Avtobusda güzəştlər nə vaxt mümkün olacaq?
Bu gün, 12:57

Xəbər verdiyimiz kimi, bu güdən metro və müəyyən marşrut avtobuslarında gediş haqqı artırılaraq hər səfər üçün minimum 60 qəpik müəyyən edilib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa məsələyə münasibət bildirib:
“Bakıda ictimai nəqliyyatda qiymət artırıldı. Başqa ölkələrdə ictimai nəqliyyatda qiymət artımı tətbiq olunanda imtiyazlı təbəqələrin bundan necə yararlanacağı da açıqlanır. Bizdə isə şəhid övladları, tələbələr və digər imtiyazlı şəxslərin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadəsi məsələsi hələ də həll olunmayıb. Bu problem qısa zamanda öz həllini tapmalıdır”.
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, bu artıma həm iqtisadi, həm də sosial aspektdən yanaşmaq mümkündür. Onun sözlərinə görə, millət vəkili Fazil Mustafanın da vurğuladığı kimi, qiymət artımına izah verilsə də, həssas təbəqələrin müdafiəsi məsələsi həllini tapmalıdır:
“Həssas təbəqələrin müdafiəsi məsələsi hələ də açıq qalır. Yəni tələbələr, pensiyaçılar, əlillər, hətta valideyn himayəsində olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün güzəşt mexanizmləri tətbiq edilə bilər. Qiymət artımı iqtisadi cəhətdən xərclərin yüksəlməsi və xidmətin davamlılığını təmin etmək zərurəti ilə əsaslandırılır. Sosial baxımdan həssas qruplar üçün güzəştlərin tətbiqinə diqqət ayrılmalıdır”.
Xatırladaq ki, Bakı şəhərində sərnişindaşımada tamamilə nağdsız ödənişə keçiddən sonra təqaüdçülər, tələbələr üçün güzəştlərin mümkün olacağı rəsmi səviyyədə də vurğulanıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsinə dair fərmanından irəli gələn məsələlərə həsr olunan brifinqdə deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra yeni tarif menyusunun tətbiqi mümkün olacaq.
"Hazırda sərnişin bir avtobusdan digərinə keçid zamanı əlavə olaraq 50 qəpik ödəməyə məcbur qalır ki, bu da əlavə xərclərə səbəb olur. Hədəfimiz bir saat ərzində aktiv olacaq bilet sistemini tətbiq etməkdir. İlkin mərhələdə planımız budur. Lakin nəzərə almaq lazımdır ki, avtobuslar hər yerdən hər yerə hərəkət etmir, sərnişinlər əvvəlcə hablara daşınır, sonra digər istiqamətlərə yola düşür. Bu səbəbdən vətəndaş hazırda iki dəfə ödəniş etməli olur", - deyə o əlavə edib.