Zakir Fərəcov uşaq baxçalarını yoxladır
16-09-2015, 17:58
Bir neçə il əvvəl uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq yerli rayon İcra hakimiyyətlərinin tabeliyinə verilmişdi. Bu qərarla məktəbəqədər təhsilin keyfiyyətinin artırılacağı qeyd edilirdi. Amma məktəbəqədər təhsilin keyfiyyətində gözlənilən dəyişiklər olmadı.
Təhsil naziri Mikayıl Cabbarov da uşaq bağçalarında vəziyyətin qənaetbəxş olmadığını qeyd edib və bildirib ki, uşaqlar birinci sinifə oxumağa gələnə qədər təhsil bilikləri zəif olur.
Sumqayıt şəhərinin yeni icra başçısı Zakir Fərəcov isə artıq bu məsələnin üzərinə ciddi düşüb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, yeni başçının göstərişi ilə şəhərdəki uşaq bağçalarında yoxlamalara başlanılıb, neqativ hallar araşdırılır. Eyni zamanda Sumqayıtda hansı bağçaların təmirə ehtiyacı olduğu da araşdırılır..
İcra başçısının göstərişi əsasında məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanma şəraiti də yoxlanılırr.
İcra Hakimiyyətindən bildirilib ki, hazırda Sumqayıtda 60-a yaxın bağça var. “Düzdür, bağçalarda sıxlıq yaşanır, bura normativdən artıq uşaq qəbul edilir. Amma bununla belə, uşaqların hamısını qəbul etmək olmur və onlar məktəbəqədər təhsildən kənarda qalırlar”.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, icra başçısı Zakir Fərəcov bu işin üzərində ciddi şəkildə düşdüyü üçün, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva şəxsən yoxlamalarla özü məşğul olur.