Lavrov Bakıya Putinin xahişi və xüsusi tapşırığı ilə gəlir

28-03-2016, 10:06           
Lavrov Bakıya Putinin xahişi və xüsusi tapşırığı ilə gəlir
Azərbaycanın böyük güclər yanında geosiyasi çəkisi artır; Rusiya diplomatiyasının “ağır topu”nun çantasında daha nələr ola bilər? Azərbaycanın strateji önəmi indi həm də onun Moskva-Ankara münasibətlərini normallaşdırmaq bacarığına bağlıdır; rusiyalı ekspert: “Bakı vasitəçilik rolunu öz üzərinə götürməyə hazırdırmı?
Rusiya diplomatiyasının “ağır topu” sayılan xarici işlər naziri Sergey Lavrovun bu həftə Bakıya səfər edəcəyi gözlənilir. Ziyarətin tarixi haqda danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ötən həftəsonu deyib ki, səfər üzərində iş gedir. Sitat: “Səfərin tarixi və müzakirə olunacaq məsələlər Azərbaycan tərəfi ilə dəqiqləşdirilir. Dəqiqləşmə aparılandan sonra əlavə məlumat veriləcək”.

İstənilən halda bu ziyarət sübhəsiz ki, önəminə görə əvvəlkilərdən kifayət qədər fərqlənəcək. Çünki nazirin səfəri ərəfəsində regional şərtlər mühüm dəyişikliklərə uğrayıb, o sırada Rusiya Suriyadan öz qüvvələrinin böyük hissəsini çıxarıb, Suriya böhranının dinc həlli ilə bağlı müəyyən hərəkətlilik yaranıb, prosesdə Türkiyəyə ehtiyac artıb, Ankara-Moskva münasibətlərində də maraqlı gəlişmələr var və s.

Lavrov, yəqin ki, prezident İlham Əliyevlə də görüşəcək - ancaq böyük ehtimalla, ölkə başçısı ABŞ-dan qayıtdıqdan sonra. Söz düşmüşkən, ABŞ prezidenti Barak Obamanın Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində İlham Əliyevlə Serj Sərkisyanı bir araya gətirəcəyi ilə bağlı məlumatlar yayılıb. Kreml isə, bəllidir ki, ABŞ-ın Qarabağ vasitəçiliyinə qısqanc yanaşır. İstisna deyil ki, Lavrovun ziyarəti zamanı Qarabağ məsələsi ətrafında Vaşinqton görüşündən sonra yaranmış situasiyanın dəyərləndirilməsi də olsun.

***
Rusiyalı ekspertlər XİN başçısının Bakı səfərinə mühüm önəm verirlər. Məsələn, tanınmış politoloq Aleksandr Perenciyevin fikrincə, qarşıdakı səfər ilk növbədə Rusiya-Azərbaycan əlaqələrinin indiki durumunun müzakirəsinə, siyasi və iqtisadi məsələlərin razılaşdırılmasına həsr olunacaq. “Terrorizmlə, ilk növbədə də İŞİD-lə mübarizə, Xəzər dənizində özünü göstərən problemli məsələlər və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri danışıqlarda əsas mövzulardan olacaq. Şübhəsiz ki, Dağlıq Qarabağ konflikti və ətraf rayonlar probleminin nizama salınması da diqqət mərkəzinə gətiriləcək. Ancaq Qarabağ məsələsində hansısa ciddi irəliləyiş gözləməyə dəymir. Düşünürəm ki, Moskvanın mövqeyi belə formulla ifadə olunacaq: öncə iqtisadi, yolüstü isə cari siyasi problemləri həll eləmək lazımdır, Qarabağ problemini isə əlverişli iqtisadi bazada həll eləmək lazımdır” - deyib ekspert.

Aydındır ki, politoloq Azərbaycanın Avrasiya İttifaqına qoşulması zəruriliyinə işarə vurur. Lakin Bakının bu məsələdə mövqeyi bəllidir və Rusiyanınkı ilə üst-üstə düşmür: öncə ərazilər boşaldılmalı, sonra iqtisadi-siyasi ittifaqlara qoşulmaq mümkünləşə bilər.

Bəs, rusiyalı nazirin çamadanında daha nələr və ya Putinin Bakıya hansı xahiş-çatdırışları ola bilər?

Perinciyev: “Belə demək olar ki, hazırkı beynəlxalq siyasi şərtlər fonunda rəsmi Bakı Rusiya-Türkiyə konfliktinin həllində vasitəçi ola bilər. Sual da budur ki, Azərbaycan bu rolu öz üzərinə götürməyə hazırdırmı?” Politoloqa görə, məhz bu suala cavab Lavrovun Bakı səfərində həlledici əhəmiyyət daşıyacaq.

“Azərbaycanın mövqeyi dünyanın bu hissəsində hadisələrin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir - üstəlik, elə bir vaxtda ki, bu mövqe dünya güc mərkəzlərinin energetika, nəqliyyat və infrastruktur sahələri üzrə strategiyası ilə birbaşa əlaqəlidir. Qərbin Azərbaycanın resurslarından istifadə edərək, Avropanın ehtiyaclarını Rusiyadan yan keçməklə ödəmək və Rusiyanın blokadası üçün yararlanmaq istəyi də unudulmamalıdır”. Bu sözləri isə digər rusiyalı tanınmış ekspert Qriqori Trofimçuk Bakıya son vaxtlar Rusiya və Qərbdən güclənən “emissar axını”nı şərh edərkən bildirib.

Başqa bir tanınmış rusiyalı politoloq və sosioloq Mixail Neyjmakov da hesab edir ki, Azərbaycanın böyük dövlətlər üçün önəmi ciddi şəkildə artıb. “Türkiyə və Azərbaycan prezidentlərinin son Ankara görüşünün yekunu və orada imzalanan sənədlərdə əslində sensasion deyil. Belə danışıqlar zamanı həmişə nə isə kadr arxasında qalır. İstisna deyil ki, bağlı qapılar arxasında Rusiya və İranla danışıqlarda Bakının vasitəçilik rolu müzakirə olunub. Bakının Moskva və Ankara arasında mümkün vasitəçilik rolundan indiyədək çox danışılıb. Bütövlükdə hətta Azərbaycana soyuq münasibətdə olan müşahidəçilər də etiraf edir ki, regionda nüfuz mübarizəsi apara dövlətlər arasında çoxsaylı ziddiyyətlərin həllində Bakının rolu ciddi şəkildə artmaqdıdr” - qeyd edib analitik.

***
Yeri gəlmişkən, Rusiya-Türkiyə münasibətlərində axır vaxtlar bir stabil ilıqlaşma meyli duyulmaqdadır. Xüsusən də Kreml rəsmilərinin son açıqlamaları bu yöndə ümidverici sayıla bilər. Məsələn, Rusiya XİN-in rəsmisi Mariya Zaxarova deyib ki, Ankara-Moskva münasibətlərində konflikt müvəqqətidir. “Əlbəttə ki”, - deyə Zaxarova jurnalistin “Ankara-Moskva münaqişəsi müvəqqətidirmi” sualına cavab verərkən deyib.

Öz növbəsində Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko eyni gündə söyləyib ki, Kreml Türkiyə ilə münasibətlərin “donunu açmağa” hazırdır, bir şərtlə ki, o, vurulan “Su 24" təyyarəsinə cavabdehliyi etiraf eləsin. ”Rusiya-Türkiyə münasibətləri, yumşaq desək, yaxşı deyil. Bildiyiniz kimi, soyuqluq bizim günahımız ucbatından baş verməyib" - deyib spiker və təəssüflə əlavə edib ki, “hələlik Türkiyə tərəfdən məsuliyyətə etiraf eləməklə bağlı heç işarə də yoxdur”.

Türkiyə iqtisadiyyat nazirinin müavini Fatih Mətin isə bir neçə gün öncə Sənaye və İş Adamları Dərnəyinin toplantısında söyləyib ki, Rusiya “Su-24" böhranından sonra sərgilədiyi sərt mövqeyindən geri çəkilir, sanksiyalarını geri götürməyə başlayıb.

Bütün bunlardan qabaq isə Rusiya hökuməti və parlamenti qardaş ölkəyə, həm də Azərbaycana jest olaraq qondarma erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun layihəsini geri qaytarmış, ardınca Rusiya ilə Türkiyə arasında 1921-ci ildə imzalanmış Moskva dostluq müqaviləsinin, həmin müqavilənin nəticəsi kimi Qars müqaviləsinin (1921) ləğvi təşəbbüsünü rədd eləmişdi.

Nəhayət, Rusiyanın Suriyada hərbi əməliyyatları əsasən dayandırması həm də Türkiyə ilə toqquşmaq istəyinin olmamasını göstərən başqa bir pozitiv jest idi...
***
Göründüyü kimi, Rusiya tərəfində “Su 24" insidenti ilə bağlı əslində müəyyən yumşalma var, Moskvanın ritorikası da əvvəlki deyil. İndi Kreml birmənalı şəkildə üzrxahlıq, kompensasiya, rus pilotu vuranın həbsini tələb eləmir, uzaqbaşı ”məsuliyyətin etirafı" şərtini qoyur, yaxud heç bunu da qoymur, əlaqələrin korlanmasından təəssüf ifadə edir.

Bütün bunlar əslində barışıq öncəsi mərhələnin qiymətli əlamətləridir. Qalır bu jest və ismarışları praktik məcraya yönəldib də Ankara-Moskva münasibətlərində noyabrın 24-dən başlayan, Azərbaycanı da qəliz duruma salan böhranlı dönəmi qapatmaq. Bundan ötrü rəsmi Bakının vasitəçilik bacarığı həqiqətən də açar rolu oynaya bilərdi. Çünki belə görünür, barışıq üçün Ankaranın da hansısa qarşılıqlı müsbət addımına lüzum olacaq. Azərbaycanın isə qardaş ölkəyə təsir imkanları böyükdür.

Lavrovun qarşıdakı səfəri bu kontekstdə də qiymətli ola bilər. Hər halda, gələn ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna qatılmaq üçün Bakıya gələcək. Demək, bir daha saatları Bakı vaxtı ilə tutuşdurmaq imkanı yaranacaq. musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.