Türk-Rus müharibəsi: kim uduzacaq? – Reallıqlar və hədəflər

29-11-2015, 09:46           
Türk-Rus müharibəsi: kim uduzacaq? – Reallıqlar və hədəflər
Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiyanın SU-24 təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması ölkələr arasındakı münasibətləri bütün sahələrdə qırılma nöqtəsinə gətirdi. Rusiya Türkiyəyə qarşı “iqtisadi müharibə” elan edib və “sındırılmış qüruru”nu geri qaytarmağa çalışır. Ekspertlər və media isə Türkiyəyə qarşı qəbul ediləcək sanksiyalardan sonra həm Türkiyəyə, həm də Rusiyanın qarşılaşacağı itkiləri hesablamağa başlayıb.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın sanksiyalarından türk iqtisadiyyatı hiss olunan itkiləri yaşasa da, Ankaranın cavabı Moskva üçün kifayət qədər ağır ola bilər.
Ərdoğandan Putinə xatırlatma: “O, olmasın, bu olsun”
Rusiya məmurlarının hədələri kifayət qədər yüksək tonda səslənir və bildirilir ki, Türkiyə iqtisadiyyatını turizmdən atom energetikasına qədər ağır sanksiyalar gözləyir. Moskvanın fikrincə, rus turistlərinin yaratdığı boşluğu doldurmaq və Rusiyaya ixrac etdiyi milyonlarla ton meyvənin istehlakçısını əvəzləmək Türkiyə üçün çətin olacaq. Amma “İnterfask” qeyd edir ki, istənilən qadağanın gətirəcəyi zərərlər ikitərəflidir: “Problemlər Rusiya üçün də qaçılmazdır. Yalnız turizm şirkətləri və yük təyyarələri deyil, həm də kənd təsərrüfatı məhsullarının idxalatçıları zərər çəkəcək. Artıq milyardlarla dollar sərmayənin qoyulduğu “Akkuyu” Atom Elektrik Stansiyası kimi layihələr təhlükə altında qalır”.
Bundan başqa, Türkiyə Rusiya şirkətləri üçün ən böyük satış bazarıdır. Yalnız neft və təbii qaz deyil, həm də metallar, kömür, buğda və digər mallar üçün. Rusiyanın Türkiyəyə ixracı əks istiqamətdə ixracdan beş dəfə çoxdur.
Faktiki olaraq, Türkiyə ilə qarşılıqlı ticarət çərşənbə günü dayandırılıb. Rəsmi şəkildə elan edilməsə də Rusiya gömrüyü türk məsullarının 100 faiz yoxlanılmasına başlayıb. Noyabrın 26-da televiziyaya müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin başçısı Aleksandr Tkaçov Türkiyəni əvəz edəcək ölkələrin adını açıqladı. Noyabrın 25-də isə elan olundu ki, hökumət “türk istehsalçıları tərəfindən normaların dəfələrlə pozulmasını nəzərə alaraq” Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinə (“Rosselxoznadzor”) Türkiyədən kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına nəzarəti gücləndirməyi, həmçinin sərhəddə və istehlak yerlərində əlavə yoxlamaları təşkil etməyi tapşırıb.
Amma bu yalnız müqəddimə idi. Baş nazir Dmitri Medvedev sanksiyalar üzrə dövlət proqramından danışdı: “Biz Yekaterinburqda prezidentlə bu məsələni müzakirə etdik. Hökumətə iqtisadi və humanitar sferalarda təcavüzün aktına münasibət göstərmək üçün tədbirlər planının hazırlanması tapşırılıb. Qərarlar 2006-cı il 30 dekabr tarixində qəbul edilən “Xüsusi iqtisadi ölçülər Haqqında” qanuna əsasən qəbul ediləcək. Bu qanun, faktiki olaraq, məlum vəziyyətlərə hesablanıb. Tədbirlər planında iqtisadi əməkdaşlıq proqramlarının reallaşdırılmasının dayandırılması, maliyyə əməliyyatları üzrə məhdudiyyətlər, xarici ticarət sazişləri üzrə məhdudiyyətlər, gömrük rüsumları üzrə dəyişikliklər, turizm sferasına təsir, daşınmalar, tranzit rüsumları, hava və su gəmilərinin yerdəyişməsi, humanitar əlaqələr və nəhayət işçi qüvvəsindən istifadəyə dəyişiklikləri nəzərdə tutur”.
Xüsusi ölçülər haqqında qanun Rusiyanın Türkiyədə iki böyük meqalayihəni – “Türk axını” qaz kəməri və “Akkuyu” Atom Elektrik Stansiyası layihələrini təhlükə altına qoyur. İqtisadi İnkişaf Nazirliyinin başçısı Aleksey Ulyukayev jurnalistlərlə söhbətində etiraf edib ki, sözügedən layihələrin “sağ qalma” şansları olduqca azdır.
Amma belə görünür ki, sözügedən meqalayihələrin ləğv edilməsi təhlükəsi Ankaranı ciddi narahat etmir. “Türk axını” ləğv olunsa, Rusiya 63 milyard kubmetr qazın Türkiyə marşrutu ilə Avropaya çıxarmaq perspektivindən məhrum ola, nəticədə bütövlükdə Cənubi Avropa üzərində enerji təsirini də itirə bilər. “Akkuyu” layihəsinə gəlincə, Ankara bu fikirdədir ki, bu məsələdə itirən məhz Rusiya olacaq. “Onlar bu layihəyə artıq 3 milyard dollar qoyublar. Əgər ruslar “Akkuyu” Atom Elektrik Stansiyasını inşa etməsə, onu başqaları edəcək. Tarixdə belə nümunələr də var. Rusiya almanların tikintisini dayandırdığı İranın “Buşehr”Atom Elektrik Stansiyasını tikib qurtardı”, – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Pomidor və xiyar əvəzinə neft
Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Türkiyədən Rusiyaya 3,06 milyard, əks istiqamətdə isə 15 milyard dollarlıq məhsul ixrac edilib. Türkiyə ixracının ən böyük hissəsini pomidor (9 ay ərzində 281,3 milyon dollar), avtoehtiyat hissələri (136,1 milyon dollar), sitrus meyvələri (134,9 milyon dollar), ərik, albalı, gilas, şaftalı, gavalı (94,4 milyon dollar), geyim (124 milyon dollar), üzüm (69,2 milyon dollar), minik avtomobilləri (53,4 milyon dollar) və dəri ayaqqabıları (42,8 milyon dollar) təşkil edir.
Rusiya Türkiyədən 360 min tondan çox pomidor, 250 min ton sitrus meyvələri, 100 min tondan çox üzüm, təxminən 80 min ton ərik və şaftalı, 40 min ton sarımsaq, 17 min ton xiyar, həmçinin alma, armud, heyva, kələm, xurmalar, əncir, istiot, zəncəfil və digər bitki məhsulları idxal edib.
Quş əti (9 ay ərzində 20,7 min ton), təzə balıq (9 ay ərzində 6,1 min ton), donmuş balıq (1,4 min ton) idxal edilən ət məhsullarının əsas hissəsini təşkil edir.
Rusiyanın ixracında isə əsas yeri neft və neft məhsulları (2,8 milyard dollar), qara metal, polad və yarımfabrikatlar (1,77 milyard dollar), mis və alüminium (835 milyon dollar), kömür (543 milyon dollar), buğda (362 milyon dollar), günəbaxan yağı (324 milyon dollar), gübrələr (163 milyon dollar) və dəmir filizi (101 milyon dollar) tutur. İxrac olunan təbii qazın dəyəri isə açıqlanmır.
Ekspertlər hesab edir ki, dünyanın ən böyük polad istehsalçılarından biri və Rusiyada poladəritmə sektorunun lideri olan “MMK” şirkətlər qrupu Türkiyəyə qarşı sanksiyalardan ciddi zərər çəkə bilər. “Barclays”ın analitikləri qeyd edirlər ki, Türkiyə regiondakı ən böyük bazarlardan biridir. Şirkətlər qrupunun bu ilin yanvar-oktyabr aylarında istehsal etdiyi poladın 6 faizindən çoxu Türkiyəyə göndərilib. Düzdür, “MMK” zərəri Türkiyədəki zavodu ilə qismən kompensasiya edə bilər. Türkiyədəki “MMK Metalurji”nin istehsal gücü ildə 2,3 milyon ton təşkil edir. Amma zavodun Ankaranın qəzəbinə tuş gəlməyəcəyinə kim zəmanət verə bilər?
Həmçinin, Rusiyanın “Metalloinvest” şirkəti Türkiyəyə metallurgiya məhsullarını çatdırır. Türkiyə Yaxın Şərqdə şirkətin əsas müştərisidir.
Rusiyada alternativlər axtarmağa başlayıblar
Rusiyada iddia edirlər ki, sanksiyaların qəbul ediləcəyi halda türk məhsullarına operativ şəkildə əvəz tapa biləcəklər. Amma çətinliklər balıq, meyvə və tərəvəzlər məhsulları ilə bağlı yarana bilər. “Auchan” şirkətinin xarici kommunikasiyaları üzrə direktoru Mariya Kurnosova “İnterfaks”a deyib ki, Türkiyənin tərəvəz və meyvələrini Mərakeş, İsrail və Çin məhsulları ilə əvəz etmək olar, ancaq logistikanın yenidən qurulmasında çətinliklərin ortaya çıxması istisna edilmir. Onun sözlərinə görə, hazırda “Auchan” türk təchizatçılarının əvəz edilməsi imkanlarını araşdırır, amma sanksiyaları haqqında rəsmi elana qədər ciddi təşəbbüslər olmayacaq.
“Metro Cash & Carry” şəbəkəsinin tərəvəz və meyvələr kateqoriyasında türk məhsullarının payı təxminən 25 faiz təşkil edir. “Diksi” mağazalar şəbəkələrində isə tərəvəz və meyvələr kateqoriyalarında türk məhsullarının payı mövsümdən asılı olaraq bəzən 50 faizi ötür. “Diksi”nin xarici əlaqələr üzrə direktoru Yekaterina Kumanina vəziyyəti diqqətlə müşahidə etdiklərini və dəyişən şərtlərə uyğunlaşmağa hazır olduğunu deyib.
Kənd Təsərrüfatı Nazirliyinin başçısı Aleksandr Tkaçovun sözlərinə görə, Türkiyənin yerini tutmaq üçün meyvə-tərəvəz təchizatçıları “növbədə dayanıblar”. “İnterfaks” agentliyi isə 2014-cü ili xatırladır. Bildirilir ki, Rusiya Kanada, ABŞ və Avropa ölkələrinə qarşı cavab sanksiyaları tətbiq edəndə də hakimiyyət belə bir “növbə”dən xəbər verirdi. Agentlik qeyd edir ki, alternativ təchizatçıların Rusiya bazarına yüksək marağı da ərzaq məhsullarının qiymət artımının qarşısını ala bilmədi.
Kənd Təsərrüfatı Nazirliyinin başçısı həmçinin əminliyi ifadə edib ki, əgər Türkiyə Rusiya buğdasını almaqdan imtina edərsə, alternativ satış bazarları tapılacaq.
Hər halda həm Rusiya, həm də Türkiyə sanksiyalar dövrünə hazır olduğunu açıq şəkildə ifadə edirlər. Rusiya hökuməti bu məsələdə israrlı olduğunu büruzə versə də, ekspertlər Rusiyanın itkilərinin daha çox olacağı barədə xəbərdarlıq edirlər. İtkilərin miqyasını isə sanksiyaların qəbulundan sonrakı ilk günlərdə daha dəqiq hesablamaq mümkün olacaq.
Ömər Dağlı, publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.