Azərbaycanda milyonçular niyə xəsisdirlər?
17-09-2016, 15:46
İnformasiya texnologiyaları nəhəngi Microsoftun qurucusu Bill Qeyts var-dövlətinin 95%-ni xeyriyyə məqsədilə ehtiyacı olanlara paylayacaq. Qeyd edək ki, o, 80 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamlarından biridir.
İtaliya mətbuatına danışan 60 yaşlı milyarder deyib ki, sərvəti onun ehtiyacından qat-qat artıqdır və onun 95 faizindən, ümumiyyətlə, istifadə etmək perspektivi görmür. "Uşaqlarıma yaxşı təhsil alma imkanı yarada bildiyim və onların həyatları boyunca pulla bağlı probleminin olmayacağını təmin edə bildiyim üçün özümü xoşbəxt hiss edirəm. Amma bu pulun 95 faizi, yəni 76 milyardı yenə də mənim və onların ehtiyacından çoxdur. Mən bu pulu başqalarına yardım etmək məqsədi ilə istifadə edə bilərəm".
Qeyd edək ki, Bill Qeyts 2007-ci ildən bəri 38 milyard dollarlıq xeyriyyə fəaliyyəti göstərib. Bu pullar ümumilikdə 6 milyon insanın həyatına kömək edib.
Xatırladaq ki, Azərbaycanda da yetərincə, milyarder insanlar var, lakin onların heç birindən biz bu cür xeyriyyəçilik təşəbbüsü görməmişik. Bəs, görəsən, niyə Azərbaycanın varlı insanları imkansızlara yardım etmir, sərvətinin bir hissəsini messenantlığa ayırmır?
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, inkişaf etmiş ölkələrdə bu, artıq ənənə halını alıb: "Xarici ölkələrin təcrübəsi göstərir ki, imkanlı insanlar xeyriyyə məqsədilə külli miqdarda vəsaitlər sərf edirlər.
Məsələn, Soros Fondu dünyanın ən müxtəlif yerlərində demokratiyanın inkişafı üçün vəsaitlər sərf edir. Ancaq çətin ki, Azərbaycanda hansısa milyarder bu barədə düşünə. Dünyanın hansısa nöqtəsində demokratiyanın olub-olmaması və ya dünyanın gələcəyi onları maraqlandırmır. Azərbaycanda bu cür xeyriyyəçiliyin olmamasının müxtəlif səbəbləri var.
Birincisi, bu ictimai tərbiyə ilə bağlı olan məsələdir. Tarixdə Azərbaycanın xeyriyyəçiləri çox olub. Məsələn, Hacı Zeynalabdin Tağıyevin əməlləri hələ də insanların yaddaşındadır. Bu gün isə Azərbaycanda bu ənənə yoxdur".
Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri də ölkədə imkanlı insanların bir çoxunun gəlirlərinin qeyri-leqal yolla əldə etməsidir: "Bir çoxları korrupsiya ilə, qanunları pozmaqla, qeyri-leqal fəaliyyətlə, xəyanət yolu ilə bu vəsaitləri əldə ediblər. Cinayət yolu ilə əldə olunan vəsaitin xeyriyyə məqsədilə istifadə olunması da arzuolunan deyil. Azərbaycan müstəqillik qazandıqdan sonra kifayət qədər sürətlə təbəqələşmə getdi. Kasıb təbəqəyə məxsus olan insanların sayı sürətlə artdı. Bu zaman dövlətin də sosial təminat imkanları zəif idi. Sahibkarlarda, biznesmenlərdə isə koorporativ sosial məsuliyyət ənənəsi yoxdur. Digər tərəfdən qeyri-leqal yollarla qazanılmış pulların xərclənməsi onlar üçün hansısa problemlərə yol aça bilər".
R.Həsənov vurğuladı ki, bu istiqamətdə müzakirə olunan məsələlərdən biri maliyyə amnistiyasının verilməsidir: "Milyarderlər əllərində olan illeqal vəsaitləri tamamilə leqallaşdıra bilsələr, sonradan onun müəyyən hissəsini xeyriyyəçilik məqsədilə də istifadə edə bilərlər. Ancaq inanmıram ki, onların çoxunun içində bu istək var". (musavat.com)