Mənzil bazarında vəziyyət: Qiymətlər necə dəyişib?

3-06-2021, 22:53           
Mənzil bazarında vəziyyət:
Martın sonundan etibarən mənzil qiymətləri, 12 aylıq dövrdə ortalama 7,3 faiz artaraq yenidən "köpük" riskini gündəmə gətirib.

Müvafiq dövrdə mənzil qiymətlərində ən yüksək artım müşahidə edilən ölkə Türkiyə olub.

Qlobal qiymətlərdə bu artım 2006-cı ilin son rübündən bəri ən yüksək səviyyə kimi qeydə alınıb. Bu vəziyyət, 2008-ci il qlobal maliyyə böhranının kökündə dayanan mənzil sektorundakı fəallığa diqqət çəkib.

Mülk və ticari daşınmaz əmlak məsləhət şirkəti "Knight Frank" tərəfindən hazırlanan qlobal mənzil qiymətləri indeksinə görə, müvafiq dövrdə mənzil qiymətlərində ən yüksək artım olan ölkə Türkiyə bu dövrdə mənzil qiymətləri 32 faiz artıb.

Türkiyəni 22,1 faiz artımla Yeni Zelandiya, 16,6 faiz artımla Lüksemburq izləyib. ABŞ-da mənzil qiymətləri də eyni dövrdə 13,2 faiz artıb və 2005-ci ildən bəri ən sürətli artım olub.

Pandemiyanın yaratdığı səhiyyə böhranına qarşı pul və maddi təşviqlərlə iqtisadiyyatları dəstəkləmək dünya miqyasında əmlak bumuna səbəb oldu. "Köpük" narahatlıqları artdıqca, bəzi ölkələr daşınmaz əmlak bazarlarını yumşaltmaq üçün addımlar atırlar. Yeni Zelandiya əmlak investorları üçün vergi güzəştlərini geri götürdü.

Çin daşınmaz əmlak istehsalçılarından tutmuş bank kreditlərinə qədər müxtəlif sahələrdə addımlar atıb. "Knight Frank"ın hesabatında, bir çox ölkədə ilin sonunda təşviqlərin sona çatması ilə alıcıların enerjisinin aşağı ola biləcəyi, yeni virus variantları və peyvənd kampaniyalarının qiymətlərə aşağı təzyiq göstərə biləcəyi ifadə edilib.

Asiyada ən böyük qiymət artımı 6,1 faiz ilə Sinqapurda olduğu halda, ən bahalı əmlak bazarı 2,1 faiz artımla Honq-Konqda oldu. Qeyd edək ki, "Knight Frank" indeksi 56 ölkənin və bölgənin qiymətləri ilə ölçülür.

Bu gün Azərbaycan mənzil bazarında da qiymətlər kifayət qədər yüksəkdir.

Qlobal bazarda qiymət artımı istiqamətində yumşalmalar üçün müəyyən tədbirlər həyata keçirilir. Ölkəmizdə bu sahədə qiymət artımını yaradan səbəblər nədir və bu istiqamətdə hansı tədbirlər həyata keçirmək olar.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, qlobal mənzil bazarına nəzər salsaq ümumiyyətlə, Türkiyə bir neçə il öncə qanunlarında çox ciddi dəyişiklik etdi:

"Türkiyədə xarici vətəndaş torpaq sahəsi ala, öz mülkiyyətinə çevirə bilməzdi. Həmin qanunları ləğv elədi və xarici ölkə vətəndaşları üçün açıq bazar elan etdi. İstənilən xarici ölkə vətəndaşı gedib oradan torpaq sahəsi, villa, həyət evi alıb, yaşaya bilər və onun mülkiyyətçisi ola bilər.

Bizdə bu belə deyil, yerli vətəndaş ala bilir, ancaq xarici vətəndaş torpaq sahəsi ala bilmir. Xarici vətəndaş həyət evi ala bilir, onun üzərindəki tikili mülkiyyətinə çevrilir, ancaq torpaq sahəsi istifadəsində olur. Bu gün bizdə Bakı, Xırdalan, Sumqayıt, yaxud hər hansı bir bölgəni götürsək, qiymətlərə baxsaq, eyni şirkət həmin binanın birini Bakının mərkəzində, birini mərkəzdən kənarda, digərini Xırdalanda tikir. Eyni layihə, eyni binadır. Xırdalanda nisbi bir rəqəmlə məsələn, 800 manata, Yasamalda 1300 manata, mərkəzdə 3 min manata tikir.

Yəni ortalama hər birindən qazancı eynidir. Burada qiyməti artıran torpaq sahələrinin baha olmasıdır. Bakının mərkəzində çoxmənzilli binalar üçün tikintiyə yararlı torpaq sahələri yoxdur, olan da fantastik qiymətlərədir. Tikinti xərcləri, layihələndirmələr də əlavə xərclərdir ki, gəlir həmin ümumi məbləğin üstünə və məcburən qiyməti artırır. Bu baxımdan bizdə qiymətlərin aşağı düşməsi üçün ən birinci qiyməti artıran amillər yalnız torpaq deyil, tikinti materiallarının baha olmasıdır.

Bura dövlət dəstəyi lazımdır. Məsələn, "Ağ şəhər" layihəsini götürsək, ən uğurlu layihə oldu. Dövlət köçürmə etdi, hazır layihəni çəkdi, təsdiqlədi və tikinti şirkətlərinə verdi. Bu gün orada kvadratı 1300-1400 manata da ev var və o ərazi üçün çox ucuzdur. Çünki bunların xərcləri çox az olub. Bu baxımdan istər vergilər, rüsumlar, ölkəyə gələn tikinti materialları olsun, bunlar hamısı toplandıqda qiymətlərə təsir edəcək.

Məsələn, Yasamal rayonu ərazisində MİDA binalarını götürsək, eyni ərazidə 500-600 metr yaxın məsafədə kvadratı 1300-1500 manata satılır. Ancaq onlar 850-900 manata satılır və çox böyük fərq var. Fərq ona görədir ki, o torpağı dövlət pulsuz verir və bu da qiymətə 50-60 faiz təsir edir. Bizdə nə qədər tikinti işləri çoxalsa da, tələbat var. Tələbat olmasa, tikinti şirkətləri tikməzlər".

Ekspert deyir ki, bu gün mənzillərin satılmasında da müəyyən problemlər var:

"Məsələn, bunlardan biri mənzillərin kreditlə satıla bilməməsidir. Yeni tikilmiş, tikilməkdə olan binaların ipoteka predmetinə çevrilə bilməməsidir. Adi çıxarışlı mənzillər olanda onu ipotekaya salıb 20-25 ilə qədər ödəmələri uzatmaq olur, ancaq müqaviləli mənzil olduğuna, mülkiyyət hüququ olmadığına görə, ipoteka predmeti olmur.

Bu baxımdan da əgər müqaviləli mənzillərə hansısa bir rəsmiyyət verilsə ki, banklar tərəfindən tanınsın, qəbul olunsun, bu da bazarın canlanmasına təsir edə, şirkətlərə dəstək ola bilər. Ümumilikdə qiymətlərin dəyişməsi, ərazidən, dövlət rüsumlarından asılıdır. Bütün şirkətlər tikinti materiallarını eyni yerdən, eyni qiymətə alırlar. Tikinti xərclərində fərq yoxdur, sənədləşmə, torpaq sahələri və digər xərclər qiymətin artmasına gətirib çıxarır".

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.