Nvidia bazar dəyəri 4,5 trilyon dolları keçən ilk şirkət oldu
Bu gün, 12:18

“Nvidia” süni intellekt razılaşmaları fonunda tarixi rekorda çataraq bazar dəyərini 4,5 trilyon dolların üzərinə qaldırıb.
Valyuta.az xəbər verir ki, şirkətin səhmləri çərşənbə axşamı 3%-ə yaxın bahalaşıb. Bununla da “Nvidia” bazar dəyərinə görə yeni rekorda imza ataraq, bu həddi keçən ilk şirkət olub.
Məlumata görə, şirkətin yüksəlişi əsasən süni intellekt infrastrukturuna yönələn böyük sərmayələrdən qaynaqlanır.
Son günlərdə “OpenAI” elan edib ki, “Nvidia” startapda 100 milyard dollara qədər pay alacaq və yüz milyardlarla dəyərində süni intellekt mərkəzləri inşa edəcək. “Oracle” ilə birlikdə açıqlanan 500 milyard dollarlıq “Stargate” layihəsi də məhz “Nvidia” çiplərinə əsaslanacaq. Şirkət rəhbəri Censen Huang bildirib ki, bu mərkəzlərdəki xərclərin 70%-i “Nvidia” məhsullarına yönəlir.
Analitiklər də şirkətin perspektivlərini yüksək qiymətləndirirlər. Citi mütəxəssisləri “Nvidia”nın qiymət hədəfini 200 dollardan 210 dollara qaldıraraq, süni intellekt infrastrukturu üçün artan xərclərin şirkətin lider mövqeyini möhkəmləndirdiyini vurğulayıblar.