilə müdaxilələr edib, qəsdən ölənlərin sayını çox göstərərək camaatı qızışdırmağa çalışdığını demişdi.
Azərbaycan gəldikdə isə hələ ki hansısa sosial şəbəkələrin bağlanmasına rast gəlinməyib. Üstəlik prezident İlham Əliyev dəfələrlə xarici səfərlərində, beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanda internet azadlığı olduğunu vurğulayıb.
Maraqlıdır, bəs prezident seçkisi ərəfəsində ölkəmizdə sosial şəbəkələr vasitəsi ilə hər hansı qızışdırıcı müdaxilələr ola bilərmi? Hansısa sosial şəbəkənin bağlanması hakimiyyət üçün “baş ağrısı” gətirə bilərmi? Ümumiyyətlə, sosial şəbəkələrin bağlanılması mexanizmi necə aparılır?
Mövzu ilə bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a danışıb. Ekspert deputatın çağırışını absurd adlandırıb: “Ölkədə prezident seçkisi gedən ərəfədə dövlət nümayəndəsinin belə bir məsuliyyətsizlik edərək açıqlamalar verməsi absurddur. Bu necə ola bilər axı?
Azərbaycanın ən ağır vaxtlarında belə məhdudiyyətlərin qoyulması, bu cür çıxışlar, çağırışlar edən olmayıb. İndi isə ilin-günün bu vaxtında bu cür açıqlamalar verilməsi təəssüf doğurur. Bu, “nəfəsliyi”, “qapını bağlamaqdır” ki, bura heç kəs gəlməsin. Hesab edirəm ki, bu yolverilməzdir. Yəqin ali rəhbərlik tərəfindən Hadı Rəcəblinin sözlərinə təpkilər oldu ki, sözünü geri götürdü. Hadı Rəcəbli son illərdə bir neçə dəfə bu cür açıqlamalar verib. Bu açıqlamasını da o tipdən hesab edirəm. Hazırda seçki ilə bağlı ölkədə monitorinq aparan qurumlar var. Hesab edirəm ki, bu açıqlama onlar üçün “göydəndüşmə” oldu. Yəqin ki, bir müddət sonra xarici qurumların hesabatlarına baxanda deputatın həmin açıqlamasına rast gələcəyik. Buna görə də vətəndaşlar da, dövlət qurumlarındakılar da açıqlamlarında ehtiyatlı olmalıdırlar".
Ekspert sosial şəbəkələrin bağlanılması mexanizmindən də danışıb: “Müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə, Rusiyada sosial şəbəkələrin bağlanılmasının şahidi olmuşuq. Ümumiyyətlə, qlobal şəbəkənin mahiyyəti ondan ibarətdir ki, burada individual addımlar atmaq çətindir. Əgər hökumətlər qlobal resursların sahibləri ilə əməkdaşlıq edirlərsə, tərəflər razılığa gələ bilir. Adətən səbəb hansısa terrorların, olayların qarşısının alınması ilə bağlı olur. İnternet resurslarının sahibləri də əsasən böyük dövlətlərin istəyini həyata keçirir, nisbətən kiçik dövlətlərin istəklərinə maraqlı olmur. Məsələn, 2016-cı ildə Türkiyə hökuməti internet resuslarının sahiblərindən müəyyən məlumatların ötürülməsini və yaxud silinməsini istəmişdi. Lakin bunu əldə edə bilmədiyi üçün Hadı Rəcəblinin ”metodundan" istifadə edərək, “baltanı kökündən vurdu” və müəyyən müddət sosial şəbəkələri bağladı".