Bakı milyonçusunun rus imperatoru Nikolayla maraqlı sərgüzəşti- TARİX

1-01-2018, 14:36           
Bakı milyonçusunun rus imperatoru Nikolayla maraqlı sərgüzəşti- TARİX
Hacı Hacağa Sadıqov XIX əsrin sonu XX əsrin əvvəllərindəki Bakının əsas mənzərəsini müəyyən edən 11 Bakı milyonçusundan biri olub. Hacı haqqında olan bir əhvalat sonradan bütün Qafqaz və Çar Rusiyasında məşhur imiş.
Hacı bir gün Peterburqa gedib, çoxlu mal alır. Ancaq limanda deyirlər ki, daha yük qəbul etmirik, malları ancaq yazda, altı aydan sonra götürəcəyik. Özü nəql edirmiş ki, o qədər yükün yarım il anbardaqalma xərci neçə min manat edəcəyini fikirləşəndə az qaldım dəli olam, baş soxmadığım idarə qalmadı, heç nə eləyə bilmədim. Əlim hər yerdən üzüldü, başladım Fitilbörk ( Peterbuqrq) küçələrində hərlənməyə. İri bir kilsənin qabağına çatanda yorulub oturdum. Bir qoca mənə yaxınlaşıb dedi ki, arxanı çarın sarayına tərəf çevirib oturma, buraya tez-tez durbinlə baxırlar, acıqlarına gələr. Ehtiyatsızlıq edirsən, gəlib səni tutarlar, məni də qulluqdan qovarlar, bir tikə çörəyim var, o da əlimdən çıxar. Durdum ayağa, başladım mərmər qəbirlərin arasında hərlənməyə; qoca kişidən xəbər aldım ki, bu qəbirlər kimindir. Cavab verdi ki, imperatorların, onların arvadlarının, böyük knyazların, generalların qəbirləridir. Bir qəbrin yanında oturub başladım ağlamağa. Ürəyim dolu idi, az qalırdı partlasın. Heç yarım saat keçməmişdi ki, bir də gördüm iki əfsər mənə yaxınlaşıb dedilər ki, dur düş qabağımıza gedək bizimlə. Düşdüm qabaqlarına. Məni gətirdilər padşahın evinə. Mərmər pillələrlə qaldırdılar, bir neçə bəzəkli otaq keçdim. Orta yaşlı hərbçi bir arvadla pəncərədən bayıra baxırdılar. Ayaq səsinə döndülər, kişi əlindəki durbini arvada verdi, mənə tərəf gəldi. O saat tanıdım ki, Nikolay padşahdır. Təzim etdim. Soruşdu ki, kimsən, nə üçün gəlmisən. Arvad da gəldi yanımıza. Dedim ki, Bakıdan gəlmişəm. Tacir babayam. Xəbər aldı ki, o qəbirlərin yanında niyə oturmuşdun, niyə ağlayırdın. Dedim ki, onlara ağlamaq, ruhlarına dua eləmək savabdır, bizim borcumuzdur. Dediklərimi arvada firəng dilində başa saldı. Üzgözündən anladım ki, sözlərim onun da, padşahın da xoşuna gəlib. Xəbər aldı ki, indi burda neyləyirsən. Dedim çoxlu mal almışam, amma limanda yük götürmürlər. O, qapıdakı zabitə nə tapşırdısa, zabit dəftərçəsini çıxardıb yazdı; sonra məni qaldığım mehmanxanaya apardı və tapşırdı ki, səhər saat doqquzda hazır ol, gəlib səni aparacağam. Sübh tezdən qalxıb namaz qıldım, bir stəkan qəhvə içib, başladım gözləməyə. Zabit gəlib çıxdı, məni faytona mindirib böyük bir imarətə apardı. Qapıda qılınclı-tapançalı zabitlər o saat təzim elədilər, qapını taybatay açdılar. Yenə böyük bir otağa girdik. Haçasaqqal, uzunbığ, ahıl bir hərbçi ayağa qalxıb mənə sarı gəldi, aparıb yumşaq stulda yer göstərib, oturtdu. Dilmancı çağırdılar. Hər şeyi dedim, yazdılar. Mənə iki zabit qoşub göndərdilər limana. O saat kağızları yazıb verdilər, malları götürdülər. Bakıya çatanda, gördüm ki, yüklər məndən tez gəlib, daşıyıblar anbarlara... Neçə il sonra Hacı Hacağanı Peterburqa dəvət edirlər. Vağzala düşəndə iki zabit gəlib onu qarşılayır, kareta dayanan yerə aparırlar. Hacı Hacağa xəbər alır ki, bu araba kimindir. Başa salırlar ki, bu karetanı çar sənə özü göndərib ki, oturasan. Hacı Hacağa Xorasan kürgünü çiyninə salır və deyir: “Gedək, rəiyyət padşah arabasına oturmaz, padşahın arabası qabaqda gedər, rəiyyət də onun dalınca piyada... Bunun özü böyük şərəf, böyük fərəhdir...”.turaninfo.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.