İran “nüvə müqaviləsindən” çıxır – Azərbaycan narahat olmalıdırmı?

Bu gün, 12:24           
İran “nüvə müqaviləsindən” çıxır –
Ekspert: Əslində, Tehran faktiki olaraq bu müqavilədən çoxdan çıxıb

BMT İranın nüvə öhdəliklərini “davamlı şəkildə yerinə yetirməməsi” səbəbindən Təhlükəsizlik Şurasının 1696, 1737, 1747, 1803, 1835 və 1929 saylı altı qətnaməsinə uyğun olaraq bu ölkəyə qarşı sanksiyaları və digər məhdudiyyətləri bərpa edib.

Bu barədə ABŞ dövlət katibi Mark Rubionun bəyanatında bildirilir.

“Sanksiyaların bərpası 2025-ci il avqustun 28-də Fransa, Almaniya və Böyük Britaniyanın təşəbbüsü ilə başlanmış “snapback” prosesini tamamlayır və bu, qətiyyətli qlobal liderliyin göstəricisidir”, – ABŞ dövlət katibi bəyan edib.

Mark Rubionun sözlərinə görə, bərpa edilmiş qətnamələrin müddəaları İranın nüvə proqramı, ballistik raketləri, adi silahları və stabilliyi pozan fəaliyyəti ilə bağlı təhlükələri aradan qaldırmağa yönəlib.

2015-ci ildə İran, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya və Çin tərəfindən imzalanmış saziş İranın nüvə proqramına məhdudiyyətlər müqabilində beynəlxalq sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. Lakin indi Qərb dövlətləri hesab edirlər ki, Tehran öz öhdəliklərini yerinə yetirməyib.

“Tehrandan uranın zənginləşdirilməsini, ağır su istehsalını və nüvə materiallarının emalını dayandırmaq tələb edilir; ballistik texnologiyalardan istifadə qadağan olunur; İrana silah tədarükünə embarqo tətbiq edilir; ayrı-ayrı şəxslər və təşkilatların aktivlərinin dondurulur və viza qadağası bərpa olunur; həmçinin İranın dövlət və qeyri-dövlət aktorları tərəfindən daşınan silahların və digər qadağan olunmuş yüklərin müsadirə edilməsinə icazə verilir”, – bəyanatda qeyd olunur.

Sənəddə o da vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 19 sentyabr tarixində qəbul etdiyi və 26 sentyabrda təsdiq etdiyi qərar bir şeyi açıq şəkildə nümayiş etdirir: dünya hədələrə və yarımçıq tədbirlərə boyun əyməyəcək və Tehran məsuliyyətə cəlb ediləcək.

İran isə “snapback” mexanizminin işə salınmasına cavab olaraq nüvə silahlarının yayılmaması haqqında müqavilədən (Non-Proliferation Treaty - NPT) çıxmaq imkanını rəsmi şəkildə nəzərdən keçirəcəyini bəyan edib.

İranın xarici işlər naziri Telegram kanalında bildirib ki, Tehran sanksiyaların bərpası fonunda ölkəyə ziyan vurmaq cəhdlərinə cavab verəcək. “Avropa üçlüyü və ABŞ diplomatiya və qarşılıqlı fəaliyyət üçün zəruri olan mühiti yaratmaq əvəzinə, qarşıdurma və böhran yaratmaq yolunu seçdilər və səhvən düşünürlər ki, düşmənçilik yolu tutaraq ləğv edilmiş BMT qətnamələrini bərpa etməklə yeni təzyiq aləti əldə edəcəklər”, – bəyanatda deyilir.

Bəs, İranın NPT-dən çıxması qonşu ölkələr, məsələn, Azərbaycan, eləcə də əsas düşməni olan İsrail üçün nə dərəcədə təhlükəli ola bilər?

Siyasi şərhçi Murad Sədəddinov Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.



O qeyd edib ki, nüvə silahlarının yayılmaması haqqında müqavilə 1968-ci ildə BMT tərəfindən qəbul edilib və 1970-ci ildə qüvvəyə minib:
“Bu müqavilənin əsas məqsədi və vəzifəsi nüvə silahına malik olmayan ölkələrin onu əldə etmək imkanlarını məhdudlaşdırmaqdır. Lakin müqavilənin artıq 55 ildir qüvvədə olmasına baxmayaraq, bu müddət ərzində bəzi ölkələr nüvə silahına sahib olub. Məsələn, İsrail, CAR, Hindistan, Pakistan kimi ölkələr. Koreya Xalq Demokratik Respublikası da bu müqaviləni imzalayıb, lakin sonra imzasını geri çəkib və nüvə silahına sahib olub. Yəni görürük ki, bu müqavilənin qüvvədə olması qarşısına qoyulan məqsəd və vəzifələrə o qədər də ciddi təsir göstərmir”, – ekspert bildirib.

Onun sözlərinə görə, İran bu müqaviləni imzalayan, amma onu pozmaqda şübhəli bilinən ölkələr siyahısındadır.
“Bu müqaviləyə nəzarət edən orqan hamının tanıdığı MAQATE-dir. Bu təşkilat son illər İranın uranı nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər zənginləşdirdiyi ilə bağlı dəfələrlə fakt və sübutlar səsləndirib. İran faktiki olaraq bu müqaviləni pozur və faktiki olaraq artıq bu müqavilədən çıxıb. Yəni, formal olaraq oradadır, imzası qalır, amma əslində nüvə silahı yaratmaqla məşğuldur. Çoxsaylı faktlar bunu sübut edir. Və ölkənin bu müqavilədən formal olaraq çıxması faktiki heç nəyi dəyişmir. Azərbaycan və ya İsrail üçün əsas məsələ İranın nüvə silahına sahib olmamasıdır. Bu vacibdir. İranın müqavilədən çıxıb-çıxmaması isə İsrail üçün təhlükəsizlik baxımından özlüyündə heç nəyi dəyişmir.

İranın nüvə silahına sahib olması İsrail üçün bir nömrəli problemdir, çünki İran və İsrail faktiki müharibə vəziyyətindədirlər. Əgər İran nüvə silahına sahib olsa, bu, İsrail üçün ölümcül dərəcədə təhlükəlidir.

Azərbaycana gəlincə, təbii ki, qonşu İranın nüvə silahına sahib olması bizim üçün də narahatlıq doğurur. Amma deyə bilərəm ki, İranın bu müqavilədən çıxması reallıqda heç nəyi dəyişmir. Çünki İran faktiki olaraq öz nüvə silahını yaratmaq üzərində işləməklə bu müqaviləni pozur”, – Sədəddinov yekunlaşdırıb.

Rauf Orucov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru