Azərbaycanda daha bir güllələnmə - 26 illik pul sövdələşməsi qanla bitdi

8-03-2016, 16:46           
Azərbaycanda daha bir güllələnmə - 26 illik pul sövdələşməsi qanla bitdi
Yevlax rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, dünən rayonun Xaldan kənd sakini, 1941-ci il təvəllüdlü Rüstəmov Adil Qulu oğlu güllələnərək qətlə yetirilib. Hadisəni törətmiş 52 yaşlı Musa Rzayev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.

Yevlax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı məlum olub ki, M.Rzayev 75 yaşlı kişini pul mübahisəsinə görə güllələyib. Belə ki, A.Rüstəmov rayonda əhaliyə faizlə borc pul verirmiş. Kənddə qəssablıqla məşğul olan M.Rzayev də ondan borc pul götürübmüş. Onlar arasındakı pul sövdələşmələrinin 26 ildən çox tarixi olub və M.Rzayev A.Rüstəmovdan götürdüyü pulu mal kəsib satandan sonra həmişə qaytarırmış. Son vaxtlarda isə ödənişlərdə gecikmə yaranıb və tərəflər arasındakı münasibətlər kəskinləşib. Bu səbəbdən A.Rüstəmov tez-tez M.Rzayevin qəssab dükanına baş çəkirmiş və pulun verilməsini tələb edirmiş. Vəziyyətinin yaxşı olmadığını deyən 52 yaşlı qəssab isə hər dəfə imkan tapıb borcu ödəyəcəyinə söz verirmiş.

Sonuncu dəfə isə 75 yaşlı A.Rüstəmov dünən qəssabxanaya gələrək pulunu tələb edib. Dükanın qarşısında M.Rzayev özü ilə gətirdiyi tüfənglə atəş açaraq onu öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.