Sabir Rüstəmxanlı: “Dağlar ermənilərin, dəniz də öz “ermənilərimizin” əlindədir...”
10-07-2019, 20:51
“Bu problemlərə görə, camaat baş götürür gedir balkanlara, Rusiyaya... Azərbaycan camaatı öz ölkəsində istirahət edə bilmir, yetim-yesir kimi düşüblər başqa ölkələrə”.
Bunu Vətəndaş Həmrəyliyinin Partiyasının sədri, Azərbaycan xalq şairi Sabir Rüstəmxanlı deyib.
Məmurlar tərəfindən Xəzər dənizinin hasarlanmasına etirazını bildirən Xalq şairi bu məsələnin dəfələrlə qaldırıldığını xatırladır. S. Rüstəmxanlı bildirir ki, Xəzərin sahilində əksər yerlər düzənlikdir, bir neçə yerdə yüksəklik var və onlar da qorunmalıdır.
“O, bölgənin gözəlliyidir. Amma Qaradağ postunun yaxınlığında mayak var. O təpəciyi belə daşıyıblar. Dənizin içinə torpaq tökənlər, orda körpü tikənlər, şəhər salanlar yol polisinin olduğu yerdə normal bir yüksəkliyi məhv edib apardılar. Deyən olmadı ki, dur ay bala, bu torpağı sənin nə ixtiyarın var daşıyırsan?
Eləcə də o sahillər. Əvvəl qərar qəbul edildi ki, evlər dəniz kənarından 150 metr aralı olsun.
Bəs bu dəniz kənarında evlər tikənlər kimlərdir? Elə o insanlardır ki, qərarlar qəbul edirlər- nazirlər, yüksək vəzifə sahibləri, məmurlar, imkanlı şəxslər bunlardır.
Onlar sonra məcbur elədilər ki, qanun dəyişilsin, dəyişildi də - məsafə 50 metrə salındı. Amma bu da onları qane etmədi. Artıq dənizin içinə giriblər.
Dəniz hamınındır. Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil. Ona görə də Qaradağ rayonunda dənizin qırağında tikilən evlər kimidir, bu bəllidir. O evlər hamısı sökülməlidir, torpaqlar boşaldılmalıdır, ya da ki, o evlər qeyri-qanuni tikildiyi üçün müsadirə olunub, verilməlir xalqa.
Doğrudur, mülkiyyət toxunulmazdır amma sual olunur, o mülkiyyətlər kimdən icazə alınaraq tikilib? O torpaqlar hansı qanuna əsasən alınıb? Əgər o torpaqlar alınıbsa, bu torpaqları qeyri-qanuni verən insanlar tapılıb niyə cəzalandırılmırlar?”.
S. Rüstəmxanlı deyir ki, bu məsələ Milli Məclisin iclaslarında ən azı 20-30 dəfə bu məsələ qaldırılıb: “Xalq artisti, böyük sənətkar Zeynab Xanlarovadan tutmuş, iqtidarlı, müxalifətli bütün deputatlar bu məsələni səsləndiriblər.
Tikililər şəxsi evlərdir. Bu evlər bir kənara, kimlərsə şifahi icazə alıb gəlib neçə hektar ərazini tutub hasarlayıb, bir qapı qoyublar.
Bəs millətin, xalqın, Abşeron əhalisinin, tarixi, kökü bura aid olan, dədəsinin babasının qəbri burda olan insanların, onlara aid olan köhnə çimərliklərdə gedib pulsuz-parasız istirahət etməyə haqqları var, ya yox?
Novxanı, Şıxov çimərliyi hamısı zəbt olunub. Hə, ola bilsin ki, bir neçə çimərliyi yalandan “xalq çimərliyi” adı ilə saxlayıblar. Amma unudurlar ki, bütün çimərliklər xalq çimərliyidir. Ola bilsin ki, orda istirahət üçün, yemək və içmək üçün bir neçə yer açıla bilər. Amma bu o demək deyil ki, bütün ərazilər tutulsun.
Qarabağı ermənilər işğal edib, Abşeronu da pullular işğal edib. Bəs bu millət hara getsin?
Dağları ermənilərin əlində, dənizləri də öz “ermənilərimiz”in əlində... Millət Muğanda, Mildə yanmalıdır?
Bu məsələ bağlı da tədbir görülməməsinin səbəbi aydın şəkildə ortadadır. O tikilən evlər tədbir görməli adamlarındır. Onlar necə özləri özlərinə qarşı tədbir görə bilərlər?”. (“Yeni Sabah”)