MKİ Bin Ladenin kürəkənini necə ələ keçirdi? - Təfərrüat

15-02-2019, 09:48           
MKİ Bin Ladenin kürəkənini necə ələ keçirdi? - Təfərrüat
Dünyanın məşhur terrorçusu hesab olunan Süleyman əbu Ghaith hazırda ABŞ-ın ən qəddar və ağır rejimli həbsxanası sayılan Kolorado ştatındakı ADX Florence müəssisəsində saxlanılır.

Teleqraf.com Əl-Qaida lideri Usame Bin Ladenin kürəkəni olan məşhur terrorçunun dosyesini təqdim edir.

Terrorçu 14 dekabr 1965-ci ildə Küveytdə doğulub. Bundan başqa onun haqqında müfəssəl informasiya yoxdur.

Qeyd edək ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentləri Süleyman əbu Ghaithi 2013-cü ilin sentyabrında həbs edə biliblər. O, həbs ediləndən qısa müddət sonra məhkəmə qarşısına çıxarılıb. Terrorçu 2001-ci ilin sentyabrın 11-də ABŞ-a edilən və 2 mindən çox insanın ölümünə səbəb olan terror hücumunda günahlandırılıb və bu hücumu planlayan şəxslərdən biri hesab olunub.

MKİ agentlərinin Süleyman Ebu Ghaithı necə ələ keçirməsi də maraqlı siyasi prosesdən keçib.

Tarixi qeydlərə görə, terrorçu 2013-cü ildə gizli yollarla Əfqanıstan İrana keçib, daha sonra İrandan Türkiyəyə daxil olub. Türkiyə hüquq-mühafizə orqanları terrorçunu Ankaradakı otellərdən birində həbs edə bilib. Həmin dövrdə ABŞ terrorçunun onlara verilməsini istəyib, hətta bu məqsədlə dövrün ABŞ dövlət katibi Con Kerri Ankaraya səfər edib. Lakin Türkiyə məhkəməsi Süleyman ə bu Ghaithin Türkiyə ərazilərində heç bir cinayət törətmədiyini nəzərə alaraq onu azadlığa buraxıb. Daha sonra terrorçunun Türkiyədən deportasiya edilməsi qərarı verilib. Ancaq sonuncu dəfə Küveyt vətəndaşlığından çıxarıldığı üçün onun hansı ölkəyə deportasiya olunması müzakirə mövzusu olub. Sonda Süleyman Ebu Ghaithin İordaniya vasitəsilə Küveytə göndərilməsi qərara alınıb. İordaniyaya çatan Ebu Ghaith Küveytə keçmək istəyərək MKİ agentlərinin tələsinə düşüb. O, saxlanılaraq ABŞ-a aparılıb.

Süleyman Ebu Ghaith ABŞ-a gətirildikdən 1 həftə sonra Nyu-York məhkəməsinə çıxarılıb. Beləcə terrorçu 12 il əvvəl terror hadisəsinin törədildiyi yerdə olub. Onun məhkə prosesi terror hadisənin baş verdiyi ərazidən 1,5 kilometr uzaqlıqda yerləşir.

Yeri gəlmişkən əlavə edək ki, ABŞ-ın Əl-Qaidə terror təşkilatının üst rəhbərliyində təmsil olunan şəxslərdən öldürmədən ələ keçirdiyi yeganə şəxs Süleyman Ebu Ghaith hesab olunur.

Terrorçunun ilk məhkəmə prosesi cəmi 15 dəqiqə çəkib. İfadəsi alınan Süleyman Ebu Ghaith ona qarşı irəli sürülən ittihamları rədd edərək məhkəməyə 22 səhifəlik müdafiə çıxışını təqdim edib.

Ancaq prokuror Preet Bharara tərəfindən hazırlanan iddianamədə terrorçu 11 maddə üzrə ittiham olunurdu.

Süleyman Ebu Ghaith 1989-cu ildən bu yana Əl-Qaidə terror təşkilatının üzvü olmaqda, Usamə Bin Ladenin rəhbərliyi altında 2001-ci ilin sentyabrın 11-də ABŞ-a terror hücumu təşkil etməkdə, Nyu-York, Virciniya və Pensilvaniyada 2976 nəfərin ölümündə, 2001-2002-ci illərdə Əl-Qaidaya xidmət edərək onun qruplarına müsbət təsirlər göstərməkdə ittiham olunub.

Bundan başqa, iddianamədə Süleyman Ebu Ghaith Əl-Qaidanın ayrı-ayrılıqda 5 tədbirində iştirak etdiyi ifadə edilib. Bu tədbirlərdə isə yalnız Əl-Qaidanın ali rəhbərliyində iştirak edən şəxslər iştirak edə bilərdi.

Bunlardan biri 2001-ci ilin mayında onun Əfqanıstanın Qəndəhar bölgəsindəki bir evdə bir qrup şəxsi Usamə Bin Ladenə sədaqət andı içməyə səsləməsi olub.

İkincisi, 2001-ci ilin 11 sentyabr terror hücumundan əvvəl Abu Ghaith Bin Ladenə dəstək verəcəyini bildirib.

Üçüncüsü, 2001-ci ilin 11 sentyabr ərəfəsində Bin Laden onu yanına dəvət edərək yardım istəyib.

Dördüncüsü, 12 sentyabr 2001-ci il terrorunun səhəri günü Abu Ghaith, Usamə Bin Laden və Ladenin köməkçisi El Zevahiri ilə birgə Əl-Qaida adından çıxış edib. Çıxışında terrorçu ABŞ nəzərdə tutaraq “Sizə qarşı böyük bir ordu hazırlanır” deyə xəbərdarlıq edib. Ardınca islam aləmini yəhudilər, xristianlara və xüsusilə də amerikalılara qarşı müharibəyə çağırıb.

11 sentyabr terrorundan bir müddət sonra Abu Ghaith mesaj xarakterli çıxışında qeyd edib ki, ABŞ-a qarşı fırtına heç durmayacaq, xüsusilə təyyarə fırtınası. Müsəlmanları, uşaqları və ABŞ-a qarşı müxalifətdə olanları təyyarələrə minməməyi və göydələnlərdə yaşamamağı tövsiyə edən Abu Ghaith terror hücumlarının davam edəcəyini açıqlayıb.

İkinci məhkəmə prosesi zamanı prokuror Abu Ghaithə ömürlük həbs cəzası istəyib. Buna rəğmən terrorçu günahsız olduğunu elan edib. Ancaq onun müdafiə çıxışının heç bir mənası olmayıb və Nyu-York məhkəməsi onun ömürlük həbsinə dair qərar çıxarıb.
Hazırda daha çox Bin Ladenin kürəkəni kimi tanınan terrorçu Abu Ghaith Kolorado ştatındakı ADX Florence həbsxanasında saxlanılır.
Cavad













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.