Sabiq nazirin ibadətinə ilahiyyatçılardan reaksiya
13-07-2019, 09:38
Hacı Əbdül: “Ziya Məmmədov əgər günahlarının bağışlanmasını istəyirsə, etdiyi səhvləri anlayırsa, bu halı yalnız alqışlamaq olar”; Kənan Rövşənoğlu: “Tövbə edən adama, onun dininə ikrah etmək haqqımız yoxdur”
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun “Yeni Müsavat”a müsahibəsi ictimaiyyətdə böyük səs-küyə səbəb oldu. Xüsusilə də sabiq nazirin dinlə bağlı söylədiklərinə sosial şəbəkələrdə xeyli reaksiyalar verildi. Əvvəlcə məlumat üçün bildirək ki, Z. Məmmədov qəzetimizə müsahibəsində bildirmişdi ki, o, yaranandan, ağlı kəsəndən Allahı tanıyır, Allaha bəndəlik edir, onu sevir, əməli-saleh olmağa çalışır:
“İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm. Hər bir müsəlmanın borcudur ki, ibadət etsin. İmanı olan insan namaz qılmalıdır. İslam dininin daşıyıcısı olmağımızla hər birimiz fəxr etməliyik. Mən də fəxr edirəm. Bu həyat müvəqqətidir. Ölüm mütləqdir. Allah da xəbərdarlıq edir ki, Qiyamət günü mütləq gələcək, insan əməlinə görə sorğu-sual olunacaq, cənnət-cəhənnəm müəyyənləşəcək. Bu həyatın özü enişli-yoxuşlu yol olduğu üçün, əzablı, lənətlənmiş yol olduğu üçün çalışmaq lazımdır ki, o dünyada heç olmasa cənnəti qazanasan, günahlarını yuyasan. Bu dünyada hər birimiz günah işlədə bilirik. İstədik, istəmədik, günah edə bilirik. Çalışırıq ki, həmin o günahları tövbə edib Allah qarşısında təmizləyək. Mən xalqıma, dövlətimə həmişə sədaqətli olmuşam. Sədaqətimdən də geri dönən deyiləm. Azdan-çoxdan mənim insanlara münasibətim çoxlarına bəllidir. Gördüyüm işlər də çoxlarına bəllidir, görüblər, qiymətləndiriblər. Allah hamısından razı olsun”.
Bu sözlərə reaksiya verən sosial şəbəkə istifadəçiləri sabiq naziri vəzifədə olarkən günah işlətməkdə, dövlət büdcəsindən pul yayındırmaqda, keyfiyyətsiz yollar çəkməkdə qınayıblar. Bəzi şəxslər bildirirlər ki, haram yolla var dövlət toplayan adamın ibadət etməsi anlaşılan deyil.
Lakin məsələ ilə bağlı ilahiyyatçılar fərqli fikirdədirlər. “Yeni Müsavat”a danışan “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bildirib ki, Ziya Məmmədovun bu əməli ancaq alqışlana bilər: “Hər bir insan səhvini anlayıb, tövbə edib, Allahdan bağışlanmasını istəyə bilər. Burada pis olan heç nə yoxdur. Ziya Məmmədov da əgər günahlarının bağışlanmasını istəyirsə, etdiyi səhvləri anlayırsa, bu halı yalnız alqışlamaq olar. Dediyi kimidirsə, kimsə hansısa iradı bildirə bilməz. Təbii ki, tövbə qapısı hər zaman açıqdır. Ən ağır günah etmiş insan belə tövbə edib, Allahdan bağışlanmasını istəyə bilər. Lakin namaz qılmaqla iş bitmir. İnsan gərək yaxşılıqlar da edə, imkansızlara yardım əli uzada. Belə olarsa, insanın günahlarını inşallah ki, Allah da bağışlayar. Bir daha bildirirəm ki, burada pis heç nə yoxdur”.
“Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlu da bildirib ki, hər kəs yanlış əməllərinə görə tövbə edib, Allahdan bağışlanmasını istəyə bilər:
“Hər kəs ömrünün bir vaxtında, nə zamansa tövbə edib. Adam var ki, ömrü boyu namaz qılır, ancaq nə zamansa günah işlədir və bu günahdan tövbə edir. Hətta hədislərdə var ki, tövbə etmək insanın imanı üçün çox yaxşı haldır. Çünki insanların günahları, xətaları çoxdur. Ziya Məmmədovun da tövbə etməsində qəbahətli bir hal yoxdur. O, müsəlman kimi vəzifəsini yerinə yetirir. Namaz qılmaq o deməkdir ki, sən müsəlman olaraq öz vəzifəni icra edirsən. Namaz savab iş deyil. Bu, özünə müsəlman deyən şəxsin boynunda olan öhdəlikdir. Bura eyni zamanda Həcc ziyarətinə getmək, oruc tutmaq, imkansızlara yardım etmək də daxildir. Ziya müəllim də müsəlman kimi vəzifəsini yerinə yetirir. Həmçinin onu da qeyd edim ki, müsəlmanın bir vəzifəsi namaz qılmaqdırsa, ikinci işi də odur ki, o, hala-harama riayət edə. Yəni malına haram qatmaya, oğurluq etməyə, yalan danışmaya. Müsəlman olmaq təkcə namaz qılmaqla deyil. Namaz qılmaq sadəcə olaraq ibadətdir. Ancaq eyni zamanda insanın dili, əli var ki, bunlara da nəzarət etməlidir. Yəni insan gərək həm də nəfsinə hakim olsun. Oğurluq edib namaz qılırsa bu, doğru hal deyil. Xalqın malını oğurlayıb, sonra da namaz qılmaq bir yerə sığmaz. Ancaq istənilən halda tövbə qapısı həmişə açıqdır. Hər kəs tövbə edə bilər. Biz də inanırıq ki, Allah tövbə edənləri bağışlayır. Tövbə etmək o deməkdir ki, insan etdiyi əməldən peşman olub. İnanmalıyıq və etiqadımız budur ki, tövbə edib və bir daha o əmələ qayıtmayan insanların Allah tövbələrini qəbul edir”.
K.Rövşənoğlu bildirib ki, biz o insanları ikrah edə bilmərik:
“İnsanların keçmişini üzünə vurmaq olmaz. Bu, bizim üçün böyük günahdır. Allah bağışlayırsa, insanlar kimdir ki, onu bağışlamır. Günah da, tövbə də Allahla həmin insanın arasında olan məsələdir. Haqq, hüquq var. Etdikləri əməllərə görə ya buradakı, ya da o biri dünyadakı məhkəmədə cavab verməli olacaq. Ancaq bizim tövbə edən adama, onun dininə ikrah etmək haqqımız yoxdur”.
Əli RAİS,
“Yeni Müsavat”