Ziya Məmmədov paytaxtda necə narazılıq yaradır... - Şəhər nəqdiyyatı tam iflic olub
14-09-2015, 16:00
İstifadəyə yararsız avtobusları şəhər marşurutlarına kim buraxıb? Nəqliyyat Nazirliyndə bu suala cavab verəcək yetkili tapılmadı.
“Transqeyt” MMC-nin bağlanmasının pərdə arxası; Nəqliyyat naziri uzun müddətdir bağlanması haqqında söz-söhbət gedən “Transqeyt” MMC-yə aid olan marşurutu ləğv etdikdən sonra şəhər nəqliyyatı iflic olub; narazı və həyatları təhlükə altına atılan sərnişinlər kimə şikayət edəcəklərini belə bilmirlər...
Yeni Günəşli yaşayış sahəsindən bir qrup sakin PİA.AZ-a müraciət edərək avtobus marşurutunda yaranmış problemləri ilə bağlı şikayət ediblər. Sakinlərin bildirdiyinə görə bir neçə gün əvvəl Yeni Günəşlinin əsas avtobus marşurutlarndan biri olan 50 saylı maşurutda işləyən iri tutumlu avtobuslar daha az tutumlu, köhnə, istifadə müddəti çoxdan başa çatmış və texniki cəhətdən tamamilə nasaz olan avtobuslarla əvəz olunub. Sakinlər bildirirlər ki, bu avtobusların hələ ötən əsrin 90-cı illərində amortizasiya müddəti bitib:
«Hazırda 50 saylı marşurutda işlədilən avtobuslar texniki cəhətdən istifadəyə tamamilə yararsızdır. Avtobuslar marşuruta çıxan gün yarıdan çoxunun yolda qalması da bunu sübut edir. Ən böyük problem isə avtobusların az tutumlu olması ilə yanaşı oturacaqlarının bərbad vəziyyətdə olmasıdır. Əvvəllər 50 saylı marşurutda sərnişin sıxlığı ancaq pik saatlarda bir neçə saat yaşanırdısa, indi bütün gün sıxlıq yaşanır. Uşaqlı qadınlara belə oturacaq yetmədiyi üçün ayaq üstə gedirlər. Hələ yaşlı qadınları demirik. Əvvəlki avtobusları marşurutdan çıxaranlar ya bizə yeni, texniki cəhətdən nasaz olmayan və iritutumlu avtobuslar ayırsınlar, ya da əvvəlki avtobusları marşuruta bərpa etsinlər. Bu bizim tələbimizdir.
Həmin avtobusları marşuruta buraxan insanlar buyursunlar, öz avtobuslarında bir dəfə sərnişin olsunlar. O zaman bizim nə çəkdiyimizi görəcəklər. Amma sərnişin daşıma mədəniyyətinə sahib olmayan bu insanların avtobuslara minməyinə inanmırıq. Belə olmasaydı onlar tam olaraq texniki təhlükəsizlik şərtlərinə cavab verməyən sınıq-salxaq avtobusları marşuruta buraxıb həm bizim təhlükəsizliyimizlə və əsəblərimizlə oynamazdılar».
Sakinlər onu da bildirdilər ki, onlar bu məsələ ilə bağlı kimə şikayət edəcəklərini bilmirlər. Çünki istifadəyə yararsız avtobusların hansı şirkətə məxsus olmasını bilmirlər. Əvvəlki avtobuslarda müdriyyətin telefon nömrələri olsa da, indikilərdə əlaqə nömrələri yoxdur. Sürücülər isə müdriyyətin nömrəsini verməkdən imtina edirlər. Bu vəziyyətin nə qədər davam edəcəyini isə heç kim bilmir.
Qeyd edək ki, 50 saylı marşurut «Neftçilər» metrosundan Yeni Günəşli yaşayış sahəsinə gedir və bu yaşayış sahəsində ən çox çox sərnişin daşıyan marşurut hesab olunur.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovla əlaqə saxlamağa çalışsaq da, Namiq müəllim bu dəfə də öz ənənəsinə sadiq qalaraq telefonu açmadı. Ancaq yaranan problemin ciddi olduğunu və təkcə 50 saylı marşurutla əlaqəli olmadığını nəzərə alarsaq, Nəqliyyat Nazirliynin rəsmilərin bu məsələyə açıqlıq gətirmələri vacibdir. Çünki vəzifəsi Azərbaycan vətəndaşlarına və Bakı şəhər sakinlərin pullu xidmət göstərmək olan nazirlik hansı məntiqlə Bakının bir çox marşurutlarına istifadəyə yararsız avtobusların buraxılmasına açıqlıq gətirməlidirlər. Həmçinin Bas Dovlət Yol Polisi Idarəsi (BDYPI) üzərinə düşən vəzifəni icra eləməli və həmin avtobusların hamısını cərimə meydançalarına aparmalıdır.
Bu arada PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Nəqliyyat naziri Ziya Məmmədov “Transqeyt” MMC-yə aid olan marşurutları məhz şəxsi qərəzinə görə ləğv edib. Belə ki, “Transqeyt” MMC mətbuatın yazdığı kimi heç də nazirə aid deyil. Bu şirkətin bir zamanlar Ziya Məmmədovun ən yaxın ətrafına aid olan və sonradan nazirlə yolları ayrılan iş adamı Hafiz Məmmmədova aid olducu bildirilir. Bu üzdən də Ziya Məmmədov keçmiş ortağına zərbə vuraraq “Transqeyt” MMC-yə aid olan marşurutları ləğv edib. Bu barədə daha ətraflı növbəti yazımızda məlumat verəcyik. Hələlik isə deyə bilərik ki, Nəqliyyat nazirinin şəxsi qərəzinin hesabına yüz minlərlə sərnişin əziyyət çəkməkdədir.
Hesab edirik ki, “Transqeyt” MMC-yə aid olan marşurutların bağlanması şəxsi qərəzlikdən irəli gəlsə belə, bu nazirliyin və nazirin səlahiyyətinə aid olan məsələdir. Amma Nəqliyyat Nazirliyi və cənab nazir Bakı şəhərində sərnişin daşımanı ən yüksək səviyyədə həyata keçirməklə vəzifəlidirlər və buna görə də məsuliyyət daşıyırlar. O zaman sual olunur. Şəhərin onlarla marşurutuna istifadə müddəti tükənmiş, heç bir texniki təhlükəsizlik şərtlərinə cavab verməyən avtobusların çıxarılmasına görə kim məsuliyyət daşıyır?
İlkin olaraq Nəqliyyat Nazirliyi və Ziya Məmmədov bu sualın cavabına aydınlıq gətirməlidir.
Qarşı tərəfin mövşeyini dərc etməyə hazırıq...