"O qədər oğurlamışdılar ki..." - Araz Əlizadə yenə ittiham edir
25-07-2019, 12:35
"Son dövrlər işsizlik problemi həll olunub, daha partiyalarda çoxlu avara insanlar toplanmır. O vaxt adamların işi-gücü yox idi, gəlib partiyalarda avara-avara dayanırdılar".
Bu fikirləri Reyting.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib. O bildirib ki, həmin dövrdə rəhbəri olduğu ASDP-də də işsiz, avara adamlar çox idi.
Millət vəkili hesab edir ki, o adamların əksəriyyəti "bəlkə də qayratdılar" fikri ilə yaşayırdılar, ona görə də siyasi partiyalara toplaşırdılar: "Yaratmaq, işləmək, pul qazanmaq imkanları yarandığına görə insanlar avara-avara gəzməyə son qoydular. Ona görə də daha oralarda toplanmırlar.
Əvvəllər meydana yüz min adam çıxırdı, indi nə qədər adam çıxır? Çünki camaatın işi-gücü var. Gəlib bu yarıtmaz müxalifətin yanında niyə boş yerə vaxt itirməlidir?
İnsanlar peşə, iş, karyera haqqında fikirləşir, uşaqlarının gələcəyini düşünürlər. Buna uyğun da hərəkət edirlər. Belə olan təqdirdə müxalifətin sıraları boşalır və meydana çıxarmağa adam tapmırlar".
A. Əlizadə onu da qeyd edib ki, artıq müxalifətə inam qalmayıb. Onun sözlərinə görə, insanlar bu düşərgədə olub zərbə almaqdan bezib: "Bu, həmin müxalifətdir ki, 88-ci ildə insanların başını divara çırpdı, 90-da, 92-də də insanları uçuruma apardılar, 2003-cü ildə isə insanları aldatdılar. Axı insanların başı bunlara görə nə qədər zərbə altına düşəcək? Bir qrup savadsız, amma ambisiyaları yüksək olan insanlar ortaya düşüblər, illərdir ki, ortadan çıxmaq fikirləri də yoxdur. Onların şəxsi maraqları var. Yenə də deyirəm, bu adamlar hələ “bəlkə də qaytardılar”, - yuxusundan ayılmayıblar. O vaxt bir ildə o qədər oğurlamışdılar ki, ağızlarında şirə qalıb".