Deməsəm olmaz: Xoşqədəmin verilişinə getməyin-ŞOK

27-11-2015, 12:14           
Deməsəm olmaz: Xoşqədəmin verilişinə getməyin-ŞOK
Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev ANS telekanalında aparıcı Xoşqədəmin davranışlarından təəssüfünü yazaraq Moderator.az oxucularına göndərib:

Ölkədə hər hansı bir sahə üzrə ekspert kimi çalışmaq çox ağır işdir. Analitik yazı yazmaq, təhlillər aparmaq çətin deyil. Müsahibə vermək və dialoqlarda iştirak etmək də bizi incitmir. Bizi məyus edən əsas məsələ veriliş aparıcıları və jurnalistlərin bir qrupunun mövzunu bilməmələri və özlərindən ifrat dərəcədə razılığıdır. ANS televiziyasının 24 yaşının tamam olduğu gündə məni və professor Əjdər Ağayevi Xoşqədəmin “Deməsəm olmaz” verilişinə dəvət etdilər...

Biz “təhsilin problemləri” mövzusunda fikir mübadiləsi apamalı idik. Təhsilin spesifik sahə olduğunu hamımız bilirik. Bu sahədən ekspert qismində dəvət olunmuş şəxslərə və nazirlik rəsmilərinə mənasız suallar vermək, yaxud “dərs keçmək” qəbulolunmazdır. Məyusluğumuz aparıcının ilk sualına Əjdər Ağayevin fikir söyləməsinə şərait yaradılmamasından başladı. Xoşqədəm xanım professor Əjdər Ağayevin 12 illik təhsillə bağlı qoyulan sualı cavablandırmasına icazə vermədi. O, 12 illik təhsilə keçidə aydınlıq gətirilməmiş azyaşlıların erkən nikahına keçid aldı. Sonra mövzular bir-birinə qarışdı. Mən, Əjdər Ağayev, Texniki Universitetin kafedra müdiri, Memarlıq və İnsaat Universitetinin dekanı, həmçinin Təhsil Nazirliyinin iki əməkdaşı Xoşqədəmin qeyri - dürüst suallarına cavab verməkdən çətinlik çəkirdik. Sözümüzün kəsiləcəyinə əmin olub, tələsik də olsa ən yaxşı fikirləri səsləndirməyə çalışırdıq. Yenə də alınmırdı. Xoşqədəm xanım nədənsə Əjdər Ağayevin əksər fikirləri ilə razılaşmır, Cəsarət Valehova qarşı isə aqressivliyini gizlədə bilmirdi. Bütün pedaqoqlar və alimlər Əjdər Ağayevlə hesablaşır, onun fikirlərini bölüşür, Xoşqədəm xanın isə ağsaqqal pedaqoqu ağzını açmağa qoymurdu...

Mirşahin Xoşqədəmin verilişinə baxır!

Azərbaycanda telekanalların hər birinin öz dəsti - xətti var. Bundan asılı olmayaraq verilişlərdə intellektual ab - hava mütləq sezilməlidir. Məsələn “Deməsəm olmaz” verilişinin fəlsəfəsini bizim heç birimiz başa düşmədik. Kifayət qədər tanınmış simalar 3 saat ərzində qoyulan problemlərin heç birini çözə bilmədi. Bunun səbəbi aparıcının təhsili bilməməsi və davranışı ilə bağlı idi. Təhsil Nazirliyinin fəaliyyətindən və nümayəndələrindən kimsə narazı qala bilər, ancaq bunu açıq şəkildə, qərəzli formada efirdə səsləndirmək olmaz. Özü də arqumentlər olmadan. Məgər aparıcıya bu qədər müstəqillik verilir? Aparıcının süni emosionallığı, səbirsizliyi, fikrini imperativ formada ifadə etməyə çalışması çox pis təsir bağışlayırdı.
Professor Əjdər Ağayevin verilişdən sonra “xeyli hörmətdən düşdük” ifadəsini işlətməsi çox şeylərdən xəbər verir. Həqiqətən də verilişdən sonra çağrılmağımızın məqsədinin nədən ibarət olması barədə xeyli baş sındırdıq: Xoşqədəmin Təhsil Nazirliyini tənqidinə qulaq asmağamı, sözü kəsmək texnikası ilə tanış olmağamı, yoxsa aparıcının təhsilə nabələdliyini qiymətləndirmək üçünmü ANS-ə dəvət olunmuşduq? Hər halda Mirşahin verilişə baxıbsa bunları daha dəqiq bilər. Başa düşmək olmur, ölkənin aparıcı telekanalının birində spesifik sahələr üzrə məsləhətlər verən yoxdurmu? Konkret olaraq təhsilə aid belə urvatsız verilişin təşkil olunmasının mənası nədir? Ağsaqqal professor Əjdər Ağayev yaşının bu çağında ona edilən hörmətsizlikdən özünə gələ bilmirdi. Bu hörmətsizliyi tamaşaçılar belə dilə gətirmişdilər.


Nuşirəvan Məhərrəmlinin uzaqgörənliyi

“Mən Nuşirəvan Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin bu dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki buna qədər bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim”. Bu sözlər Mirşahinə aiddir. Hər halda “Deməsəm olmaz” verilişindən sonra belə qənaətə gəldim ki, Nuşiravan müəllim uzaqgörən adam imiş. Onun rəhbərlik etdiyi qurumun qiymətləndirimələri özündə obyektivliyi ehtiva edir. Əslində televiziyalarda hər şeyə cavabdehlik daşıyan rəhbərliyin peşəkarlığı və savadlılığı bütün verilişlərdə öz əksini tapmalıdır. Hətta kino seçimində də. Məncə, ANS rəhbərliyi mənim bu tənqidi yazıma normal yanaşacaq və spesifik sahələr üzrə təşkil olunan verilişlərə diqqəti artıracaq. Dəvət olunduğumuz veriliş heç cür televiziyanın reytinqini artıra bilməz. Dəvət olunmuş qonaqların nüfuzdan salınması necə, reytinqə müsbət təsir edirmi?
Qədim Yunan dramaturqu Yevripidin məşhur pyeslərinin birində Kolxidanın qızı Medeya anlayır ki, onda iki şey yaşayır: onun planı və qəzəbi. Medeya başa düşür ki, bu qəzəb onu hətta soyuqqanlı şəkildə düşündüyü planlarını da həyata keçirməyə məcbur edir.
Medeya bunu anladığına görə, pyes hələ də Avropa teatrlarında tamaşaya qoyulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.