Sevilyada 5 əsrdən artıq davam edən müsəlman hakimiyyətinin yadigarı – Giralda qülləsi.
5-01-2024, 09:54
Şəhər 712-ci ildə ərəblərin əlinə keçdi. Onun qədim Hisbaal-Hispal-Hispalis adı ərəblər tərəfindən İşbilya şəklinə salındı, müasir Sevilya adı da buradan törəndi.
Xilafətdə Əməvilər sülaləsinin devrilməsindən sonra İspaniyadakı ərazilər Bağdada tabe olmaqdan imtina edərək öz müstəqilliklərini elan etdilər. Sevilya da sonrakı beş əsr ərzində burada mövcud olan müxtəlif müsəlman dövlətlərinin (Kordova əmirliyi, Əlmürabilər, Əlmüvəhhidlər) tərkibində oldu. Kordova əmirliyi ilə Əlmürabilər arasındakı müəyyən dövrdə (1023-1091) müstəqil Sevilya tayfasının paytaxtı idi. Bütün bu əsrlər ərzində Sevilya müsəlman İspaniyasının əsas mərkəzlərindən biri idi.
İndi Giralda adlanan qüllə Sevilyanın Böyük məscidinin minarəsi kimi XII əsrin sonlarında tikildi və bu zaman Mərakeşdəki əl-Kutubiyyə minarəsinə bənzədildi.
Sevilyanın müsəlman erası 1248-ci ildə bitdi. Həmin ils Kastiliya kralı III Ferdinand şəhəri ispanlara qaytardı. Sevilyanın böyük məscidi kilsə kimi istifadə olundu. 1356-cı ildə zəlzələ nəticəsində dağılandan sonra yerində dünyanın ən böyük kilsələrindən biri sayılan Sevilya kafedral kilsəsi tikildi.
Minarə isə zəng qülləsi kimi istifadə olunurdu. XVI əsrdə qülləyə üç yeni yarus əlavə edildi. Tikilini indi kiçik heykəl tamamlayırdı. Bu heykəl həm də flüqer rolunu oynayırdı. Flüqerə isə ispanca giraldillio deyilir. Nəticədə qüllənin özünə də Giralda deyildi.
Əlavə tikililərdən sonra qüllənin hündürlüyü 70 metrdən 98 metrə çatdı.
Dünyadakı bir çox tikilinin Giraldaya bənzədilərək tikildiyi söylənilir. Bunların arasında Nyu-Yorkdakı İkinci Medison-Skver-Qarden, Floridada Azadlıq qülləsi, Klivlenddə Tauer Terminal, Moskvadakı “Yeddi bacı” adlandırılan (ruslar “Сталинские высотки” deyirlər) çoxmərtəbəli binalar, Varşavada Elm və mədəniyyət sarayı və s.
Giralda 1987-ci ildə UNESCO tərəfindən Dünya mirası siyahısına salınıb.
Yadigar Sadıqlı
Teref: Xocanın Blogu