Obama prezidentləri Vaşinqtonda görüşdürür - masada nə var?
19-03-2016, 09:45
ABŞ Qarabağ təşəbbüskarlığında önə keçir; Cəbhədə gərginliyin artması fonunda Ağ Evin iki ölkə başçılarını bir araya gətirəcəyi xəbəri yayılıb; Minsk Qrupu həmsədrlərinin də təmasa çalışdığı deyilir; danışıqları dalandan çıxarmaq üçün daha bir fürsət var, əgər...
Qarabağ danışıqlarında ötən ilin əvvəllərindən özünü göstərən durğunluq dövrü davam edir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bir neçə il öncə münaqişənin həllinə dair irəli sürdükləri, “Madrid prinsipləri” adlanan həll paketini tərəflər fərqli şəkildə qəbul etdiklərindən (məsələn, Azərbaycan ona bir neçə düzəliş təklif edib), nizamlanma prosesi dalana girib və hələ də çıxa bilmir.
Bu müddətdə həmsədrlər bölgəyə etdikləri çoxsaylı səfərlər nəticəsində yalnız Azərbaycan və Ermənistan prezidentlərinin bir neçə görüşünü təşkil eləməyə müvəffəq olublar. Həmin görüşlərdə də heç bir ortaq sənəd, hətta şifahi bəyannamə belə qəbul olunmayıb. Bununla belə, vasitəçilər prezidentlər İlham Əliyev və Serj Sərkisyan arasında növbəti birbaşa təmasın reallaşması üçün səyləri davam etdirir.
Siyasi müşahidəçilərə görə, həmsədrlər bu yolla heç olmasa, təmas xəttində vaxtaşırı özünü göstərən və yeni müharibə riskini gücləndirən hərbi eskalasiya hallarını azaltmağa, tərəflər arasında qismən də olsa, etimad atmosferi formalaşdırmağa ümid edirlər.
***
Bu arada martın sonu-aprelin əvvəlində Vaşinqtonda keçiriləcək qlobal Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ prezidenti Barak Obamanın Azərbaycan və Ermənistan prezidentlərini görüşdürə biləcəyi barədə xəbər yayılıb. Məlumata görə, həmsədrlər də belə bir təmasın baş tutması üçün səylər göstərirlər. “Diplomatik mənbələr bildirir ki, həmsədr ölkələr, xüsusən də ABŞ Vaşinqtonda İlham Əliyevlə Serj Sərkisyanın görüşünü təşkil etmək üçün səylərini əsirgəmir”, - deyə mənbə qeyd edib.
Bəzi iddialara görə, masa üzərində tərəflər arasında etimad mühitinin yaradılmasına yönəlik yeni elementlər də ola bilər. Söz düşmüşkən, ötən ilin sonunda bir qrup amerikalı konqresmen təşəbbüsə dəstək üçün prezident Obamaya ayrıca məktub-müraciət yollayıb.
Xatırladaq ki, hər iki prezident Amerika sammitinə dəvət alıb. Onlar arasında sonuncu birbaşa görüş isə ötən ilin dekabrın 19-da, İsveçrənin Bern şəhərində keçirilmişdi. Görüşə həmsədrlər də qatılmışdı. Bundan az sonra İlham Əliyev Bern görüşünün formal xarakter daşıdığını, yəni əhəmiyyətsiz olduğunu bildirmiş, bunu Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə əlaqələndirmişdi.
***
Qarabağ danışıqlarında durğunluğun əsas baiskarı da elə işğalçı Ermənistanın öz havadarı Rusiyaya arxalanaraq neçə vaxtdır nümayiş etdirdiyi maksimalist mövqedir. Lakin söhbət indi ABŞ-ın mümkün təşəbbüskarlığından gedir. Hərgah, Barak Obamanın prezidentlik müddətinin bitməsinə bir şey qalmır, bununla belə, Vaşinqtonun istəyi ciddi olarsa, Qarabağ danışıqlarını durğunluqdan çıxarmaq mümkün görünür.
Minsk Qrupunun Amerikadan olan sabiq həmsədri Metyu Barayza da bildirmişdi ki, Birləşmiş Ştatlar, xüsusən də ABŞ prezidenti məsələdə aktivlik nümayiş etdirməli, Azərbaycan və Ermənistan prezidentlərini Ağ Evə çağıraraq onları görüşdürməli, təşəbbüskarlığı artırmalıdır.
Bəs Vaşinqtonda prezidentlərin görüşü gerçəkləşərsə, nizamlama prosesi bundan nə qazana bilər?
Bəzi təhlilçilər bununla bağlı ehtiyatlı mövqe sərgiləyir. Əvvəla, son vaxtlar təmas xətti boyu gərginlik yenidən artıb. Erməni işğalçı qüvvələrinin itkiləri çoxalmaqdadır. Belə hesab edilir ki, gərginliyin artması Vaşinqton sammiti ilə də bağlı ola bilər. Yeri gəlmişkən, ATƏT sədrinin Qarabağ məsələsi üzrə şəxsi nümayəndəsi Anji Kasprşik dünən xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə təmas xəttindəki durumdan narahatlıq ifadə edən fikirlər söyləyib.
***
Şübhəsiz ki, Vaşinqtonun Qarabağ məsələsində fəallığı ələ alması ilk növbədə Rusiyanı qıcıqlandıracaq. Bu üzdən Vaşinqtonda prezidentlərin mümkün görüşü ərəfəsində təmas xəttində situasiyanın yenidən kəskinləşəcəyini istisna eləmək olmaz. Hər halda, şimal qonşumuz nəyi bacarmasa da, təxribatlar yaratmağı yaxşı bacarır.
Təəssüf ki, Qarabağ konfliktinə Rusiyanın təsir imkanları hələ ki, ən güclü olaraq qalır...