Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini azaldır

14-09-2015, 20:25           
Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini azaldır
Ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2016-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 1 milyard 896 milyon 600 min manat vəsait ayrılması proqnozlaşdırılır. Bu barədə Trend-ə Maliyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, gələn ilə sosial müdafiə və sosial təminat sahəsi üçün nəzərdə tutulan xərclər ötən ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 144 milyon manat (7,1%) çoxdur.

Lakin sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz olacaq ki, bu da əvvəlki illə müqayisədə 2,0 faiz-bənd çoxdur.

Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 100,0 milyon manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsilə Azərbaycan Respublikasında pensiya təminatı ilə bağlı qarşıda duran vəzifələrin həllinə, 555,5 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 224,4 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, gələn ilin büdcə xərclərinin 16,264 milyard manat olacağı proqnozlaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.