Yenə Nardaran? - TƏHLİL

27-11-2015, 20:42           
Yenə Nardaran? - TƏHLİL
Nardaranda iki polisin şəhid olması ilə nəticələnən əməliyyat Türkiyə-Rusiya gərginliyinə köklənmiş Azərbaycanın gündəmini bir anda dəyişdi. Gündəm dəyişsə də, suallar dəyişmədi. Nardaranda baş verənlər neçə illərdir təkrar-təkrar baxmağa məcbur qaldığımız maraqsız filmləri xatırladır, biz bu filmlərin az qala hər kadrını əzbər bilirik. Filmdə fikir ayrılığı doğuran epizodlarla bağlı fikirlərimiz də dəyişməz qalıb. Film maraqsız olanda, adamı bezdirəndə istər-istəməz sual doğur: “Rejissor bu filmi niyə çəkib?” Dünən baş verən hadisələrlə bağlı daha çox terrorçuları xatırladan “dini radikallar” istisna olmaqla iqtidarlı, müxalifətli hamının eyni fikri bölüşməsi göstərir ki, “Nardaran” filmi də artıq hamını bezdirib. Və hamı da düşünməyə başlayır: “Yenə Nardaran?”

Sual olunur: niyə regionda xarici dövlətlərin maraqlar mübarizəsi qızışan kimi Nardaran qeyri-stabillik adasına çevrilir? Gəncə yox, Lənkəran yox, lap elə Suraxanı, Maştağa yox, məhz Nardaran? Nardaranda xarici qüvvələrin təhriki ilə qarşıdurma yaratmaq, iğtişaş törətmək cəhdlərinin yaşı az qala müstəqilliyin yaşı ilə eynidir və artıq Azərbaycanın siyasi leksikonuna “Nardaran hadisələri” deyilən ifadə də daxil olub. “Yadındadır, Nardaran hadisələri zamanı...” ilə başlayan söhbətlərin qarşılığında “hansını deyirsən” sualı mütləq olur.

Doğrudanmı, Nardaran kəndinin onu Azərbaycanın digər bölgələrindən ciddi dərəcədə fərqləndirəcək xüsusiyyətləri var? Sualın cavabı hər bir vətəndaşa aydındır, Nardaranın heç bir fərqli xüsusiyyəti yoxdur. Lap elə paytaxtın özündə dini dəyərlərin Nardarandan da üstün tutulduğu, dinin insanların həyatına tam sirayət etdiyi neçə-neçə kəndlər var. Amma ötən illər ərzində bu kəndlərin heç birində mərkəzi və yerli hakimiyyətə itaətsizlik (aksiya deyil, məhz itaətsizlik) vasitəsilə özünü fərqləndirmək halları baş verməyib.

Məsələnin kökündə əlbəttə sosial problemlər, işsizlik və s. dayanmır. Bu problemlərin ən az olduğu yerlərdən biri məhz elə Nardarandır. Vicdan və din azadlığı ilə bağlı da hansısa problem yoxdur. Hələ indiyədək Nardaranda keçirilən dini mərasimlərə müdaxilə olmayıb. Bəlkə bu aksiyaların biri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılıb? Əlbəttə, yox. Amma məhz bu kəndin ənənələrinə, inancına hörmət əlaməti olaraq heç vaxt rəsmi müdaxilə olmayıb.
Nardaranda, həmçinin Azərbaycanın istənilən kəndində, şəhərində kimin necə geyinməsi, hansı libasda olması hökuməti maraqlandırmır və bununla bağlı heç bir problem yoxdur.

Bəs onda Nardaranın stabilliyi pozmağa çalışan qüvvələrin sabit yuvasına çevrilməsinin səbəbi nədir?

Əslində, Azərbaycan xalqını yaşadan ilk növbədə onun mentaliteti, milli-mənəvi dəyərləri, adət-ənənələri, xarakterik xüsusiyyətləridir. Eyni zamanda, Vətənimizin hər bir guşəsinin özünün də xüsusiyyətləri, adətləri vardır ki, bütün bunlar onun fərdiliyini şərtləndirən, digər ərazilərdən fərqləndirən dəyərlər sırasına daxildir. Axı Azərbaycan həm də müxtəlif azsaylı xalqların, etnik qrupların birgə yaşadığı məkandır. Azərbaycan cəmiyyəti də, dövləti də bu fərdiliyə də həmişə hörmətlə yanaşıb, bütün regionların, o cümlədən Bakı kəndlərinin, həmçinin Nardaranın öz yerli adətlərini yaşatmasını məqbul sayıb. Tolerantlıq Azərbaycan cəmiyyətində hər zaman mövcud olub, dövlət də cəmiyyətdəki müxtəlifliyi, rəngarəngliyi qoruyub saxlamağı öz vəzifəsi sayıb. Bu gün heç bir nardaranlı mühafizəkarlığına görə təqib olunduğunu, təzyiqə məruz qaldığını deyə bilməz. Söyləsə belə, kimsəni inandırmağı bacarmaz. Bu kontekstdə meydana başqa bir sual çıxır: “Necə olur ki, yerli ağsaqqalların sözünün Quran ayəsinə bərabər tutulduğu Nardaranda bir yerli sakin deyil, əslən İsmayıllıdan olan şəxs söz sahibinə çevrilir?”. Başqa situasiyada bu sual yersiz görünərdi, Nardaranın timsalında isə sualın haqlı olduğunu bu kəndin sakinləri də təsdiqləyə bilər.

Bir məqam da diqqəti cəlb edir - bu, qısa müddət ərzində Taleh Bağırzadənin itaətsizlik göstərərək polisə tabe olmamasından yaranan ikinci insidentdir. İlk insident İranda türklərin kütləvi aksiyalara başladığı dövrə, ikinci hadisə isə Türkiyə qırıcılarının Rusiya təyyarəsini vurduqdan sonra bölgədə gərginliyin yaşandığı dövrə təsadüf edir. “Təsadüf edir” ifadəsi nisbi xarakter daşıyır, əslində bu, təsadüfə heç oxşamır. Birinci hadisənin təsadüf olduğunu bəlkə də düşünmək olar, amma eyni hadisə, eyni situasiyada ikinci dəfə təkrarlanırsa, burada təsadüf ehtimalı aradan qalxır. Qonşu dövlətlərdə vəziyyət gərginləşən kimi bu ölkələrin Azərbaycandakı “5-ci kolonu”nun boy göstərməsi ənənəsi Hacı Talehlə başlamayıb, Hacı Talehlə də qurtarası deyil. Maraqlı məqam Azərbaycanı bu gərginlik ocaqlarına hansısa formada sürükləmək üçün qurulan ssenarilərdə məkan olaraq məhz Nardaranın seçilməsidir.

Reallıq budu, əgər o münbit mühit olmasaydı, Hacı Talehin ekstremist, terrorçu dəstəsi də özünə yuva qura bilməzdi. Hər kəsə bəllidir ki, qumbara, odlu silahla silahlanıb namaz qılmırlar, təziyədarlıq etmirlər.

Çox açıq deyilməsinə ehtiyac olan bircə cümlə var: Nardaran sakinləri artıq düşünməlidilər, özü də çox ciddi. Niyə hər dəfə bu oyunlar üçün onlar alət edilir, onlar seçilir? Niyə onların kəndi yaşadıqları ölkənin digər kəndlərindən, şəhərlərindən bu qədər fərqlənir? O qara bayraqlar, başqa dildə, başqa əlifbada yazılmış şüarlar Azərbaycanın gerçəyi deyil axı. Bu kənddə müşahidə olunan acınacaqlı mənzərə - insanların geyimi, davranışı, dini ayinlərin İŞİD fanatizmini xatırlatması, zərərli vərdişlərin tüğyan etməsi... Bütün bunlar niyə Azərbaycanın bir guşəsinin - Nardaranın gerçəkliyi olmalıdır? Niyə burada ekstremist ruhlu, İŞİD terrorçularını xatırladan ünsürlər belə asan şəkildə insanları öz təsirləri altına sala bilirlər? Nardarana xaricdən uzanan əllər niyə kəsilmir? Bunlar nə etmək istəyirlər, Bakının bağrında Suriya, İraq mənzərəsimi yaratmaq istəyirlər? Burda dini dövlətmi qurmaq niyyətləri var?

Axı onların adət-ənənələrə bu qədər bağlı olmalarından xarici qüvvələr asanlıqla öz məqsədləri üçün istifadə edir. Məqsəd dəyişmir - Azərbaycanda ajiotaj yaratmaq, sabitliyi pozmaq, məkan dəyişmir - Nardaran. Hər dəfə də bu oyunların bəlasını yerli, heç bir hadisədə günahı olmayan, oyunlardan xəbərsiz nardaranlılar çəkir. Uşaqlar atasız qalır, kənd bir az daha cəmiyyətdən təcrid olunur, yeni, ekstremist qüvvələrin oylağına çevrilir.

Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti "Nardaran sindromu"ndan qurtarmalıdır. Bu problemin daha artıq böyümədən, kökündən həll olunmasına ehtiyac var. Ölkədə heç bir bölgəyə tanınmayan ayrıcalıq Nardarana da tanınmamalıdır.

Dövlət Azərbaycanı Suriyaya, İraqa çevirmək istəyən esktremistlərə, terrorçulara ən sərt üzünü göstərməlidir. Dövlətin polisinə uzanan əl qırılmalıdır. Elə bu dövlətin və cəmiyyətin təhlükəsizliyi üçün bunun edilməsi zəruridir.

Bu mənada Nardaranla bağlı xüsusi tədbirlər həyata keçirilməlidir. Əks təqdirdə bu kəndin adına xarici qüvvələrin təhriki ilə yazılmış ləkəni silmək mümkün olmayacaq. Bu durumun davam etməsi isə ölkədə stabilliyi pozmaq üçün fürsət axtaran qüvvələrdən başqa kimsəyə lazım deyil. Nə dövlətə, nə cəmiyyətə, nə də sıravi vətəndaşlara.

APA Analitik Mərkəzi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.