Mərdan Camalov qalmaqallı müavini özünə köməkçi gətirdi – Özəl
14-02-2018, 00:53
Şirvan Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Mərdan Camalov vəzifədən çıxardığı qalmaqallı müavinini özünə köməkçi təyin edib.
AzEuroNews.com-a verilən məlumata görə, Fəqan Həsənov təzədən ŞİH-də vəzifəyə təyinat alıb.
Şirvanda bələdiyyə sədrliyindən icra başçısı müavini postuna qədər yüksəlmiş F.Həsənov bu ilin yanvarında sonuncu iş yerindən azad olunmuşdu.
Bu günlərdə isə M.Camalov onu özünə köməkçi gətirib. Görünür ki, icra başçısı aranın sakitləşməsini gözləyibmiş.
Buna səbəb müavin təyinatında tələm-tələsik, Prezident Administrasiyasının razılığı olmadan qərar verməsi olmuşdu. PA M.Camalovdan müavinini dəyişməsini tələb etmişdi.
İcra başçısı isə F.Həsənovla müavini kimi yolları ayırsa da, ondan qopa bilməyib. İddialara görə, onları birləşdirən biznes maraqlarıdır.
Deyilənə görə, F.Həsənovun əsas işi M.Camalovun tapşırığı ilə Türkiyədən işıq dirəkləri gətirmək olub.
Belə iddialar səslənir ki, F.Həsənovun sənədləri PA-ya göndəriləndə Türkiyədəki “Hizmət hərəkatı” ilə əlaqələrinin olduğu üzə çıxıb.
Ona görə də mərkəzi hakimiyyət onun Şirvanda müavin olmasına razılıq verməyib. Buna baxmayaraq, Həsənov Mərdanovun köməkçisi təyin edilib.
Xəbər redaksiyamıza axşam saatlarında daxil olub və dəqiqləşdirmək üçün ŞİH-nə etdiyimiz zənglər cavabsız qaldı. Şirvan ŞİH-nin açıqlamasını dərc etməyə çalışacağıq.