“Gürcüstan sərhədçiləri bir qrup vətəndaşın Azərbaycan ərazisinə qanunsuz keçməsinə imkan verməməliydi”
17-07-2019, 18:58
“Azərbaycan-Gürcüstan sərhədində baş verən təxribatı iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq istəyən üçüncü qüvvələr təşkil edib”.
Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev Keşikçi Dağı Məbəd-Kompleksində baş verən son insidenti şərh edərkən bildirib.
Onun sözlərinə görə, Gürcüstanda ölkənin Azərbaycanla sıx tərəfdaşlıq münasibətlərini gözü götürməyən müəyyən siyasi qüvvələr və qruplaşmalar var: “Onların bəziləri Ermənistan tərəfinin müəyyən tapşırıqlarını yerinə yetirirlər. Həmin qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinə qeyri-sabitlik yaratmağa çalışırlar. Bu münasibətlərə hər hansı bir xələl gətirmək üçün canfəşanlıq edənlər istəklərinə heç zaman nail ola bilməyəcəklər”.
Ə.Babayev deyib ki, Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyası bu məsələdə xüsusi fəallığı ilə seçilir: “Sərhəddə baş verən insidenti, əsasən, partiyaya məxsus “Obyektiv” televiziya kanalı işıqlandırıb. Bu partiya illərdir Gürcüstan ictimaiyyəti arasında Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparır”.
GAMK sədri Keçikçidağda təxribatın təşkil olunmasında baş rahib Onianini ittiham edib: "Oniani bir qrup vətəndaşın sərhədi pozaraq Azərbaycan tərəfə keçməsini təşkil edib. İnsident zamanı azərbaycanlı sərhədçilərin çox soyuqqanlı davranması təqdirəlayiqdir. Sərhədçilər vəziyyətin daha da gərginləşməsi və ağır nəticə ilə yekunlaşmasına imkan vermədilər. Gürcüstan sərhədçilərinin bir qrup vətəndaşın qanunsuz olaraq Azərbaycanın nəzarəti altında olan ərazilərə keçməsinə imkan verməsi də böyük sual doğurur. Onlar qanun pozuntusuna yol verməməliydilər”.
Ə.Babayev vurğulayıb ki, bu günə qədər strateji tərəfdaş və dost ölkə olan Gürcüstan və Azərbaycan arasında heç bir problem olmayıb: “Sərhədin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyət göstərir və artıq müəyyən irəliləyişlərin əldə olunduğu bildirilir. Ümid edirik ki, danışıqlar mehriban qonşuluq münasibətlərinin ruhuna uyğun formada davam etdiriləcək və proses uğurla başa çatdırılacaq”.