ABŞ: "Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırıq"
19-03-2016, 11:04
Azərbaycanda bir sıra hüquq müdafiəçisi, fəal və jurnalist prezident sərəncamına əsasən azad edilib.
Martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bu Əfv Sərəmcamı ilə 150-yə qədər insan azad edilib. Onlar arasında beynəlxalq təşkilatların "siyasi məhbus" kimi tanıdıqları şəxslər də var.
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bildirib ki, ABŞ Azərbaycan hökümətinin "insan haqları sahəsindəki işlərinə görə və ya fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımını alqışlayır".
"Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırıq. Biz həmçinin hökuməti eyni azadlıqlardan istifadə etdiklərinə görə həbs edilmiş sayılan digər məhbusları da azad etməyə və azadlığa çıxmışların hərəkət etmə azadlığlarına qoyulmuş məhdudiyyətləri aradan götürməyə çağırırıq", cənab Kirby əlavə edib.
Beynəlxalq Sülh naminə Carnegie Fondunun (Carnegie Endowment for International Peace) böyük elmi işçisi Tom de Waal əfv fərmanını "müsbət" addım kimi dəyərləndirib.
“İki il əvvəl Azərbaycan hökuməti insan hüquqları müdafiəçilərinə qarşı təqiblərə başlayaraq çox sayda tanınmış hökumət tənqidçilərini məhbəsə atıb. Həbs olunanlardan bir neçəsi hazırda əfv olunub. İnsan haqları müdafiəçisi Rasul Cəfərov əfv olunub və həbsdən azad olunan tanınmış jurnalist Rauf Mirqədirova şərti cəza verilib. Bunlar həqiqətən də müsbət addımlardır”, o BBC Azərbaycancaya müsahibəsində deyib.
Tom de Waal ehtimal edir ki, prezident İlham Əliyevin Vaşinqtondakı Nüvə Sammitinə səfərindən əvvəl və ABŞ konqresinin Azərbaycan rəsmilərinə qarşı viza məhdidiyyətlərilə bağlı qanunvericiliyin müzakirəsi ərəfəsində atılmış addım Washingtonu sakitləşdirmək məqsədini güdə bilər.
Eyni zamanda ekspert “yalnız hakimiyyəti tənqid etməklərinə görə hələ də barmaqlıqlar arxasında qalan” adamları yaddan çıxarmamağa səsləyib.