“Kiminsə yıxılması, kiminsə hakimiyyətə gəlməsi üçün o torpaqlar getdi” - Allahşükür Paşazadə
30-03-2016, 13:10
“Kiminsə yıxılması, kiminsə hakimiyyətə gəlməsi üçün o torpaqlar getdi. Mən bu hadisələrin içərisində olmuşam, çox böyük xəyanətlər oldu. Bəlkə də o sirlərin çoxu mənimlə gedəcək. Əgər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, indi kiminsə köləsiydik”.
APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsində 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri Heydər Əliyev tərəfindən 31 martın Dünya Azərbaycanlılarının Soyqırım Günü elan edilməsinin mühüm addım olduğunu vurğulayıb: “Ermənilər harada olurlarsa olsunlar, öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Heydər Əliyevin də SSRİ-nin rəhbərliyindən uzaqlaşdırılmasında ermənilərin rolu oldu, sonra Qarabağ məsələsi başladı. Mən bütün erməni xalqını demirəm, ancaq içərilərində ekstremistlər çoxdur”.
A. Paşazadənin fikrincə, Azərbaycanın inkişafı erməniləri qorxudur və bu səbəblə xaricdə daha çox çığır-bağır salırlar: “20 Yanvarda baş verənlər SSRİ-nin Azərbaycana qoşun yeritməsi kimi təqdim olunur. Əslində bu, ermənilərin Azərbaycanı işğal etmək cəhdi idi. Biz 20 Yanvar hadisələrində çox çalışdıq ki, şəhidləri indiki yerdə dəfn edək. Buna imkan vermək istəmirdilər. Ona görə orada dəfn etmək istədik ki, Bakıda 1918-ci ildə törədilən soyqırımda həlak olanları məhz orada, Çəmbərəkənddə dəfn etmişdilər”.
QMİ sədri qeyd edib ki, Şuşa işğal olunarkən o zamankı dövlət rəhbərinin yanında olub: “Ancaq Şuşanın getməsini elə qarşıladılar ki, elə bil adi bir şey olub. Kiminsə yıxılması, kiminsə hakimiyyətə gəlməsi üçün o torpaqlar getdi. Mən bu hadisələrin içərisində olmuşam, çox böyük xəyanətlər oldu. Bəlkə də o sirlərin çoxu mənimlə gedəcək. Əgər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, indi kiminsə köləsiydik. Torpağımız da, vəzifələr də bölüşdürülmüşdü. Heydər Əliyev canı, qanı bahasına şimaldan, cənubdan olan təhlükələri neytrallaşdırdı”.