Terrorçunun artist oğlu, yarımçıq sevda, azərbaycanlı uşaqların məşhur “Kosa”sı... HƏYAT HEKAYƏTİ

Bu gün, 12:44           
Terrorçunun artist oğlu, yarımçıq sevda, azərbaycanlı uşaqların məşhur “Kosa”sı... HƏYAT HEKAYƏTİ
Alman tacirin ailəsindən çıxan “Mazelli”nin keşməkeşli ömür yolu

“Sən dedin göygöz kosa pis adamdır?” Xatırladınız, yəqin, çünki baxa-baxa böyüdüyümüz Azərbaycan filmlərdən birinin məşhur cümləsidir. Rejissor-ssenarist Əlisəttar Atakişiyevin 1959-cu ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Bir qalanın sirri” filmindən söhbət gedir. Əslində, söhbət filmdən də deyil, həmin filmdə Göygöz Kosa obrazında çəkilən aktyor Andrey Feytdən gedir. Niyə? Çünki onun kimliyi maraqlıdır.

Bizim Göygöz Kosa, “Uzaq sahillərdə”n Mazelli kimi tanıdığımız sovet aktyoru, Rusiyanın əməkdar artisti Andrey Fayt (Feyt) 1903-cü il avqustun 29-da inqilabçı ailəsində anadan olub. İnqilabçı deyəndə ki...

İxtisasca həkim olan atası Andrey Yulyeviç Feyt alman taciri ailəsindəndir, Rusiya “Narodnaya Volya” təşkilatını yaradanlardan biri olub. 1879-cu ildə qeyri-leqal fəaliyyətə başlamış siyasi təşkilatdır. Təşkilatın mübarizə yolu əsasən siyasi elitaya qarşı fərdi şəkildə terror aktları həyata keçirmək idi. Bu yolla guya çar hökumətini demokratik islahatlara və nəhayətdə sosialist münasibətlərin bərqərar olmasına məcbur edəcəkmiş.

Nəhayətdə isə özü Eserlər Partiyasının Mərkəzi Komitəsinin üzvü kimi bir neçə dəfə həbs olunur, hətta Şərqi Sibirə sürgünə göndərilir. Oktyabr inqilabından sonra isə Siyasi Məhbuslara və Sürgün Olunmuşlara Yardım Komitəsində çalışıb.

Anası Anna Nikolayevna Feyt də ərinin fəal silahdaşı idi. Ailəsi 1812-ci ildə, Napoleon müharibələri zamanı Rusiyaya köçüb.

Andrey Nijni Novqorodda doğulub, atası Çitadan sürgündən dönərkən ailəsi onu orda gözləyən zaman. Ailənin ikinci uşağı idi.

1905-ci ildə atası Narımsk vilayətindəki növbəti sürgün zamanı öz xəstələrinin köməyi ilə Fransaya qaçmağa müvəffəq olur. Az sonra arvadı və oğlanları da onun ardınca gedirlər. Onlar Paris yaxınlığındakı rus koloniyasında yaşayırdılar, balaca Andrey də oradakı liseydə oxuyurdu.

Birinci Dünya Müharibəsi zamanı atası Fransız ordusunda könüllü olaraq həkim kimi çalışıb. Verdun cəbhəsində üstəlik tibb bacıları üçün kurslar təşkil etdiyinə görə əməyi yüksək qiymətləndirilib. “Düşmən atəşi altında göstərdiyi cəsarət və fədakarlığa görə” Hərbi Xaç ordeni ilə təltif olunub.

Müharibə bəzən insanları istəmədikləri halda şərqdən qərbə, yaxud, əksinə, ata bilər. Onların da ailəsi, Andreyin anası uşaqları ilə birlikdə sonradan Moskvaya qayıdıb. Bir qədər sonra Andrey Yulyeviç də onların arxasınca getməli olub. Anası ömrünün sonuna qədər məktəbdə sanitar həkimi işləyib.

Andrey isə bütün bu keşməkeşlərə rəğmən, uşaqlıqdan musiqi ilə məşğul olurdu. O, bütün üzvləri şeir yazan, rəsm çəkən, aktyorluq edən, bir sözlə, yaradıcı olan “Ke-Ke-Si” adlanan Kamer sənət dərnəyinin üzvü idi. Üzvlər arasında Yeganə musiqi bəstələyən isə Andrey idi.

Məktəbdən sonra o, Hərbi Hava Donanması üzrə mühəndislik institutuna daxil oldu, bəzən belə də olur, dalğa insanı sahildən sahilə atır. İstəmədiyi sahilə düşən Andrey iki ildən sonra məktəbdən çıxır. Amma yerini də tapa bilmir, müxtəlif sahələrdə çalışır, gənclik illərində yazdığı şeirləri “Ehtiras şəlaləsi” adlı topluda çap etdirir.

Aktyorluğa Alyoşa Maslennikovun “Möhtəşəm degeneratların gəmisi” əsərinin səhnələşdirilməsi ilə gəlib çıxıb. Bu, onun həyatında dönüş nöqtəsi olub. O, aktyor olmağa qəti qərar verib.


O vaxtkı Moskva Dövlət Kinematoqrafiya Texnikumunu (indiki VGIK) 1927-ci ildə başa vurub. Aktyorluq sənətini məşhur Preobrajenskaya studiyasında öyrənib. Ondan sonra soyadını sənət fəaliyyətinə uyğunlaşdıraraq, “Fayt”a dəyişib Yəni əslində pasportda əvvəlki kimi “Feyt” gedir.

Andreyin “Sehrli xalat”da etdiyi biomexanikaların peşəkarlıqla alınması onun keçdiyi məktəbin nəticəsidir. Təhsil aldığı illərdə Kuleşovun emalatxanasında biomexanika, aktyorluq texnikası və süjetli oyun etüdləri təlimi keçib.

Tələbələrin yaratdıqları operator, aktyor və rejissorlardan ibarət qruplara rejissor Yuri Leontyev, aktyorlar Yevgeni Çervyakov, Andrey Fayt və gələcək həyat yoldaşı Qalina Kravçenko da daxil idilər. O, qrupla birlikdə konsertlərdə çıxış edir, film çəkilişlərinə gedirdilər. Sonradan bu işi böyütdülər və qrupu “Kravçerfayt” adlandırdılar.

Bu komanda VGIK-də ilk "kapustnik", yəni komediya nömrələri göstərən olublar. Onlar yumoristik səhnəciklər, pantomim, şeirlər və musiqi ilə çıxış edirdilər. Getdikcə püxtələşir və daha geniş auditoriyaya çıxırdılar.

Faytın bioqrafiyasında “Kinoaktyor” Teatr-Studiyasında fəaliyyəti də yer tutur. İlk dəfə kinoda 1924-cü ildə “Qolubinlərin malikanəsi” filmində debüt edib. Ondan sonra ardıcıl filmlərə dəvət alıb. “Ledyanoy dom” – Qrosnot, “2 Buldı 2” – polkovnik, “Velikiy uteshitel” – detektiv Ben Prays, “Pışka” – prus zabiti, “Djulbars” – Kerim,“Trinadtsat” – Skuratov, və s.

Xarici görünüşü sayəsində əsasən mənfi rollara çəkilib. Daha doğrusu, onu belə rollara rejissorlar çəkiblər. Xarakterik cizgiləri rejissorlara belə diktə edib. Sovet kinosunda ya qəddar alman zabiti olub, ya da cadugər, casus. Uşaq filmlərinə də çox çəkilib. Uşaqlar onu belə “seviblər”. “Balıqçı Əmrinə görə” – Məhəmməd Ağa, “Əyri güzgülər krallığı” – Nuşrok, “Ələddinin sehrli lampası” – Mağribli sehrbaz və sair. O cümlədən “Bir qalanın sirri”ndə Göygöz Kosa, “Uzaq sahillərdə” filmində Mazelli.


Aktyor şəxsi həyatında o qədər də xoşbəxt olmayıb. Birinci arvadı məşhur aktrisa, səssiz kinoların ulduzu Qalina Kravçenko onu L.Kamenevin oğlu ilə dəyişib, ikinciyə qoşulub qaçıb. Sonralar onun qoşulub qaçdığı əri və qayınanası “casus” kimi güllələniblər, özü isə kino aləmindən tamam uzaqlaşdırılıb.


Andrey isə ondan sonra Mariya Nikolayevna Briling adlı xanımla evlənib. O da gənc yaşlarında dünyasını dəyişib. Oğlu Yuli Fayt kinorejissordur. Ömrünün sonlarında Andrey dostları Andrey Tarkovski, Yuri Vizbor, Vasili Şukşin üçün darıxdığını, amma zamanın axarıında onları nədənsə “itirdiyini” deyirmiş. Aktyor 16 yanvar 1976-cı ildə Moskvada vəfat edib və Novodeviçye qəbiristanlığında valideynlərinin yanında dəfn olunub.

Bu da Göygöz Kosanın həyat filmi...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru