Dünya nəhəngi səviyyəsinə yüksələn 8 süni intellekt startapı

Bu gün, 17:44           
Dünya nəhəngi səviyyəsinə yüksələn 8 süni intellekt startapı
Süni intellekt üzərində çalışan startaplar çox qısa müddətdə AGI, ML, generativ AI və digər sahələrdə böyük irəliləyişlər edərək qlobal liderlərə çevriliblər.

Valyuta.az ən təsirli olan 8 şirkət və uğur hekayələrini təqdim edir:

8. ElevenLabs

Bu şirkəti fərqləndirən əsas cəhət brauzer əsaslı mətnin nitqə çevrilməsi proqramı və az səs nümunəsindən yeni danışıq üslubları yaradan səs klonlama texnologiyasıdır. Səs süni intellekti ətrafında qurulmuş xüsusi yanaşması – məlumat axınları, səs təlim qrupları və inkişaf etdirici alətlər – onu böyük rəqiblərə qarşı üstün vəziyyətə gətirir. Hazırda imkanları 28 dilə yayılıb və bir milyondan çox istifadəçi platformadan yararlanır.

Ümumi investisiya: 281 milyon dollar

7. Mistral AI

Açıq mənbəli modelləri ilə maliyyə, avtomobil və telekommunikasiya sahələrində tətbiq olunan Mistral AI Avropada öncü mövqedədir. Şirkətin "Le Chat" adlı dialoq süni intellekti və API vasitəsilə əlçatan digər məhsulları artıq geniş istifadə olunur. Açıq mənbə strategiyası həm icma inkişafını təşviq edir, həm də qlobal səviyyədə süni intellekt innovasiyasında Avropanın artan rolunu nümayiş etdirir.

Ümumi investisiya: 1,1 milyard dollar

6. Thinking Machines Lab

Keçmiş "OpenAI" texnologiya direktoru Mira Murati tərəfindən 2025-ci ilin fevralında təsis edilən bu şirkət, iyul ayına qədər 2 milyard dollarlıq toxum investisiya turu ilə rekord qırdı. Şirkət müəssisələr üçün avtonom agent AI sistemlərinin hazırlanmasında ixtisaslaşıb. Komandasında "OpenAI"ın sabiq tədqiqatçıları və həmtəsisçi Con Şulman da yer alır. Bu, “OpenAI diasporası”nın yeni nəsil startaplara təsirini göstərir.

Ümumi investisiya: 2 milyard dollar

5. Perplexity AI

Aravind Srinivas tərəfindən 2022-ci ilin avqustunda yaradılan bu platforma, real vaxtda veb axtarışını dialoq tipli cavablarla birləşdirir və mənbələri təsdiqlənmiş şəkildə təqdim edir. Aylıq sorğuların sayı 780 milyonu keçib və 2025-ci ilin ortalarına qədər illik gəlirin 150 milyon dolları aşacağı proqnozlaşdırılır. Şirkətin şəffaflığa önəm verməsi, generativ AI dövründə məlumat axtarışına yeni standart gətirib.

Ümumi investisiya: 1,02 milyard dollar

4. Scale AI

24 yaşında milyarderə çevrilən Aleksandr Vanq tərəfindən qurulan "Scale AI" yüksək keyfiyyətli məlumat etiketlənməsi və maşın öyrənməsi proseslərinin idarə olunması ilə tanınır. 2025-ci ilin ikinci rübündə "Meta" şirkəti 14,3 milyard dollarlıq böyük investisiya ilə şirkətin dəyərini 14 milyard dollar səviyyəsində müəyyənləşdirib. Müştərilər arasında "Microsoft", "OpenAI" və ABŞ Ordusu var.

Ümumi investisiya: 15,9 milyard dollar

3. xAI

İlon Maskın 2023-cü ildə yaratdığı xAI-ın məqsədi inkişaf etmiş AGI vasitəsilə “kainatı anlamaq”dır. Əsas məhsulu "Grok" adlı dialoq süni intellekti “X” platformasında fəaliyyət göstərir. Tennessi ştatında yerləşən “Colossus” superkompüteri isə bir milyon GPU ilə dünyanın ən böyük qurğusuna çevrilib. Bununla belə, platformanın bəzi mübahisəli ifadələri tənqidə səbəb olur.

Ümumi investisiya: 17,1 milyard dollar

2. Anthropic

2Claude" modeli ilə tanınan Anthropic, "konstitusional AI" yanaşması ilə etik qaydaları birbaşa sistem dizaynına daxil edir. Şirkətin “zərərsiz, faydalı və dürüst” prinsipləri hüquqi və etik narahatlıqları azaldaraq etibarlı alternativ kimi ön plana çıxır. Bu strategiya bazarda fərqlənmə amili hesab olunur.

Ümumi investisiya: 14,3 milyard dollar

1. OpenAI

Bir startap kimi başlayan "OpenAI" bu gün 300 milyard dollarlıq dəyərə sahibdir. 2025-ci ildə "SoftBank"ın rəhbərliyi ilə keçirilən 40 milyard dollarlıq investisiya turu şirkəti dünyanın ən böyük süni intellekt oyunçularından birinə çevirib. Sem Altman tərəfindən idarə olunan təşkilat GPT-3 və ChatGPT kimi modellərlə qlobal miqyasda tanınıb. Hazırda əsas diqqət “ağıl yürütmə modelləri”nin inkişafına yönəlib.

Ümumi investisiya: 57,9 milyard dollar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru