Sabiq nazir müavininin həbsi - naxçıvanlı siyasətçilər nələr dedi...
22-07-2020, 10:52
İyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək aksiyası zamanı bir qrup şəxsin Milli Məclis binasına daxil olması və orada dağıntı törətməsi ilə bağlı istintaq davam edir. Həbs olunanlar arasında vaxtilə Naxçıvanın daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var.
İyunun 20-də məhkəmə Səyavuş Mustafayev, Ramid Zəkrulla oğlu, Dəyanət Mövləyev və Bəxtiyar İmanov barəsində 3 aylıq həbs qərarı verib. Tutulanlar Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Səyavuş Mustafayev 8 il həbsdən sonra 2001-ci ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.
İllər əvvəl əfvlə həbsdən azad olan sabiq nazir müavininin baş verən təxribatlarla əlaqəli həbsi birmənalı qarşılanmayıb. Siyavuş Mustafayevin Naxçıvandakı fəaliyyətinə yaxından bələd olan, onun vəzifədə olduğu dövrləri xatırlayan MDHP rəhbəri, sabiq deputat Fərəc Quliyev deyir ki, həmin gün Milli Məclisdə baş verənlərdə “5-ci kolon”un rolu var: “Həmin gün minlərlə insan şəhidlərimizi yola salırdı, dövlətə, Ali Baş Komandana, orduya dəstək nümayiş etdirirdi. Hətta orada əhalinin içində polis, hərbçilər də iştirak edirdi. Belə bir vəziyyətdə polis maşınlarını sındırmaq, Milli Məclisə girmək milli iradəni ifadə edən adamlara aid deyil. Bu, tamamilə yad, pozucu, Azərbaycanda qarışıqlıq salmaqda maraqlı qüvvələrin işi idi. Həmin izdihamlı tədbirə kölgə salmaq istədilər. Orada insanların çağırışı orduya dəstək çağırışları idi. Bir qrup adam bu məsələləri millətə qarşı, Azərbaycana qarşı çevirmək istəyirsə, təbii ki, ölkəmizə dost olmayan ölkələrin işidir. Bunun başqa adı yoxdur”.
Fərəc Quliyev: “Tanıdığım Siyavuş Mustafayevin ”5-ci kolon"la birgə hərəkət edəcəyini düşünmürəm"
Fərəc Quliyev deyir ki, Siyavuş Mustafayev sosial şəbəkədə həmin gecə Milli Məclisə getməsi haqda məlumat paylaşıb: “Açığı, onun siyasi fəaliyyətindən məlumatsızam. Bir neçə ildir ki, onunla görüşmürük. Ora getməsi ilə bağlı paylaşımında bir görüntü də qoymuşdu. Bildirirdi ki, gecə saatlarında ora gedib. Görüb ki, artıq Milli Məclisdə adamlar var, ora daxil olublar. O da həmin adamları oradan çıxarmaq üçün ora daxil olub. Bu qədər məlumatlıyam”.
Fərəc Quliyev deyib ki, Siyavuş Mustafayevi vətənpərvər insan kimi tanıyır: “Hesab etmirəm ki, o, ”5-ci kolon"a qoşulub nə isə edə bilər. Hər halda, bu, istintaqda aydınlaşa bilər. Bu məsələlərdə kim olur- olsun, təxribatda düşünülmüş şəkildə iştirak edibsə, cavab verməlidir. Tanıdığım Siyavuş Mustafayevin “5-ci kolon”la birgə hərəkət edəcəyini düşünmürəm. Onun verdiyi son açıqlamalar var, deyir ki, gecə saat 4 ərəfəsində ora gəlib, camaatı geri çağırıb Milli Məclisdən, oradan çıxmalarını istəyib. Əlbəttə ki, bütün məsələlər istintaqın sonunda bilinəcək, vəziyyət tam aydınlaşacaq".
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, həmin gün baş verənlər kütlənin qarşısına rəsmilərdən kimsənin çıxmamasından qaynaqlanıb. O, “Yeni Müsavat”a deyib ki, Milli Məclisdə və önündə baş verənlər müəyyən mənada kütlə psixologiyasına uyğun davranışlardır: "Milli Məclisə insanlar kor-təbii olaraq daxil olublar. Orada 1-2 nəfər təxribatçı varsa, qalanlarını həbs eləmək nəyə gərəkdir? Orada elə böyük kütlə vardı ki, bəziləri ayaq altında qaldılar. Bəzi adamlara ümumiyyətlə, Milli Məclisə daxil olmaq istəmirdi. Kütlə onları da zorla itələyib saldı ora. Bu adamların tutulub dustaq edilməsi mənasızdır. Bütün bu məsələlər diqqətlə yoxlanmalıdır, hökumət özünə problem yaratmamalıdır. Həmin gün hamı bir yerdə idi. Orada olanların hamısı Qarabağa azadlıq tələb edirdilər. Belə bir vəziyyətdə insanları həbs etmək hökumətin əleyhinə işləyəcək".
Sərdar Cəlaloğlu: “Burada ruspərəst qüvvələr, ermənilərlə əlaqəsi olan qüvvələr olubsa, bəli, bu təxribat ola bilər”
Sərdar Cəlaloğlu hesab edir ki, həmin mitinqdə təşkil olunmuş bir qrup olmayıb: “Milli Məclisin tutulması kimə və nəyə lazım idi? Burada ruspərəst qüvvələr, ermənilərlə əlaqəsi olan qüvvələr olubsa, bəli, bu təxribat ola bilər. Amma yerli qüvvələrin, müxalifətin hadisələrin bu şəkildə yekunlaşmasında heç bir marağı yoxdur. Biz də istəyirik ki, Qarabağ azad olunsun. Ağlı başında olan heç bir müxalifət hakimiyyətin əleyhinə addım atmaz”.
Sərdar Cəlaloğlu deyir ki, mitinqdən bir gün əvvəl 45 müxalif partiya iqtidarla birgə həmrəylik bəyanatı imzalayıb: "Bu bir daha göstərir ki, müxalifət Azərbaycan iqtidarı ilə Dağlıq Qarabağ məsələsində həmrəydir, həmfikirdir, bir yerdədir. Belə bir halda niyə gedib təxribat törətsinlər? Bu, ağlasığmazdır".