“Həmişə deyirdim ki, bu peşəyə əlavə vaxt sərf etməyin” - Əvəz Zeynallı

26-07-2019, 10:13           
“Həmişə deyirdim ki, bu peşəyə əlavə vaxt sərf etməyin” - Əvəz Zeynallı
Hər iki qızı yüksək balla Türkiyə universitetlərinə qəbul olunan baş redaktordan “Yeni Müsavat”a ilginc açıqlamalar
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının hər iki övladı - Selcan və Banu Türkiyə universitetlərinə yüksək nəticə ilə daxil olub. Həmkarımızın bu sevincini bölüşmək, həmçinin hər verilişi olaya çevrilən “Qaynar qazan”ın sahibi ilə digər mövzularda söhbətləşmək istədik. Telefon zəngimizə cavabında redaksiyamıza dəvətimizi məmnuniyyətlə qəbul etdi və övladları ilə birgə gəldi. Demə, şəhər gəzintisinə çıxıbmışlar, sadəcə, sözümüzü yerə salmadıqları üçün istirahətlərinə ara verib “Yeni Müsavat”a gəliblər.

- Əvəz bəy, təşəkkür edirəm, dəvətimizi qəbul etdiyiniz üçün. Amma bir qeydimi deyim ki, açığı, sizinlə budəfəki görüşümüzün əsas səbəbkarları ilə gəlişiniz çox xoş oldu. Sizi övladlarınızın uğuruna görə ürəkdən təbrik edirik!

- Təşəkkür edirəm. Vallah, təsadüfən belə alındı. Görünür, elə siz də bu niyyətdəymişsiz. Deyir “niyyətin hara, mənzilin ora”. Selcan böyük qızımdır, İstanbul Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinə qəbul olub. Amma genəldə qəzetçilik, jurnalistika gedir.

- Deməli, ata-anasının peşəsini davam etdirəcək?

- Anası da, mən də istəyirdik ki, təbib olsun. Əslində ikisi də jurnalist olmaq istəyib. Mən həmişə deyirdim ki, siz onsuz da jurnalist ailəsində böyümüşünüz, jurnalistikanı bilirsiniz, saytla işləməyi, saytı tam idarə etməyi bacarırsınız. Demək olar ki, jurnalistikanın bütün sirlərini öyrəniblər. Ona görə də həmişə deyirdim ki, bu peşəyə əlavə vaxt sərf eləməyin, başqa bir sənətlə məşğul olun, yenə də jurnalistika həmişə sizin yanınızda olacaq. Amma iş elə gətirdi ki, Selcan universitetin ictimaiyyətlə əlaqələr fakültəsinə qəbul oldu. Banu da jurnalist olmaq istəyirdi. Banunun da özünün əlavə hobbiləri var. Hətta hobbi müəyyən dərəcədə peşəkarlığa çevrilib. Koreya dilini müəyyən dərəcədə öz-özünə öyrənməyə çalışıb. Koreyanın çox məşhur müğənni qrupları var, onların mahnıları çıxan kimi, o mahnıları dərhal türkcəyə çevirib YouTube-da qoyurdu. Özünün YouTube müəyyən işləri də var. Biz çox çalışdıq ki, uşaqların ikisindən biri tibbə getsin. Nəhayət, Banu bizi qəbul elədi.

- Özü də yüksək balla qəbul olunub, bildiyimə görə...

- Bəli, 100-də 100 topladı. Maksimum nəticə toplayıb İstanbul Universitetində tibb fakültəsini qazandı. Selcansa 89 bal topladı. Amma Selcan eyni zamanda Bakı Mühəndislər Universitetində oxuyurdu, ingiliscə. Dərsləri də çox idi. Həm də bu il Selcan özünü “məğlubedilməz” hesab etdi, bir az rahatladı. Yəni buradakı təhsilini tamamlamadan bacısı ilə birgə İstanbula gedəcək. Hədəfləri çox böyükdür. Elə mənim də hədəflərim böyükdür. İndiki uğurları onlar üçün ilkin mərhələ hesab edirəm.

Xahişimizlə qızlar da söhbətə qoşulub bir neçə kəlmə deyirlər. Maraqlıdır, gənc tələbələr təhsillərini uğurla başa vurandan sonra Azərbaycana dönmək, burada çalışmaq istəyirlərmi, yoxsa planları başqadır?

Selcan:

- Təbii ki, Azərbaycana qayıdacağam. Amma ondan əvvəl Türkiyədəki təhsilimi Avropada, Amerikada davam etdirmək istəyirəm. İnşallah, daha mükəmməl təhsil alıb vətənimə dönməyi düşünürəm. Hələlik jurnalistikanı seçmişəm, amma hüquq sahəsində də çalışmaq istəyirəm.

Banu:

- Mən də xaricdə təhsilimi, uzmanlığı başa çatdırandan sonra Azərbaycana qayıdacağam və həkim olacağam, inşallah!

- Maraqlıdır, jurnalist ailəsində böyümək necə hissdir?

Qızlar bir ağızdan “mükəmməl” deyirlər. Banu əlavə edir: “Bəzi məsələlər də var”.

- Bəs darıxdırıcı olmur ki?

Selcan:

- Yox, əksinə, çox əyləncəlidir. (Gülüşmə) Ölkədəki bütün proseslərdən xəbərdar olmaq çox maraqlıdır.

Əvəz bəy “sarı sim”ə toxunur:

- Uşaqlar həbsxana həyatını da görüblər axı...

Banunun replikası:

- Amma o, əyləncəli deyildi.

Əvəz Zeynallı bu yerdə həbsxana həyatına ekskurs edir:

- Mənim həbsxana gündəliklərimin adı “Selcanın məmləkəti”dir. İlk həbs olunduğum gün yatmadım. Elə gözümü yumdum - Selcan, gözümü açdım-Selcan. Mənim gündəliklərim var, kənddən, hərbi xidmətdən, Türkiyədən belə, gündəlik yazmışam. Amma həbsxana həyatında gündəlik yazmaq fikrim yox idi. Selcan bunların hamısını mənə yuxuda dedi və mən də elə səhərisi gündən etibarən yazmağa başladım, kitabı da belə adlandırdım. 3 aydan sonra mənə dedilər ki, müstəntiq guya sənə lütf olaraq ailəvi görüş verir, 2011-ci il, dekabrın 29-da. Amma müstəntiq deyib ki, sadəcə, mən istəmirəm Əvəz müəllimin qızları gəlsin, onu burada görsün, o uşaqlar travma ala bilər. Onda Selcanın 10, Banunun 8 yaşı var idi. Sonra müstəntiq özü də mənə dedi ki, görüş verirəm, amma istəmirəm uşaqlar gəlsin. Mən ona çox ağır söz dedim. Dedim, vallah, siz uşaqların travma alacağını, mənəvi cəhətdən sarsılacağını düşünürdünüzsə, niyə onların atalarını şərləyirdiniz? Dedim, mənim qızlarım sizin kimi polkovniklərdən ləyaqətlidir, onlar gələcəklər, bu dəmir məhəccərləri görəcəklər, rahat, heç bir travma almadan da qayıdacaqlar. Selcan da, Banu da Ağır Cinayətlərdəki bütün məhkəmə proseslərimə gəldilər. Düzdür, qanunla uşaqların iştirakı olmaz, amma orada tolerant yanaşırdılar.

- Çox keçmiş olsun, Əvəz bəy! İstəməzdim həyatınızın ağır dönəmlərindən danışaq. Amma bunsuz da keçinmək olmur. Sizin gündəliklərinizin bir hissəsi də Göyçənin Ağbulaq kəndindən bəhs edir şübhəsiz. O yerlər necə, yuxunuza girirmi?

- Bəy, ümumiyyətlə, mən yuxularımı kənarda görmürəm. Bilmirəm, hamıdamı belədir? Mənim doğulduğum kəndlə - Ağbulaqla Ankaranın təbiəti o qədər oxşardır ki... Mən Ankarada oxuyanda həmişə kəndimizi yada salırdım. Özü də Ankara qazlaşmamış şəhərdir. Qışda həddindən artıq soyuq, yayda çox isti şəhərdir, eynən bizim kənd kimi. Bizim kənddə də qar dizə vururdu. Durub baxırdım ki, hər evin bacasından tüstü çıxır. Ankara da elədir. Qazlaşmadığı üçün adamlar kömür, odun yandırır. Qarda dururdum ki, şəhərin evlərindən tüstü qalxır. Qızıl Ayın ortasında baxırdın ki, bir maşın kömürü töküblər və daşıyırlar. Mənə o qədər maraqlı gəlirdi ki...

- Siz də Türkiyədə ali təhsil almısınız. Tale elə gətirdi ki, qızlarınız da ilk addımlarını Türkiyədən atdılar...

- Mən istəyirdim hər ikisi Ankaraya qəbul olsun, buna çalışdıq. Sonra baxdıq ki, Ankaranın xüsusi prestiji var, Ankara universitetləri daha çətindir, həm də maliyyə məsələləri var.

- Yeri gəlmişkən, uşaqların təhsili ilə bağlı ödəniş problemləri yaranmayacaq ki?

- Təbii ki, olacaq. Elə indi onu düşünürəm. Amma böyük ehtimal var ki, Selcan bursa düşsün. Burs olanda ödənişsiz olur, hər şey dövlət hesabına həllini tapır. Banu bizi çətinə salacaq, çünki Türkiyədə tibb sahəsində güzəştlər yoxdur.

- Hər halda, sizin kontingentdə imkanlı adamlar, dostlarınız olmamış deyil. Eyni zamanda Əvəz Zeynallının populyarlığı öz sözünü deyə bilər...

- Açığı, bizim populyarlığımız və kontingentimiz bizə heç bir zaman gəlir gətirməyib. Yəni bizim bütün işlərimizin maddi tərəfi hər zaman zəif olub. Çalışmışıq, vuruşmuşuq. Kontingent dediyimiz insanlar da bəzən çəkiniblər, ehtiyat ediblər, həbs olayından əvvəl də, sonra da. Amma bütün hallarda əsasən qızların özlərinə inanıram ki, bunlar daha yaxşı oxuyacaqlar. Məsələn, Banu son 20-25 ildə oxuduğu kursda ilkə imza atdı, İstanbul Universitetində 100 topladı. Mən əminəm və əslində ona arxayınam ki, orada da dərslərini yaxşı oxuyacaqlar, yalnız 100 bal toplayacaqlar.

- Amma o da ola bilər ki, iş adamları, təhsilə dəstək vermək istəyənlərdən xoş mesaj gəldi...

- O daha yaxşı olar. O mənada dostlarımız da çoxdur. Banu artıq öz-özünə bir kampaniya yaradıb, özünə bir hücrə yaradıb, kassa ayırıb, altına da yazıb: “Banuya yardım fondu”. (Gülüşmə) Selcansa rahatdır, çünki bursludur. Banu o gün səhər məni çağırıb ki, bax, ata... Görürəm ki, Banu bir banka qoyub, üstünə də yazıb ki, maddi və mənəvi yardımlarınıza açığam. Sonra da yazıb ki, maddi baxımdan olmasa da olar, amma mənəvi baxımdan yardımlarınızı gözləyirəm. Bu, mənə nəyi xatırlatdı? Doğrudan da “atalar və oğullar” məsələsi var. Banudan soruşdum ki, Banu, sən bizim ozamankı kampaniyalarımızdan məlumatlısan? Dedi, yox, ata. O zaman Banu çox uşaq idi. 2009-2010-cu illərdə bizim böyük kampaniyalarımız var idi, mən mətbuat konfransı keçirirdim, 3 kiloluq bankanı qoyurdum, üstündə yazırdım ki, “Xural”ı xilas edin! Onda oxucular gəlirdi, bizə kömək edirdilər. O gün baxıram və öz-özümə düşünürəm ki, atanın getdiyi yoldur, indi Banu da çıxış yolu kimi bu variantı seçib. Yəqin düşünüb ki, ay Allah, görəsən, necə olacaq, deyib hə, elə mən atamdan başlayım.

- İnşallah, nəticə yaxşı olar və belə kampaniyaya da ehtiyac qalmaz. Əvəz bəy, “Qaynar qazan”a “saldığınız həmsöhbətləriniz barədə fikirləriniz maraqlıdır. Bu barədə nə deyə bilərsiniz?

- Siz uzun illərdir peşəkar jurnalistika ilə məşğulsunuz, hakimiyyətli-müxalifətli əksər şəxslərdən müsahibələr götürürsünüz. Görürsünüz nə qədər çətindir? Biz deyirik ki, demokratik ölkə quraq. Tutaq ki, bu sistemdən, bu rejimdən narazıyıq da. Amma bizim demokratik ölkə qurmaq istədiyimiz adamlar belə, danışmaq istəmir. Yəni ölkə elə bir mühitdədir ki, nə hakimiyyəti, nə müxalifəti...Təsəvvür edirsiniz, açıq sualdan nə qədər çəkinənlər var... Təsəvvür edirsiniz, “Qaynar qazan”da durum nə qədər çətindir. Son 3-4 ayda birinci prezidentimiz Ayaz Mütəllibov özü xahiş etdi ki, mən “Qaynar qazan”da danışmaq istəyirəm. Sonra biz Tural Abbaslıdan müsahibə götürdük. Bir də Mirşahin zəng etdi ki, danışmaq istəyirəm.

- Danışmaq istəməyənlər mövqelərini nə ilə izah edirlər?

- Mən bizim çox hörmətli dostumuz Qüdrət Həsənquliyevi “Qaynar qazan”da danışdırmaq üçün çox çalışdım. Yaxınları vasitəsilə xəbər göndərdim, müavinlərə dedim ki, gəlsin, söhbət edək. O dedi ki, Əvəz istəyirsə, oturaq, söhbət edək, müsahibə verək, amma mən hesab eləmirəm ki, kimin ağlı var, “Qaynar qazan”a getsin. Bu məsələlər çox uzun zaman kəsiyində olub, ona görə ad çəkdim.

- Siz hətta ölkə xaricinə də çıxdınız...

- Bəli, biz Avropada Qənimət Zahidlə və Arif Məmmədovla görüşüb danışdıq. Açığı, mən ora səfər etmişdim, “həm ziyarət, həm ticarət” oldu. Amma Türkiyədə Becan Fərzəliyevlə görüşdüm. Becan müəllim müsahibə vermək istədi, biz məhz bu məqsədlə getdik, çəkdik, gəldik.

- Hakimiyyət nümayəndələrini necə, “Qaynar qazan”a dəvət etmişiniz?

- Çox təşəbbüs göstərmişəm.

- Konkret kimləri dəvət etmisiniz?

(Davamı növbəti sayımızda)

Elşad PAŞASOY,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.