Səhhətinə görə uçuşdan azad olmuş qadınların sığorta stajının hesablanması qaydası dəyişib
13-09-2017, 08:57

Nazirlər Kabineti “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajının hesablanması qaydası ilə bağlıdır.
Qaydaya əsasən hazırda mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanıb:
- təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünüb;
- avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünüb.
Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən qeyd edilən sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara azı 15 il sığorta stajı olduqda tətbiq olunub. Dəyişikliyə əsasən uçuş işindən səhhətinə görə azad olmuş qadınlar üçün sığorta stajının hesablanması qaydasına dair tələblərin sayı artıb. Başqa sözlə, bundan sonra uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən sığorta stajının hesablanması qaydası uçuş işindən səhhətinə görə azad qadınlara azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə tətbiq olunacaq.