Əhmədzadənin qalmaqallı idarə rəisi: İlyas Səfərovun korrupsiya xəritəsi və oğlunun gizli qəzası
12-02-2018, 00:05
Dövlət büdcəsindən ayrılmış milyonlarla vəsait təyinatı üzrə xərclənmir; Vüqar Səfərovun səbəb olduğu qəzada bir nəfər dünyasını dəyişsə də, günahkar bu günə kimi məsuliyyətə cəlb olunmayıb; Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov övladını həbsdən necə yayındıra bilib?
Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərov bir neçə ay bundan öncə vəzifəsindən azad olunaraq başqa işə keçirilib. Səfərov Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin ediblər. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birini belə mühüm vəzifəyə təyin etmək müəmmalıdır. Cumhuriyyet.az olaraq oxuculara xatırladaq ki, İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinə müdirlik edərkən bir sıra tender qalmaqallarına adını salmışdı. Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitlərini xərclədiyi qeyd edilir, bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı. Həmin idarəni viran günə qoyan Səfərovun Şirvana posta təyinat alması isə bu idarənin də məhvinə gətirib çıxaracaq.
Qeyd edək ki, Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir. Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır. Aydın məsələdir ki, bu daha gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Həmin ayrılmış vəsaitlər fonunda yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir. Bu əsnada cumhuriyyet.az olaraq daha bir maraqlı məlumatı diqqətinizə çatdıraq. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib: “Rəis bəzi üsullardan istifadə etməklə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb”. Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: “Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı “Jeep” gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107» ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm”. İdarə rəisi məsələ ilə bağlı başqa cür açıqlama versəydi, təəccüblənərdik. Hər halda, bütün faktlar aydınlığı ilə ortadadır. O özü də övladının cinayət törətməsini təsdiqləyir. Amma çox maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov hələ də azadlıqdadır. Gələn saylarımızda “Monolit”, “Nicat SK”, və “İlqar” MMC-lərin udduğu tenderlər, bu şirkətlərin kimə məxsus olması, Mingəçevir, Ağcakənddəki villalar və İlyas Səfərovun qardaşı Knyaz Səfərovun özbaşına əməlləri barədə geniş araşdırma yazısı dərc edəcəyik.
Qarşı tərəflərin də münasibət bildirmək hüququ var.