Sahibkarların diqqətinə - Prezident fərman imzaladı

18-03-2016, 01:12           

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli qanunun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli qanunun tətbiqi barədə” prezidentin 2013-cü il 28 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.



Fərmana əsasən, qanuna aşağıdakı dəyişikliklər edilib.



1. Aşağıdakı məzmunda 13.4-cü maddə əlavə edilsin:

“13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.”.



2. 20.7-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Yoxlayıcı tərəfindən bu Qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır.”.



3. 34.1-ci maddədə “inzibati” sözündən sonra “(yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına)” sözləri əlavə edilsin.



4. Aşağıdakı məzmunda 34.5-ci maddə əlavə edilsin:

“34.5. Verilmiş şikayət və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər səbəblər əsasında müvafiq icra hakimiyyəti orqanı yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması və ya qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, yuxarı dövlət orqanı isə yoxlayıcı orqanlar (yoxlayıcılar) tərəfindən yoxlamaların qeydiyyatı ilə bağlı tələblər və prosedurlar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görməlidirlər.”.



5. 35.1-ci maddədə “tələblərinin” sözü “yoxlamalarla bağlı müəyyən edilmiş tələblərinin və prosedurlarının” sözləri ilə əvəz edilsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.