Qızıl 3 dəfə bahalaşdı – VİDEO – FOTO
9-09-2016, 08:57
“Qızıl qiymətinə” ifadəsi hamıya tanışdır. Doğrudan da son vaxtlar bu dəyərli metalın qiyməti elə qalxıb “dəvə belinə”. Ötən illə müqayisədə 2-3 dəfə bahalaşma qeydə alınıb. Qızılın qiyməti indi əyarından asılı olaraq qramı 60-80 manata təklif olunur.
Sadiq Nəcəfov- satıcı: “Hazırda dolların bahalaşmasıyla bağlı rus qızılının lomunun dəyərini 41 manatla alırıq. Satışını isə 45-50 manat arasında aparırıq. 65 manata qədər 585 əyarı olan türk qızılının satışıdır. 70-80 manat arasında 750 əyarlı İtaliya qızılını satırıq”.
Bəli, bu gün Gəncənin qızıl satışı məntəqələrində bu metalın real satış qiyməti belədir. Alışı əyarından asılı olaraq 41-55 manat, satışı isə 50-80 manat arasında dəyişir. Hər keçən gün də qızıl bazarında qiymət artımı qeydə alınır, əhalinin alıcılıq qabiliyyətinin əksinə olaraq…
Sadiq Nəcəfov- satıcı: “Əvvəllər həftəyə 4-5 ədəd 100 qramlıq mal satırdıqsa, indi 100 qramlığa ümumiyyətlə tələbat yoxdur. Çox baha gəldiyinə görə, alıcı qüvvəsi yoxdur”.
Qiymətin yüksək olması əllərindəki qızılı real pula dəyişənlərin işinə yarayır. Satıcılar deyir ki, elə bazarda canlanma yaradan da məhz onlardır. Bir də xeyir iş üçün qızıl-zinət əşyalarına üz tutanlar.
Alıcı: “Toy üçün nişan üzüyü alıram. Qiyməti 500 manatdır”.
Alıcı: “Nişan mərasimi təşkil edəcəyik, onun üçün üzük seçirik”.
Alıcı: “Qızımı köçürürəm, ona 3 qramlıq hədiyyəlik alıram”.
Ekspertlər artan qiymətləri dünya bazarında qızıla olan tələbatla əlaqələndirir.
Məsim Abadov- müstəqil ekspert: “Bu gün dünyada baş verən iqtisadi proseslər fonunda maliyyə qurumları vəsaitlərini qorumaq üçün qızıl yatırımına üstünlük verirlər. Bu zaman artan tələbat qızılın qiymətində bahalanmaya səbəb olur. Bu da, təbii prosesdir”.
2006-cı ildən daşınmaz əmlak bazarında sürətli qiymət artımı səbəbiylə qiyməti düşən qızıl 2015-ci ildən – dünya bazarında neftin ucuzlaşması fonunda öz dəyərinə qovuşub.
Analitiklər mövcud tendensiyanın davam edəcəyi halda sarı metalın daha da bahalaşacağı fikrindədirlər. Odur ki, hazırda qızıla yatırım etməyə dəyər. (Region TV)